Nazirlər Kabineti yanında Operativ Qərargahın yaxın günlərdə ölkədə koronavirus üzündən dayandırılan futbol yarışlarının taleyi ilə bağlı xoş soraq verəcəyi, bundan sonra isə PFL-in klubları sevindirəcəyi güman olunur. Bəs klublar bu varinata nə dərəcədə hazırdı? Premyer-liqa təmsilçiləri gələn ayın əvvəlindən məşqlərin bərpa olunacağına inanırmı? Komandaların düşərgəsində olmayan futbolçular varmı? Bu suallara aydınlıq gətirmək üçün premyer-liqa klublarının mətbuat xidmətlərinə müraciət etdik.
Nurlan İbrahimov (Qarabağ): “Hazırda bütün futbolçularımız düşərgədədi. Karantin elan olunandan sonra heç bir futbolçumuz Bakını tərk etməmişdi, bu baxımdan onlar daim nəzarətdə idilər. O ki qaldı məşqlərə icazə verilməsinə, biz də sadəcə, gözləmə mövqeyindəyik. Dövlət nə qərar versə, ona da riayət edəcəyik. Son açıqlamada ehtimal olunub ki, iyunun 1-dən başlaya bilərik. Amma bu da sadəcə, ehtimaldı. Veriləcək qərara əsasən hərəkət edəcəyik”.
Rüstəm Allahverdiyev (Neftçi): “Biz bu sahədə görülən işləri təqdirəlayiq hesab edirik və ümid edirik ki, ən qısa zamanda koronavirusdan qurtula biləcəyik. Bizə iyunun 1-dən məşqlərə başlanılacağını deməyiblər. Sadəcə, bildirilib ki, bununla bağlı müzakirələr gedir, amma konkret ayın 1-də qərar veriləcək. Hazırda mələhətləşmələr gedir, ortada heç nə yoxdu. Ehtimal var ki, ayın 1-dən başlayaq. Klub olaraq istənilən qərara hazırıq. Hər bir qərara uyğun planımız var. Digər məsələyə gəlincə, bütün futbolçularımız Bakıdadı”.
Murad Axundov (Keşlə): “Bu barədə hələ ki dəqiq məlumat verə bilmərik. Gözləyirik. Qərardan sonra açıqlama veriləcək. Stanislav Namaşkodan başqa bütün futbolçular komandanın düşərgəsindədi”.
Elmar Abdullazadə (Zirə): “İcazə verilərsə və ya karantin müddəti uzadılmazsa, komanda ən yaxın zamanda məşqləri bərpa edəcək. Bütün futbolçularımız Bakıdadı”.
Elnur Həmidov (Sabah): “Ümid edirik ki, tezliklə məşqlərə başlamağa icazə veriləcək. Hazırda bütün oyunçularımız ölkədədi. Futbolçular məşqçilərimizin verdiyi proqram əsasında fərdi qaydada məşqləri davam etdirirlər. Bundan əlavə, həftə ərzində “Zoom” proqramı vasitəsilə onlayn məşqlər də keçirilir. İcazə veriləcəyi təqdirdə məşqlərə başlamağa tam hazırıq”.
Təəssüf ki, “Sumqayıt”, “Səbail” və “Qəbələ”dən suallarımıza cavab ala bilmədik.
AYGÜL