Sizin reklam burada

Firdovsi Umudov haqqında yazılanlara münasibət bildirdi

Baxış Sayı:386


“Bacımın həyat yoldaşının etdiklərinə görə məsuliyyət daşımıram”
Azərbaycan Güləş Federasiyasının (AGF) vitse-prezidenti Firdovsi Umudov həbs olunan Dövlət Sərhəd Xidmətinin polkovniki Nemət Pənahova himayədarlıq etdiyinə dair iddialara reaksiya verib. AGF rəsmisi özü və ailəsi haqda yazılanlara "feysbuk" səhifəsində münasibət bildirib: "Mən hər zaman dövlətimə, onun qanunlarına, Heydər Əliyev ideyalarına, Ali Baş Komandanımız cənab İlham Əliyevə sadiq bir vətəndaş və idmançı zabit olaraq qanun qarşısında cavabdehlik daşıyıram. Özüm də daxil olmaqla kimliyindən və vəzifəsindən asılı olmayaraq, dövlətin qanunlarını pozmağa heç kimin ixtiyarı yoxdu. Hər bir şəxs öz əməllərinə cavabdehdi və bu səbəbdən mən bacımın həyat yoldaşının etdiklərinə görə məsuliyyət daşımıram. Onun etdiklərində cinayət tərkibi varsa və bu sübuta yetiriləcəksə, o zaman cəzasını çəkməlidi.
Yazı müəllifi jurnalist etikasına uyğun olaraq mənim də mövqeyimi öyrənməyə borclu olsa da, bunu etməyib. Üstəlik, hansısa sübut olmadan adımı etmədiyim işlərdə hallandırdığı, bununla da ictimai və zabit nüfuzuma zərbə vurduğu üçün məsələnin hüquqi müstəvidə həll ediləcəyinə, bu çirkin iftiraların əsassız olduğunu sübuta yetirəcəyimə kimsənin şübhəsi olmasın. Ölkəmizdə “5-ci kolon”a xidmət edənlər, mahiyyətini, xarakterini təfriqəçilik təşkil edənlər Umudovun vətəninə, dövlətinə, bayrağına şərəfli xidmətindən narahatdılar. Belə bir yazının sifarişçilərinin də kim olduğunu kifayət qədər yaxşı bilir və onlara bunu demək istəyirəm. Mən sizdən fərqli olaraq heç zaman əqidəmi dəyişmədim. Belə sifarişli yazılarla mənə zərbə vuracağınızı düşünürsüzsə, yanılırsız. Əksinə, bununla siz öz iç üzünüzü bir daha ortaya qoyursuz. Hamı məni və sizi çox yaxşı tanıyır.
"Firdovsi Umudovun atası “sövdələşməyə” gedib” deməklə qanunlarımıza həqarət etmiş olunur. Belə şər-böhtan tipli yazılarla Azərbaycanı ictimaiyyətə qanunun işləmədiyi bir ölkə kimi təqdim etməyə səy göstərilir. İllərdi ən ali səviyyədə Azərbaycanın hüquqi və demokratik ölkə olması dəfələrlə bəyan edilib. Necə ola bilər ki, qanun, hüquq ölkəsində yaşlı bir kişi “sövdələşmə”yə getsin? Atam, babam, hətta ulu babam da əkinçilik və maldarlıqla məşğul olub. Bu gün də atam həmin işlərlə məşğuldu. Sadə, sıravi, əməksevər bir kəndlidi. Öz mal-qarası ilə məşğul olan bir adamdı. Bunu Qazaxda yaşayan hər kəs bilir”.

Oxşar xəbərlər
SON XƏBƏRLƏR