Sizin reklam burada

Hakan Sünal 11 azyaşlını müsəlman etdi

Baxış Sayı:335


“Bəlkə də gördüyüm savab işlərə görə Allahım məni mükafatlandırıb”
Ötən sayımızda Ramazan ayının fəzilətləri haqda ətraflı məlumat verib, futbol camiəsinin üzvləri arasında ildən-ilə oruc tutanların sayının artdığını bildirmişdik. Onu da vurğulamışdıq ki, yerlilərlə yanaşı, ölkəmizdə olan və futbol sahəsində çalışan, İslam dininə etiqad edən əcnəbilər də müqqəddəs ayı xüsusi qeyd edirlər.
“Sumqayıt” Futbol Akademiyasının rəhbəri Hakan Sünalın Ramazan ayı ilə bağlı fikiləri ilə sizləri tanış etmişdik. Hakan bəy müsəlmanlar üçün müqəddəs hesab olunan ayı Almaniyadan fərqli, pandemiya olmasından asılı olmayaraq, ölkəmizdə daha yaxşı keçirdiyini bildirmişdi. Onu da qeyd etmişdi ki, geridə qalan ayda bəzi savab işlər görüb. Türk mənşəli almaniyalı mütəxəssis bizimlə söhbətdə xırdalığa varmasa da, dünən onun hansı savab işə imza atdığı barədə məlumat əldə etdik.
Sən demə, Hakan hoca Ramazan bayramı ərəfəsində 11 sumqayıtlı uşağı öz vəsaiti hesabına sünnət etdirib. Aztəminatlı ailələrin övladlarını sevindirən mütəxəssisin müsəlman etdikləri arasında ən kiçiyi 3 aylıq körpə olubsa, ən böyüyü 8 yaşını qeyd edib. Akademiya rəhbəri sünnət olunan uşaqlara xüsusi paltar sifariş etməklə yanaşı, hədiyyə boxçası da təqdim edib.
Deyilənləri dəqiqləşdirmək üçün Sünalla əlaqə saxladıq. Hakan bəy atdığı addımı Allah rizası üçün etdiyini, mediada yazılmasının tərəfdarı olmadığını bildirdi: “Sizdən çox xahiş edirəm, bu məsələni qəzetinizdə yaymayın. Mən bunu reklam üçün etmədim. Ötən dəfə sizə dediyim kimi, Almaniyada böyüyüb boya-başa çatmağıma baxmayaraq, hər zaman ailəmizdə Ramazan ayının xüsusi qeyd olunduğunu görmüşəm. Yaşımın üstünə yaş gəldikcə çalışmışam ki, qədim adət və ənənələrimizə riayət edim. Bəli, ötən həftənin cümə günü şəxsi vəsaitim hesabına 11 aztəminatlı ailənin uşağını sünnət etdirdim. Mən bu haqda heç bir yerdə heç nə danışmamışam. Bilmirəm, sizə bu informasiyanı kim ötürüb? İstəmirəm ki, bunu qəzet səhifəsinə çıxarasız. Sonra fikirləşərlər ki, Hakan özünü reklam edir. Mən artıq bir dəfə Sumqayıtda çalışdığım müddətdə bunun acısını çəkmişəm. Xatırlayırsızsa, akademiyaya yeni rəhbər təyin olunduğum dönəmdə yerli mədəniyyəti yaxından bilmək üçün bəzi yoldaşlarla yemək masasını bölüşmüşdüm. Bir neçə aydan sonra həmin şam yeməyindən çəkilən şəkillər bəzi saytlarda yayıldı və əleyhimə fikirlər yazıldı. Bu üzdən artıq hər şeydən eytiyat edirəm. Ancaq Ramazan bayramında sünnət etdirdiyim uşaqlara görə fəxr hissi keçirirəm. Çünki ən azı nə vaxtsa onlar böyüyəcəklər və övladlarına, yaxınlarına deyəcəklər ki, bizi müsəlman edən vaxtilə “Sumqayıt” Futbol Akademiyasının rəhbəri Hakan Sünal olub. Rəhmətlik atam sağ olsaydı, bununla fəxr edərdi. Bu gün anam sağdı və bunu biləcəyi halda çox sevinəcək. Ancaq mən istəmərəm ki, indi ona bu məlumatı verim. Çünki dinimizdə etdiyin xoş işləri sağa-sola paylaşmaq düz deyil. Ona görə də sizə deyirəm ki, etdiklərim mediaya çıxmasın. Bu işdə mənə yardımçı olan klubun baş mühasibi Pərviz Ömərova da təşəkkür etmək istəyirəm. Çünki bu ideya qəfil ağlıma gəldi və bunu onunla bölüşdüm. Pərviz də o dəqiqə qarşılıq verdi və lazımi işləri yoluna qoydu. 11 uşağı müsəlman edib, bizləri sevindirən həkimlərə də minnətdarlıq edirəm. İşlərini o qədər səlist gördülər ki... Həmin vaxt həmin uşaqların valideynlərini görərdiz. Xəstəxananın qarşısında tam bir bayram əhval-ruhiyyəsi var idi. Bəlkə də gördüyüm savab işlərə görə Allahım məni mükafatlandırıb və canı, qanı bir olan qardaş ölkədə çalışmağıma fürsət yaradıb. Bundan sonra da yaradan mənə ömür verdiyi qədər xeyirxaq işlər görməyə çalışacam”.
RƏŞAD

Oxşar xəbərlər
SON XƏBƏRLƏR