Sizin reklam burada

“Pulsuz oynamağı ağlımdan keçirə bilmərəm”

Baxış Sayı:268


Geryeyə agenti “Qarabağ”la bağlı sual verib
Vild-Donald Geryenin “Neftçi”yə gəlişi hər nə qədər gözlənilməz alınmışdısa, gedişi də bir o qədər təəccüb doğurdu. Adamın klubla müqaviləsinin müddəti başa çatmışdı - bu öz yerində. Amma müqavilə müddəti bitən tək o deyildi axı. Başqaları da iyunun 1-də azad agent statusuna yiyələnə bilərdilər, amma qarşıdakı 8 oyunda komandaya kömək etməyi qərara aldılar.
Yalnız Gerye peşəkarlığı əsas gətirib, sənəd üzərindəki mayın 31-i tarixini ön plana çəkdi. Bununla da “Neftçi”dən ayrılması ilə bağlı ona söz deyənlərin önünü kəsmiş oldu. Təcrübəli müdafiəçi artıq yeni iş yeri haqda düşünür, “ağ-qaralar”dan ayrıldığı dəqiqləşib. Amma ortaya çıxan bəzi suallar var ki, onlara aydınlıq gətirmək üçün səbəbkarla əlaqə saxladıq.
- “Neftçi”dən ayrıldığını bəyan etmisən. Hər şey bu qədər asan oldu?
- Burda çətin bir şey yox idi. “Neftçi”ylə müqavilə bağlayanda şərt kəsmişdik. “1+1” şərti ilə anlaşmışdıq və orda qeyd olunmuşdu ki, mövsüm ərzində 20-dən çox oyunda forma geyəcəyim halda növbəti 1 illik müqavilə avtomatik qüvvəyə minəcək. Əks təqdirdə, məsələ qarşılıqlı razılıq əsasında həllini tapmalıdı. Lakin iş elə gətirdi ki, anlaşmamın müddəti başa çatana qədər səhv etmirəmsə, 14 matçda iştirak etməli oldum. Belədə “+1” şərti qüvvədən düşdü. Ona görə də komandanı tərk etməyimdə heç bir problem qalmadı. Mayın 31-də müqaviləmin müddəti başa çatdı və ayrıldım.
- “Neftçi” rəhbərliyi qərarına necə yanaşdı?
- Rəhbərlik daha iki ay komandaya kömək etməyimi istəyirdi. Lakin bu mümkünsüz idi. 2 ay pulsuz oynasam, heç kim gələcək həyatıma zəmanət verməyəcək. Heç kim zədədən “sığortalanmayıb”. Ona görə də rəhbərliklə söhbətdə pulsuz oynaya bilməyəcəyimi bildirdim. Futbol mənim işimdi, peşəmdi. Mən bu işlə pul qazanıram, ailəmi dolandırıram. Ona görə də pulsuz oynamağı ağlımdan keçirə bilmərəm.
- “Neftçi” normal şərtlərlə daha birillik müqavilə təklif etsəydi, qalacaqdın?
- (fikirləşir) Sözün düzü, yox. Çünki daha maraqlı görünən başqa təkliflərim də var. Onları nəzərdən keçirməmiş tələsik qərar vermək istəməzdim.
- Elə danışırsan, sanki “Neftçi”dən ayrılacağın günü - mayın 31-ni səbirsizliklə gözləyirdin.
- Belə deməzdim. “Neftçi”yə gəldiyim ilk gündən hamı mənə isti davranmışdı, xoş münasibət görmüşdüm özümə qarşı. Sanki neçə illərdi məni tanıyırlarmış kimi münasibət göstərirdilər. Sona qədər də bu cür oldu. Sadəcə, mən həmişə peşəkarlığa önəm verən insanam. Müqaviləmin müddəti bitibsə, ya getməliyəm, ya da yeni şərtləri müzakirə etməliyəm. İndiki durumda getməyi üstün tutdum.
- Martın əvvəlindən mayın sonuna qədər, yəni təxminən 3 ay kollektiv məşqlər və oyunlar olmasa da, maaşınız verildi. Martla aprelin əməkhaqqısı köçürülüb, mayın məvacibini də alacaqsız. Belədə qarşıdakı 2 ayı pulsuz oynamaq olmazdı?
- Dediyim kimi, mən peşəkaram, müqavilədə göstərilən şərtlərə uyğun addım atıram. 3 ay futbolsuz qalmağımız mənim günahım deyildi. Mənlik bir şey olsaydı, razıyam, qalıb pulsuz oynayardım. Amma məndən asılı olmayan səbəbdən futbol dayanıbsa və həmin müddətdə mən məşqlərimi davam etdirmişəmsə, məşqçilərin tapşırıqlarına uyğun addım atmışamsa, deməli, klubun rəsmisi kimi davranmışam, peşəkarlığımı qorumuşam. Deməyim odu ki, həmin aylarda boşuna pul almamışam. Şərtlər müqaviləmdə yazılanlara uyğun yerinə yetirilib.
- Klubun mətbuat katibi Rüstəm Allahverdiyev bəndənizlə söhbətdə mayın maaşından imtina etdiyini bildirdi. Yəni ötən aya görə məvacib almayacaqsan.
- Rüstəm klub rəsmisidi, hörmət etdiyim şəxsdi. Amma mənim söhbətim onunla yox, rəhbərliklə olub. Bəli, rəhbərliklə söhbətdə belə bir istəkdə olduqlarını hiss etdim. Lakin bununla razılaşa bilməzdim. Çünki mayda “Neftçi”nin üzvü olmuşam və bu fakt rəsmi sənədlərdə əksini tapıb. Belə olduğu halda isə mayın maaşını iyunun əvvəlində almalıyam. Hamı kimi mən də mayın maaşını haqq edirəm.
- Olduqca etibarlı mənbədən aldığım məlumata görə, “Neftçi”dən tələsik ayrılmaq istəyinin kökündə “Qarabağ”a qayıtmaq planın dayanır. Hətta ilkin razılığa gəldiyini də eşitmişəm.
- Bu barədə nəsə deyə bilməyəcəm. Belə bir təklif olarsa, şərtləri müzakirə etməyimiz mümkündü. Türkiyədən bir neçə real və maraqlı təklif var. Agentim həmin təkliflər barədə mənə lazım olan məlumatları verib. Ona görə də hələ ki gözləyirəm.
- “Qarabağ”dan təklif almısan?
- Şəxsən mənimlə əlaqə saxlayan olmayıb. Amma bu yaxınlarda agentim mənimlə söhbətdə özümü yenidən “Qarabağ”da görüb-görmədiyimi soruşdu.
- Sən nə dedin? “Qarabağ”a qayıtmaqda maraqlısan?
- “Qarabağ”da gözəl və unudulmaz günlər keçirmişəm. Ordan ayrılanda da demişdim ki, “Qarabağ” mənim ailəmdi, mənə doğma olan yerdi. Yəni pis xatirələrim yoxdu.
- Deməli, “Qarabağ”a qayıtmaqda maraqlısan.
- Mənə maraqlı olan özümə klub tapmaq, futbol oynamaq və pul qazanmaqdı.
HƏBİB

Oxşar xəbərlər
SON XƏBƏRLƏR