Sizin reklam burada

Barış “Austriya”ya lazım olmadı, Riçard da göndərilir

Baxış Sayı:201


Almaniyanın ikinci bundesliqasında 28-ci turun oyunları keçirilib. Milli komandamızın yarımmüdafiəçisi Dmitri Nazarovun şərəfini qoruduğu “Ertsgebirge” də növbəti matçına çıxıb. Aue təmsilçisi doğma meydanda “Darmştadt”la münasibətləri aydınlaşdırıb. Qarşılaşma qonaqların 3:1 hesablı qələbəsiylə bitib. Start heyətində meydana çıxan, cari mövsümdə 10 qol vuran Nazarov 68-ci dəqiqədə əvəzlənib. Hesabında 38 xal olan “Ertsgebirge” 18 komandanın sıralamasında 7-ci pillədə qərarlaşıb.
Koronavirus pandemiyasına görə martda dayandırılan Çexiya çempionatlarında 2019/20 mövsümü bərpa olunub. İkinci liqada mübarizə aparan “Viktoriya” (Jijkov) da növbəti matçına çıxıb. Fərid Nəbiyevlə Samir Qurbanovun formasını geydiyi komanda 18-ci tur çərçivəsində səfərdə “Vitkoviçe”ni məğlub edib - 1:0. Fərid də qarşılaşmanın iştirakçısı olub. O, start heyətində meydana çıxıb və sonadək mübarizə aparıb. Daha çox əvəzedici heyətdə oynayan Samirin adı bu matçın iştirak ərizəsinə salınmayıb. “Viktoriya” 29 xalla altıncıdı.
Ukraynanın “Aleksandriya” klubu növbəti yoxlama oyununu keçirib. Pavel Paşayevin formasını geydiyi komanda “Çerkaşina” ilə münasibətləri aydınlaşdırıb. “Aleksandriya” aşağı liqa təmsilçisini darmadağın edib - 5:0. Paşayev də oyunun iştirakçısı olub. Koronavirus pandemiyasına görə martda dayandırılan Ukrayna premyer-liqasının həftəsonu bərpa olunacağı açıqlanıb.
Millimizin üzvü Riçard Almeyda Birləşmiş Ərəb Əmirliklərinin “Baniyas” klubundan ayrıla bilər. Yerli mətbuatın yaydığı xəbərə görə, yarımmüdafiəçi ilə yeni müqavilə bağlanmayacaq. “Baniyas” Almeyda ilə yanaşı, Ze Roberto və Luis Antonio ilə də yolları ayıracaq. Qış transfer dövründə “Qarabağ”dan ayrılaraq “Baniyas”a keçən Almeydanın klubla müqaviləsinin müddəti iyunun sonunda bitir.
Avstriyanın "Austriya" (Klaqenfurt) klubu 21 yaşadək futbolçulardan ibarət yığmamızın üzvü Barış Əkinciərlə yolları ayırıb. İcarə əsasında ikinci bundesliqa təmsilçisində çıxış edən 21 yaşlı yarımmüdafiəçi iyunun 1-də müqavilə ilə məxsus olduğu Almaniya "Bohum"una qoşulacaq. "Austriya" bütün futbolçuların imzaladığı formanı Barışa təqdim edib. Avstriyada mövsümün iyunda bərpası planlaşdırılsa da, Klagenfurt təmsilçisi Əkinciərlə vidalaşmağı qərara alıb. Millimizin üzvü klubun rəsmi saytına açıqlamasında bunları deyib: "Təəssüf ki, işlər hər iki tərəfin ümid etdiyi kimi getmədi. Ancaq komandada özümü çox rahat hiss edirdim".
Qeyd edək ki, Barış Əkinciərin "Bohum"la müqaviləsinin müddəti 2022-ci ilin yayında başa çatır.

Oxşar xəbərlər
SON XƏBƏRLƏR