Sizin reklam burada

Futbola icazə verəcəklər, amma lap sonda

Title
Dünən Nazirlər Kabineti yanında Operativ Qərargahın növbəti brifinqi keçirildi. Adətən, cümə günləri keçirilən brifinqlərə maraq daha böyük olur ki, bu da önəmli qərarların açıqlanması ilə bağlıdı. Həm də etiraf etmək lazımdı ki, TƏBİB-in idarə heyətinin sədri Ramin Bayramlı bir çox hökumət nümayəndələrindən fərqli suallara aydın və əsaslandırılmış cavablar verməsi ilə seçilir.
Son brifinqlərin ən aktual mövzularından biri idman və əsasən də futboldu. Dünən bir daha bu yöndə suallar oldu. Ölkədəki idman saytlarının necə təqdim etməsindən asılı olmayaraq, yenə də idmana “hə” deyilmədi. Sadəcə, Ramin bəyin dilindən çıxan “idman tədbirləri ilə bağlı məsələ müzakirə olunur. 1 iyun tarixindən tədbirlərin keçirilməsinə icazənin verilməsi gündəmdədi və yəqin ki müvafiq qərar veriləcək” kimi fikirlər hər kəsdə müəyyən ümid oyadıb. Onu da nəzərə alaq ki, Nazirlər Kabineti aparatının mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov sonda yenidən bu məsələyə döndü və böyük ticarət mərkəzlərinin açılması ilə yanaşı, açıq havada idman tədbirlərinin keçirilməsinə icazə verilməsinin də hazırda müzakirə olunduğunu dedi. Faktiki bazar ertəsi də eyni sözlər deyilmişdi. Bu mənada açıqlamaların məzmununda hansısa ciddi fərq yoxdu. Amma daha çox adamın toplaşdığı mollar ilə stadionların önündə artıq gələn həftə “yaşıl işıq yandırılacağını” demək mümkündü. Bunu əminliklə iddia etməyə əsas var.
İyunun 1-dən çempionat oyunlarının keçiriləcəyini təsəvvür etmək çətindi. Daha doğrusu, uzunmüddətli dayanmadan dərhal sonra meydana çıxmaq ağılsızlıq olardı. Ona görə də mənə elə gəlir ki, söhbət yalnız komandaların kollektiv şəkildə çalışmasına qoyulan qadağanın götürülməsindən gedir. Yəni iyunun ilk günündən futbolçular hazırlığa başlaya, daha üç həftədən sonra isə çempionat və kubok oyunlarına çıxa bilərlər. Hərçənd bu yöndə də qulağımıza bəzi şübhəli xəbərlər gəlməkdədi. Doğruluğuna inanmaq nə qədər çətin olsa da, bəzi komandaların oyunçularının müəyyən qruplar şəklində məşq etdiyinə dair iddialar var. Gerçəkdən belə faktlar varsa da, karantin qaydalarının və rəqabət şəraitinin pozulmasıdı ki, gec-tez, hətta bəlkə yarış bərpa olunan kimi üzə çıxacaq.
Ölkə klubları bunun əvəzində oyunçu-məşqçi korpusunu bazalarında sərt karantin rejiminə alsaydılar, bu daha yaxşı qərar olardı. 8 komandadan yeddisinin futbolçuları artıq testdən keçib və hələ ki kiminsə təhlili müsbət nəticə verməyib. Amma hər gün ölkə ərazisində orta hesabla 100-dən artıq adamın xəstəliyə yoluxduğunu nəzərə alsaq, deməli, yoluxma riski hələ də yetərincə yüksəkdi. Futbol komandalarında bir nəfərin bu xəstəliyə tutulması isə qeyd-şərtsiz kütləvi yoluxmaya şərait yaradacaq.
Açıq etiraf etmək lazımdı ki, indiki sanitar-epidemioloji durum Azərbaycanın koronavirus üzərində qələbəsindən danışmağa əsas vermir. Qarşıdakı günlərdə yenə də yoluxanlarla sağalanlar arasındakı balansın dinamikasına baxılacaq və buna uyğun olaraq, karantin rejiminin uzadılması, ya da götürülməsi ilə bağlı qərar veriləcək. Konkret bizi yaxından maraqlandıran futbolun taleyinə gəlincə, ayın sonuna qədər məşq etməyə icazənin veriləcəyinə, gələn ay isə ölkədaxili yarışların bərpa olunacağına inam böyükdü. Bundan sonra söz demək növbəsi futbolçuların olacaq. Yaşıl meydan onlar üçün darıxıb.
Football-plus.az Məlumatlardan yararlandıqda istinad vacibdi. ✔ Məlumatlardan internet səhifələrində yararlanarkən müvafiq keçidin qoyulması vacibdi.