Vaqif Sadıqov: “UEFA da, AFFA da çempionatın tamamlanmasında israrlıdı”
Nəhayət, ölkə futbolunun taleyi ilə bağlı qaranlıq məqamlara dünən aydınlıq gəldi. AFFA İcraiyyə Komitəsinin üzvləri əsas çempionatların davam etdirilməsi yönündə ortaq fikir nümayiş etdirdilər. Qəbul edilən qərarlarla bağlı qurumun vitse-prezidenti, İcraiyyə Komitəsinin üzvü, Məşqçilər Komitəsinin rəhbəri Vaqif Sadıqovla danışdıq: “AFFA İcraiyyə Komitəsinin hər bir üzvü ilə onlayn şəkildə müzakirələr aparıldı. Müxtəlif variantlar təklif olundu. Aparılan müzakirələrdən sonra belə bir qərar qəbul olundu. Hesab edirəm ki, uşaq liqalarını mövcud vəziyyətdə dayandırmaq daha məqsədəuyğun idi. Tam düzgün qərar verildi. Açığı, çempionun müəyyənləşməsi, yəni çempionluğun verilib-verilməməsi ilə bağlı müzakirələr getdi. Bu məsələ haqda müxtəlif fikirlər səsləndirildi. Amma sonda qərar qəbul olundu ki, pley-off sistemi ilə təşkil edilən liqalarda çempion elan olunmasın. Qalan liqalarda isə çempionun müəyyənləşdirilməsi məqsədəuyğun sayıldı. Çünki bildiyiniz kimi, U-14 və daha aşağı yaş qrupu üzrə liqalar pley-off sistemində keçirilir. Bu yaşdan yuxarı çempionatlarda isə ev-səfər oyunları olduğuna görə onlara çempionluq verildi. Bundan başqa, yaxın gələcəkdə premyer-liqa, birinci divizion və U-19 liqası ilə bağlı qərar veriləcək. Bu liqanın qalibi ölkəmizi Gənclər Liqasında təmsil edəcəyindən, UEFA da, AFFA da çempionatın tamamlanmasında israrlıdı. İdman prinsipləri əsasında çempionun müəyyənləşməsini istəyirik. Bu çempionatlarla bağlı növbəti həftə müzakirə apararaq, qərar vermək niyyətindəyik”.
AYGÜL