“Olimpiya təsnifat cədvəli olduğu kimi qalır”
Avropa Karate Federasiyasının (EKF) İdarə heyətinin videokonfrans formatında iclası keçirilib. Virtual yığıncaqda cari məsələlər müzakirə olunub, bir sıra yeni qərarlar verilib.
Azərbaycan Milli Karate Federasiyasının (AMKF) rəsmi saytının yaydığı məlumata görə, EKF-nin prezidenti Antonio Espinos koronavirus pandemiyası səbəbindən karatedə də müəyyən dəyişikliklərə getməyin məcburi olduğunu söyləyib. O, bu amillərin karatenin inkişafına müəyyən təsirləri olsa da, işlərin davam etdiyini nəzərə çatdırıb.
Hakimlər Komitəsinin sədri Xavyer Eskalante rəhbərlik etdiyi təşkilatın 9 nəfərlik heyətində dəyişiklik edildiyini və beynəlxalq hakim və əməkdar məşqçi Cahangir Babayevin Hakimlər Komitəsinə üzv təyin oldunduğunu bildirib. EKF-nin prezidenti bu ilin martında Bakıda keçirilməsi planlaşdırılan, amma koronavirus pandemiyası səbəbindən ləğv olunan böyüklər arasında 55-ci Avropa çempionatının olimpiya təsnifatı statusunun 2021-ci ilin mayında İsveçin Geteborq şəhərində keçiriləcək analoji yarışa verildiyini açıqlayıb. Onun 2022-ci ildə Avropa çempionatının Bakıda təşkil edilməsi təklifi EKF İcraiyyə Komitəsinin üzvü Yaşar Bəşirov tərəfindən müsbət qarşılanıb.
Dünya Karate Federasiyasının (WKF) videokonfrans formatlı iclasında isə qarşıdakı Yay Olimpiya Oyunları ilə bağlı dəyişiliklər müzakirə olunub, qərarlar qəbul edilib. Təsnifat formatında ciddi dəyişiklik etməyən WKF Olimpiadanın bir il ertələnməsi ilə bağlı olimpiya vəsiqəsi qazanan idmançıların elan olunması vaxtında və lisneziya turnirlərinin təqvimində dəyişiklilər edib. Martda xüsusi olimpiya reytinqi üzrə Olimpiadada iştirakı təsdiqlənən idmançılar cədvəlin hazırkı mövqeyində qalacaq və qarşıdakı lisenziya mərhələlərində tutduqları yeri möhkəmlətməkdə davam edəcəklər. Yekun siyahı 2021-ci ilin mayında xüsusi təsnifat turnirindən sonra açıqlanacaq. Təsnifat yarışlarından Mərakeşin paytaxtı Rabatda Karate1 Premyer Liqa turnirinin təşkili 2021-ci ilin aprelinə nəzərdə tutulub. Təsnifat yarışlarının tarixləri ilə bağlı yekun qərar pandemiya ilə bağlı vəziyyətə uyğun olaraq, bu ilin son kvartalında dəqiqləşdiriləcək.
WKF-in İdarə Heyəti həmçinin bu ilin payızında Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində planlaşdırılan böyüklərin dünya çempionatının gələn ilin noyabrında keçirilməsini qərara alıb. Gələn il Türkiyədə nəzərdə tutulan gənclərin analoji yarışı isə növbəti ilə keçirilib.
Bu dəyişikliklərə münasibət bildirən AMKF-nin prezidenti Yaşar Bəşirov qeyd edib ki, məlum səbəblərdən ləğv olunan Bakı yarışını yüksək səviyyədə təşkil etməyə Azərbaycanın həmişə hazır olması və 2021-ci ildə Bakıda keçirilməsi ilə bağlı EKF-yə rəsmi müraciət ediləcək: “Bundan başqa, bildiyiniz kimi, EKF 2022-ci ildə Azərbaycana bir daha etimad göstərərək, Avropa çempionatının Bakıda keçirliməsini təklif etdi. Təbii ki, biz bu təklifi qəbul etdik. Qarşıda gərgin işlərimiz davam edəcək.”
O həmçinin Cahangir Babayevin qitənin 9 hakimindən ibarət EKF Hakimlər Komitəsinə üzv seçilməsini Azərbaycan karatesinin uğuruı kimi dəyərləndirib. Bəşirov bəzən ölkə mediasında karate ilə bağlı qeyri-dəqiq məlumatlara rast gəlindiyini və idmançıların nəticələri ilə yanaşı, federasiyanın fəaliyyətinə kölgə salan belə informasiyaların AMKF ilə razılaşdırılmadan ictimailəşdirilməsinin yaxşı hal olmadığını söyləyib: “Olimpiya təsnifat cədvəli olduğu kimi qalır, milli komandanın liderləri Rafael Ağayevlə İrina Zaretska çox böyük ehtimalla lisenziyalarını təmin ediblər. Bundan sonrakı yarışlarda çətin ki, reytinq cədvəlində geridə olan idmançılar onlara çatsınlar. Sadəcə, Beynəlxalq Olimpiya Komitəsi (İOC) tərəfindən qarşıdakı Yay Olimpiya Oyunları bir il ertələndiyindən, WKF də açıqladığı olimpiya iştirakçılarının siyahısını həmin müddətə ertələmək qərarına gəldi. Digər idmançılarımızın da Olimpiadaya yollanacaq karateçilərin sırasında yer almaq şansları var. Bu, xüsusi təsnifat turnirində məlum olacaq”.