Sizin reklam burada

Foqts yığmamızın sayəsində liderlər sırasındadı

Baxış Sayı:695


2008-in aprelindən 2014-ün oktyabrına qədər, yəni 6 il 6 ay ölkəmizin futbol yığmasının “sükanı arxasında” olan Berti Foqts komandaya və azərbaycanlı azarkeşlərə ümiddən başqa nəsə verməsə də, müəyyən mənada adını tarixə yazdı. Söhbət ilk növbədə oyun sayındakı mütləq rekorddan gedir. Tam üç seçmə mərhələdə yığmanı çalışdıran, 4-cü mərhələnin əvvəlində, yəni səfərdə Xorvatiyaya 0:6 uduzandan sonra missiyasını bitmiş sayan alman mütəxəssis ölkəmizin əsas komandasını 71 oyuna çıxarıb. Onun Almaniya yığmasını baş məşqçi kimi 102, Şotlandiya yığmasını isə 32 oyuna çıxardığını da nəzərinizə çatdıraq.
İddia etmək olar ki, Foqts məhz Azərbaycandakı işi sayəsində Avropa ölkələrinin milli komandalarında ən çox oyun keçirən baş məşqçilərin siyahısında liderlərdəndi. Siyahıda hesabında 150 və daha çox oyun olan mütəxəssislər yer alıb.
İndiyədək 6 çalışdırıcı Avropa yığmalarını bu qədər matça baş məşqçi kimi çıxarmağa müvəffəq olub. Rekord isveçli Lars Laqerbekə məxsusdu. Karyerası ərzində qitənin üç millisini – İsveç, İslandiya və Norveçi çalışdıran mütəxəssisin hesabında 222 oyun var. İkinci pillədə məhz yığmamızın sabiq baş məşqçisi Foqtsdu. Onun daha üç həmyerlisi siyahıya düşüb. Yoahim Löv 3-cü, Zepp Herberger 4-cü, Helmut Şön 6-cı sıradadı. Danimarkalı Morten Olsen də cədvəldə yer alıb.
1. Lars Laqerbek – 222 (İsveç – 2000-09, İslandiya – 2012-16, Norveç – 2017-...)
2. Berti Foqts – 205 (Almaniya – 1990-98, Şotlandiya – 2002-04, AZƏRBAYCAN – 2008-2014)
3. Yoahim Löv – 181 (Almaniya – 2006-...)
4. Zepp Herberger – 167 (AFR – 1936-64)
5. Morten Olsen – 166 (Danimarka – 2000-15)
6. Helmut Şön – 154 (Saar – 1952-56, AFR – 1964-78)

Oxşar xəbərlər
SON XƏBƏRLƏR