Sizin reklam burada

Stamenkoviçdən insanlıq nümunəsi

Baxış Sayı:256

Stamenkoviçdən insanlıq nümunəsi
Biraylıq maaşını koronavirusla mübarizəyə ayırdı
2011-15-ci illər aralığında “Neftçi”nin, 2018-in yayından bu yana “Sabah”ın qapısını qoruyan Saşa Stamenkoviç hər zaman məşqçilərin və azarkeşlərin sevimli futbolçularından olub. Mehribanlığı, ünsiyyətə meyilli olması bakılı fanatların qəlbində taxt qurması ilə nəticələnib. Xüsusən Azərbaycan və azərbaycanlılara olan sevgisi bir başqa söhbətin mövzusudu.
2014-də “Partizan”la “Neftçi”nin oyunları zamanı serb futbolçularla “atışıb”, bizimkilərin tərəfini tutması hələ də xatırlanmaqdadı. Sən demə, o həm də xeyriyyəçidi.
Bildiyiniz kimi, həmkarımız Anar Cəfərsoyla anası hazırda koronavirusla mübarizə aparır, müalicə alır. Stamenkoviç bu xəbəri eşidən kimi dərhal Anara yardım əlini uzatmaq istədiyini deyib. Bu haqda “CBC Sport”da çalışan həmkarımız Gündüz Abbaszadə “feysbuk” səhifəsində paylaşım edib: “Saşa Stamenkoviç! Özü serbiyalı olsa da, Azərbaycanı özünə hər zaman doğma bilib. Hər fürsətdə dilə gətirir. Elə əməldə də sübut edir. İsrarla heç kim bilməsin desə də, yazıram. Saşa bu gün mənə zəng edib həmkarımız, koronavirusa görə müalicə alan Anar Cəfərsoyun nömrəsini istədi. Anarla danışıb, kefini soruşub, səhhəti ilə maraqlanıb. Lazım gələrsə, yardım edəcəyinə də əminəm. Düzdü, maddi yardım önəmli deyil. Dövlətimiz bütün xərcləri qarşılayır. Anarın və anasının, həmçinin digər xəstələrin tezliklə sağalması üçün lazım olan hər şey yüksək səviyyədə edilir. Vurğulamaq istədiyim bir legioner futbolçunun bizə göstərdiyi diqqətdi. Bilirəm ki, bəzi futbolçularımız da Anarla maraqlanıb, kömək edib. Stamenkoviçin bu addımını isə bilərəkdən qabartdım. Kaş dedim... Sağ ol, böyük ürəkli insan! Anara və anamıza isə Allahdan şəfa diləyirəm. Eşitdiyimə görə, Saşa koronavirusla mübarizə fonduna da biraylıq maaşını keçirib”.
Bu haqda Serbiya mətbuatında da yazı dərc olunub. “HotSport” saytı isə 35 yaşlı qolkiperlə əlaqə saxlayaraq, fikirlərini öyrənib: “Bu, edə biləcəyim ən az şeydi. Yeddi ildi burdayam. İstər Serbiya olsun, istər Qazaxıstan və ya Azərbaycan - həmişə kömək etməyə hazıram. Çox şadam ki, dünyanın dörd bir yanına yayılan virusla mübarizədə kiməsə kömək etdim”.
Qeyd edək ki, bir müddət öncə “Sabah” Koronavirusla Mübarizəyə Dəstək Fonduna yardım etmişdi. Saşa isə biraylıq maaşından keçməyi qərara alıb. Bir çox azərbaycanlı futbolçuların bu xəbəri eşidib xəcalət təri axıdacağına inanmaq istərdik.
HƏBİB

Oxşar xəbərlər
SON XƏBƏRLƏR