Sizin reklam burada

Futbolumuzun əcnəbiləri bir çatışmazlığı qeyd etdilər

Baxış Sayı:274

Futbolumuzun əcnəbiləri bir çatışmazlığı qeyd etdilər
Jerar Abdelrafik: “Pandemiya da Allah tərəfindən bizə göndərilən bir imtahandı”
Hakan Sünal: “Müqəddəs Ramazan ayını Azərbaycanda keçirmək mənim üçün çox xoş oldu”

Ramazan ayı hicri təqvimi ilə 9-cu ay hesab edilir. Ramazan ayı oruc ayı sayılır, bu aya Quran ayı da deyilir. Allah məhz Ramazan ayının qədir gecəsində Qurani-Kərimi Peyğəmbərimiz Məhəmmədə (Sallallahu aleyhi və Səlləm) nazil etmişdi. Qədir gecəsi min gecədən daha xeyirlidi və bu gecə elə bir gecədi ki, Mələklər və Ruh (Cəbrail) hər işə görə yerə enər və o gecə sübh açılana qədər əmin-amanlıq olar. Kim o gecəni imanla və savabını Allahdan umaraq keçirərsə, Allah onun keçmiş günahlarını bağışlayar. Ramazan ayının çox böyük fəzilətləri və möhtəşəm xüsusiyyətləri var ki, onu başqa aylardan əzəmətli edir. Bu ay dinimizdə çox böyük yer tutur. Bu ayın orucunu tutmaq İslamın beş əsasından dördüncüsü sayılır. Hər bir müsəlmana vacibdi ki, bu ay oruc tutsun.
Həftəsonu ölkədə Ramazan bayramı qeyd olunacaq. Ayboyu oruc tutan soydaşlarımız müqəddəs bayramı qeyd edəcəklər. Onların arasında futbol camiəsinin çoxsaylı nümayəndələri də var. Son illərdə futbolçular arasında ibadət edənlərin sayı artıb. Onlar üçün də həftəsonunun özəl mənası var. Futbol camiəsi arasında həyatında ilk dəfə Ramazan bayramını Azərbaycanda qeyd edən əcnəbilər də az deyil. Onların pandemiya dövrünə təsadüf edən müqəddəs ayı necə keçirdiyi, bayramı harda və kiminlə qeyd edəcəyi bizim üçün də maraqlıdı. Bu üzdən bəziləri ilə əlaqə saxlayıb, fikirlərini öyrənməyi lazım bildik.
Jerar Abdelrafik: (“Qəbələ”nin yarımmüdafiəçisi): “Əvvəlcə bütün dünya müsəlmanlarının Ramazan bayramını təbrik etmək istəyirəm. Bu il koronavirus səbəbindən bizim üçün müqəddəs olan orucluq ayı bir qədər fərqli keçdi. Ailə üzvlərimlə birgə oruc tutmuşduq. Sadəcə, biz öyrəşmişdik ki, iftar süfrəsində dostlarımız, əzizlərimiz, bizə yaxın olan insanlar da əyləşsin, Allahın verdiyi nemətlərin dadına bir yerdə baxaq. Təəssüf ki, pandemiya səbəbindən bu dəfə belə olmadı. İftar vaxtı süfrə ətrafında yalnız ailə üzvlərim olurdu. Əvvəlki Ramazanlarla müqayisə edəndə fərq yalnız bundadı. Pandemiya da Allah tərəfindən bizə göndərilən bir imtahandı. İnşallah, bu sınaqdan da sağ-salamat qurtarıb, ibadətimizə davam etməliyik. Əsas odu ki, heç nə və heç kim bizi yolumuzdan sapdırmasın. Ramazan hər yerdə həmişə gözəldi”.
Hakan Sünal (“Sumqayıt” Futbol Akademiyasının rəhbəri): “Özümü dərk edəndən, işim imkan verdiyi qədər oruc tutmağa çalışıram. Türkiyədə doğulsam da, kiçik yaşlarımdan oranı tərk etmişəm. Ramazan müsəlmanların ən sevimli bayramıdı və bütün qardaşlarımızı bayram münasibəti ilə təbrik edirəm. Müqəddəs kitabımız olan Quran da məhz bu ay nazil olub. Sumqayıta ötən ilin aprelində gəlsəm də, elə oldu ki, oruc tutmaq mənə qismət olmadı. Bunun da müəyyən səbəbləri var. Ancaq bu il tutdum. Baxmayaraq ki, karantin dönəminə təsadüf etdi, Ramazan ayının mənim üçün gözəl keçdiyini deyə bilərəm. Ən azı klub, akademiya adından ehtiyacı olanlara yardımlar etdik. Çatışmayan isə karantinə görə qardaşlarımızla bayramlaşa bilməməyimiz oldu. İftar süfrəsində oruc tutan qardaşlarla bir yerdə oturmağın başqa ləzzəti var. Ramazanı gözəlləşdirən məqamlardan biri də iftar süfrələridi. Almaniya ilə Azərbaycanı müqayisə etmək düz çıxmaz. Azərbaycan müsəlman ölkəsi olduğundan burda oruc tutanların sayı dəfələrlə çox idi. Elə bizim akademiyada çalışan məşqçilərin də əksəriyyəti bu ay oruc tutmuşdu. Onu da qeyd edim ki, Almaniyada gün daha uzun olur və iftarı Azərbaycanla müqayisədə daha gec açırsan. Müqəddəs Ramazan ayını Azərbaycanda keçirmək mənim üçün çox xoş oldu”.
RƏŞAD

Oxşar xəbərlər
SON XƏBƏRLƏR