Sizin reklam burada

Rasim Kara Likioyuya sualla cavab verdi

Baxış Sayı:316

Rasim Kara Likioyuya sualla cavab verdi
“Həmin futbolçu bu söhbəti niyə onda yox, 15 ildən sonra edir?”
İlin-günün bu vaxtında “Nistru”nun sabiq futbolçusu Katalin Likioyunun moldfootball.com saytına verdiyi müsahibə xeyli vaxtdı adı çəkilməyən “Xəzər Lənkəran”ı yenidən dillər əzbəri etdi. Məsələ məlumdu.
Likioyunun iddiasına görə, 2005-in iyulunda o vaxt şərəfini qoruduğu “Nistru” Bakıda “Xəzər Lənkəran”ı məğlub etdiyindən, bizimkilərin növbəti mərhələyə yüksəlmək imkanı kifayət qədər çətinləşib. Belədə cənublular qarşılaşmanın nəticəsinin xeyirlərinə bitməsi üçün əməli fəaliyyətə keçiblər və bunun üçün klubun büdcəsindən 250 min dollar ayrılıb. Lakin moldavanlar həmin pula yaxın durmayıblar. İnandırıcıdı, ya yox – demək çətindi. Hər halda, bu sözləri həmin matçın iştirakçısı olmuş biri çəkinmədən dilə gətirir.
Əlbəttə, fakt olmadan nəyisə sübut etmək mümkün deyil. Üstəlik, artıq “Xəzər Lənkəran” da yoxdu ki, vəkil sayəsində Likioyunu fakt qarşısında qoysun. İndi o vaxt klublarda işləyənlərin çoxu mətbuata açıqlama verir, fikir bildirir. Lakin heç kim belə bir halın yaşandığını demir. Öz aramızdı, deməzlər axı. Yanımda baş kəssələr, mən də demərəm.
Əslində Rasim Karanı aramaqda məqsədim “belə bir söhbət olub, ya yox” sualına cavab almaq deyildi. Niyyətim açıqlamanı bir az da gur şəkildə diqqətinə çatdırıb əsəbləri ilə oynamaq, yaşlı vaxtında nəsə qoparmaq idi. Həm də türk övladı əsəbləşəndə bir başqa olur axı. Sən demə, insanlar yaşlandıqca artıq səbrin yiyəsi olurmuş. Həmin qarşılaşmalarda “Xəzər Lənkəran”ın baş məşqçisi olmuş türkiyəli müətəxəssisin Likioyunun dediklərinə reaksiyası belə oldu: “Bunu ilk dəfə sizdən eşidirəm. Açığı, mətbuatda belə bir müsahibənin dərc olunmasından da xəbərsizəm. Vallah, bu cür açıqlamaya nə deyəsən? Deyəcəyim odu ki, belə bir söhbət olmayıb. Olması da mümkünsüz idi axı. Avrokuboklarda hansı klub rəsmisi risk edib bu cür işə qol qoya bilər? Bir də ki həyatımda heç vaxt belə bir halla rastlaşmamışam. Həmin futbolçu bu söhbəti niyə onda yox, 15 ildən sonra edir? Belə bir hal baş vermişdisə və həmin futbolçu təklifdən boyun qaçırmışdısa, sizi inandırım, xalq qəhrəmanı olmaq üçün bu söhbəti dərhal mətbuata elan edərdi. Boş şeylərdi, fikir verməyin. Üstündən 15 il keçib, indi yadına düşüb ki, “Xəzər Lənkəran” onlara pul təklif edirmiş. Ad çəksin, görək kimi deyir”.
Həmin vaxt “Xəzər Lənkəran”da komandanın rəisi vəzifəsində çalışan Vüsal Cəlilov isə komanda.az saytına verdiyi müsahibədə maraqlı ifadələr işlədərək, Rasim Karanın adını çəkib: “Biz birinci oyunda uduzandan sonra onlar hətta ikinci qarşılaşmadan da qorxurdular. Onlar özləri də inana bilmirdilər ki, necə oldu ki, oyunu uddular. Mübariz bəyə (klubun sahibi Mübariz Mənsimovu nəzərdə tutur) xəbər göndərmişdilər ki, istəyirsizsə, oyunu sizə verək. Çünki o vaxt onların əlində pul yox idi. Bir şey ki, hər qələbəyə görə onlara 50 dollar verirdilər. Ən yaxşı futbolçuları da 500 dollar maaş alırdı. Ona görə də bizdən səhv etmirəmsə, 50 min dollar istəmişdilər. Hətta Rasim Kara belə demişdi ki, lazım deyil, almayın, biz mərhələni keçəcəyik”.
Cəlilovun açıqlamasını da Karanın diqqətinə çatdırdıq. Di gəl ki, cavabı əvvəlkindən fərqli olmadı: “Dediyim kimi, bu cür danışan adam ortaya fakt qoyar. Faktsız danışmaq isə mənasız bir şeydi. Vallah, boş verin. Adamlar bekardılar, nə danışacaqlarını bilmirlər. Hamıya salamlarımı çatdırın”.
Fürsətdən istifadə edib “Beşiktaş”ın sabiq çalışdırıcısının hazırda nə işlə məşğul olduğunu da soruşduq. Məlum oldu ki, Kara artıq istirahətə çəkilmək haqda düşünür: “O vaxtdan Türkiyə Futbol Federasiyasında çalışıram. Amma artıq ayrılmaq istəyirəm. Yaşım 70-ə çatdı, təxminən 50-55 ilini futbola verdik. Bundan sonra bir az dincələk, ailəylə, uşaqlarla vaxt keçirək”.
HƏBİB

Oxşar xəbərlər
SON XƏBƏRLƏR