Sizin reklam burada

PFL hər turun bir oyununu canlı yayınlayacaq

Baxış Sayı:243


Elgiz Abbasov: “Bu gün elə dövrdəyik ki, artıq günlər yox, saatlar müzakirə mövzusudu”
Operativ Qərargahın məlum qərarından sonra PFL dünən qalan turların təqvimini açıqladı. Mövsümün son 8 turu eyni gündə keçiriləcək. Niyə belə? Yayın məsələsi necə tənzimlənəcək, karantin rejimi ilə bağlı premyer-liqa klubları hansı şərtlərə əməl etməyə borcludular? Bu və başqa məsələlər, eləcə də birinci divizionun taleyi ilə bağlı yığılıb qalan suallara aydınlıq gətirmək üçün qurumun texniki idman şöbəsinin rəisi Elgiz Abbasovla danışmağı lazım bildik.
- Öncə PFL rəsmisi olaraq, “Futbol+”ə belə ağır aralıqda ölkə futbolunu gündəmdə saxladığına və işıqlandırdığına görə təşəkkür edirəm. Bir az əvvələ qayıtmaq istəyirəm. Biz 7 ildən artıqdı ki, Avropa Peşəkar Futbol Liqalarının (APFL) üzvüyük. COVID-19 pandemiyası ortaya çıxandan sonra APFL bütün üzvlərin daxil olduğu və müasir dünyada çox istifadə olunan “vatsap” qrupu yaratdı və bütün üzvlər ölkəsindəki mövcud durumla bağlı fikilərini bildirdi, müxtəlif variantlar üzərində danışıqlar oldu. Bu aralıqda üç videokonfransımız baş tutub və həmin müzakirələr zamanı bizimlə yanaşı, başqa ölkələrin də müxtəlif təklifləri olub. Müzakirələr zamanı ən optimal variantları gözdən keçirib, başqa ölkələrin təcrübəsini müzakirə etmişik və öz klublarımıza bu haqda məlumat vermişik. Hansı addımların atılmasının zəruri olduğunu bildirmişik. Normalda mövsüm mayın 31-nə qədər bitməliydi. Bilirsiz ki, artıq neçə ildi biz “futbol ili”ni mayın 28-də başa çatdırırıq. Ancaq təəssüf ki, bəlli səbəbdən bu il bunu edə bilməyəcəyik.
- Müqaviləsinin müddəti bitən futbolçuların məsələsi necə tənzimlənəcək? Klublar hansı addımı atacaqlar?
- Əksər klublarda futbolçu ilə müqavilə çempionatın sonuna qədər bağlanılır. Onu da bilirik ki, çoxlarında bu problem var. Bu məsələnin həlli üçün beynəlxalq standartlara uyğun müqaviləyə əlavə hazırlamışıq və klublara göndərmişik. Biz bunu bir müddət öncədən etmişdik ki, çempionat bərpa olunacağı təqdirdə klublar problemlə üzləşməsinlər və rahat şəkildə işlərini görsünlər. Onu da qeyd edim ki, müqavilə forması iki dildə - Azərbaycan və ingilis dillərində hazırlanıb.
- Klublar Komitəsinin son toplantısında ancaq premyer-liqa təmsilçiləri ilə bağlı müzakirələr aparıldı. Bəs birinci divizionun taleyi necə olacaq? Bununla bağlı iclasda nə müzakirə aparıldı, nə də PFL açıqlama verdi...
- AFFA, PFL və Klublar Komitəsinin birgə keçirdiyi iclasın prioritet mövzusu premyer-liqa və ölkə kubokunun bərpası ilə bağlı müzakirələr idi. Toplantının yekunu ilə bağlı AFFA və PFL-in rəsmi saytında ətraflı məlumat yerləşdirilib. Birinci divizionun aqibəti ilə bağlı hələ ki konkret qərar yoxdu. AFFA ilə birgə bu məsələ də müzakirə olunur. Konkret qərara gəlincə, yaxın günlərdə ictimaiyyətə ətraflı məlumat veriləcək. İclasda ümumi rəy belə oldu ki, qısa vaxtda təqvimi hazırlayaq. PFL-in bütün departamentləri bu işə cəlb olundu və 6-7 variant üzərində işlədik. Nəticədə ortaya ictimaiyyətə təqdim olunan təqvimi qoyduq.
- Açıqladığınız təqvimdə premyer-liqada hər turda bütün oyunların eyni gündə keçiriləcəyini görürük. Niyə bütün matçların bir gündə təşkilinə qərar verdiz?
- Normal, həftəlik qrafikdə komandaların 6-7 gündən və ya 5-6 gündən bir meydana çıxmasında problem yoxdu. Amma komandaların 3-4 gün interval ilə çempionat oyununa çıxması çox ciddi problemdi. Bu gün elə dövrdəyik ki, artıq günlər yox, saatlar müzakirə mövzusudu. Komandalara verilməli olan yükləmə və istirahət balansını nəzərə alaraq, matçların bir gündə keçirilməsinə qərar verdik.
- Bəs yayın məsələsi necə olacaq? Premyer-liqanın yayın hüququna malik olan “CBC Sport” pandemiyadan əvvəl turun bütün oyunlarından canlı yayın təşkil edirdi.
- Oyunların ikisi yayın hüququna malik telekanal tərəfindən canlı yayınlanacaq. Bilirsiz ki, PFL olaraq klublarımızın Antalyada təlim-məşq toplanışlarında keçirdikləri yoxlama görüşlərindən canlı yayın təşkil edirdik. Eyni zamanda birinci divizion görüşlərindən də PFL-in saytı vasitəsi canlı yayın təşkil etmişik. Məlum durumu nəzərə alaraq, PFL-in Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Aslan Şahgəldiyevlə danışmışıq. Hər turun bir qarşılaşmasını da futbolsevərlərin qurumun “yutub” kanalı vasitəsi ilə canlı izləmək imkanı olacaq. İndi elə vaxtdı ki, nəyisə qazanmaq üçün nəyisə qurban verməliyik. Bu üzdən hər tur hansısa oyunu qurban verməli olacağıq. Amma bu “qurban vermə” klublar üzrə bərabər paylanılacaq. Tutaq ki, bir tur hansısa komandaların qarşılaşması “oyundankənar vəziyyətdə” qalacaqsa, növbəti oyun həftəsində növbə başqasının olacaq. Yəni bütün komandaların azarkeşləri üçün şərtlər eyni olacaq.
- Çempionatı bərpa olunan Avropa ölkələrində yarışı təşkil edən qurum klublara müəyyən şərtləri yerinə yetirmək tələbi qoyub. PFL-in şərtləri necə olacaq? Bu haqda da məlumat verməyinizi istərdik.
- COVID-19 elə bir bəladı ki, hamımızın həyatına yeniliklər gətirib. Yeniliklər heç də müsbət deyil. Bizim üçün insanların sağlamlığı hər şeydən önəmlidi. Bu üzdən klublara tövsiyələr edəcəyik. Bəzi məqamlar var ki, Əsasnaməyə rəsmi qərar olaraq əlavələr şəklində qəbul olunacaq. Qısa vaxtda tələblərimizi premyer-liqa təmsilçilərinə göndərəcəyik və onlardan buna əməl etmələrini istəyəcəyik. İlk turlar birmənalı olaraq azarkeşsiz keçiriləcək. Sual oluna bilər ki, növbəti mərhələlərdə azarkeşlərlə bağlı hansı qərar qəbul oluna bilər? Onu deyə bilərəm ki, bu məsələni ancaq Nazirlər Kabineti yanında Operativ Qərargahın qərar və tövsiyələrinə uyğun şəkildə dəyişə bilərik. İndiki məqamda dəqiqdi ki, çempionata azarkeşsiz başlayırıq.
- Çempionat matçlarında iki komandanın üzvlərindən və rəhbərliyindən başqa kimlər iştirak edə bilər? Media nümayəndələrinin görüşlərdə iştirakına icazə veriləcək?
- Çempionat görüşlərinə ancaq oyunların təşkilinə və qiymətləndirilməsinə cavabdehlik daşıyan şəxslərin gəlməsi mümkündü. Eyni zamanda jurnalistlərin də müəyyən qaydalar çərçivəsində oyunlarda iştirakına imkan yaratmağı düşünürük. Böyük ehtimalla buna şərait yaradılacaq. Ancaq bu qaydalar necə olacaq, hansı şərtlərlə reallaşacaq? Bu suallar ətrafında düşünürük. Bu gün də bu haqda düşünür, müzakirələr aparırıq. Məqsədimiz odu ki, media nümayəndələri çempionat görüşlərində stadionda olsunlar və üzərlərinə düşən missiyanı yerinə yetirməkdə çətinliklə üzləşməsinlər. Klublara təlimatı da qısa vaxtda göndərəcəyik.
RƏŞAD

Oxşar xəbərlər
SON XƏBƏRLƏR