Sizin reklam burada

Əsgər Abdullayev Naxçıvanda qalıb

Baxış Sayı:445


Mütəxəssis Region Liqasının ləğvinə təəssüflənir
Koronavirus bir çoxlarının planlarını alt-üst edib. Pandemiyanın mənfi təsiri idmandan da yan keçməyib. “Araz Naxçıvan”ın baş məşqçisi Əsgər Abdullayev də problemlə üzləşənlərdəndi. Təcrübəli mütəxəssis uzun müddətdi ki, ailəsindən uzaqda, Naxçıvandadı. Dünən onunla əlaqə saxlayıb, suallarımıza cavab aldıq.
- Hazırda nə işlə məşğul olursuz? Karantin dövrünü necə keçirirsiz?
- Bildiyiniz kimi, Naxçıvandayam. Futbolçularla ev şəraitində məşqlərimizi keçirik. Onlar da bacardıqları qədər məşğul olurlar. Federasiyadan futbolla bağlı veriləcək son qərarı gözləyirik ki, biz də ondan sonra işimizə başlayaq.
- Son qərara görə cari mövsümdə Region Liqası ləğv edildi. Komandanız da bu turnirin həlledici mərhələsinə qatılmaq üçün mübarizə aparırdı.
- Əfsuslar olsun ki, belə oldu. Komanda yaxşı formada idi, yaxşı heyət vardı. Oynamağı çox istəyərdik, amma təəssüf ki, koronavirus imkan vermədi işimizi görək.
- Bəs premyer-liqanın taleyi ilə bağlı nə düşünürsüz? Cari mövsümün bərpa olunmaq ehtimalını necə qiymətləndirirsiz?
- Məncə, Allahın köməyi ilə çempionat bərpa olunacaq. Təbii ki, bərpa olunmaya da bilər. İstəyimiz odu ki, futbol bərpa olunsun, futbolçularımızı meydanda görək. Amma eyni zamanda bizim istəyimiz çox şeyi həll etmir. Hamı istəyər ki, futbol olsun. Son qərarı gözləyirik.
- Naxçıvanda futbolun səviyyəsi necədi? Orda futbolla bağlı görülən işlər hansı səviyyədədi?
- Şərait normaldı. Beş yaş qrupu üzrə komanda, uşaq məktəbi yaradıldı. Naxçıvanda 9 komanda var, onların oyunlarını izləyirəm. Baxıram ki, istedadlı futbolçular var. Mənə elə gəlir ki, Naxçıvan gələcəkdə Azərbaycan futbolunda həm komandalar, həm də futbolçuların yetişdirilməsi baxımından sözünü deyə bilən bir bölgə olacaq.
- Bəs Naxçıvandan premyer-liqa necə görünürdü?
- Məncə, limit məsələsinə baxılmalıdı. Çünki bir çox futbolçular limitə görə kənarda qalır. Belə deyək, ölkə kuboku keçiriləndə, birinci divizionun əksər klubları güclülər dəstəsinin komandaları ilə oynamaq istəmədikləri üçün kubokda iştirak etmirlər. Komandalar arasında fərq çox böyük olduğuna görə hər kəs bu barədə düşünür. Çalışırlar ya böyük hesabla məğlub olmasınlar, ya da pul xəcləməsinlər. Bu fikirlə də kubokdan çəkilirlər. Buna görə də düşünürəm ki, limit məsələsinə baxılmalıdı. Birinci divizionla premyer-liqa arasaında səviqqə fərqi 100, 60 yox, 20-30 faiz olmalıdı ki, rəqabət apara, normal müqavimət göstərə bilsinlər. Əlbəttə, premyer-liqa əsas çempionatdı, amma heç olmasa, ordakı klublarla rəqabət apara biləcək komandalar olmalıdı. Limit məsələsinə baxılsa, məncə, daha yaxşı olar.
- Özünüz premyer-liqa üçün darıxmırsız?
- Hər bir məşqçinin arzusu odu ki, karyerasında nailiyyətlər qazansın, əsas çempionatlarda çıxış etsin. Naxçıvanla bağlı böyük ümidlərim, planlarım var. Onları həyat keçirmək üçün çalışmaq istəyirəm. Burda futbola münasibət, qayğı yaxşı səviyyədədi. Bir müddət sonra görə bilərik ki, bu komandanın timsalında həm Naxçıvanda yaxşı futbolçular yetişər, həm də komanda olaraq formalaşıb, ölkə futbolunda öz sözünü deyə bilər.
- Bir sualım da vaxtilə çalışdırdığınız “Bakı” ilə bağlıdı. Bir neçə il öncə iddialı olan komandanın təlim-məşq bazası da söküldü…
- Hamımızın istəyi odu ki, yeni-yeni stadionlar tikilsin, komandaların sayı artsın. Bu, ölkə futbolu üçün yaxşı keyfiyyət olar. İstərdim ki, mümkün olsa, “Bakı”nın bazasının yanında bir neçə meydan tikisin, stadion salınsın. Orda çox yaxşı şərait yaratmışdılar. Mən də son olanlar haqda eşitmişəm, təəssüflənirəm.
AYGÜL

Oxşar xəbərlər
SON XƏBƏRLƏR