Tural Əsgərov: “Gənc futbolçuya şans düşdüsə, getməlidi”
Erkin İbrahimov: “O seçilən gəncdi, həm oyunu, həm də xarakteri ilə fərqlidi”
Vaqif Heydərli: “Bu gün “Sabah”a keçməsi xaricə getməsinə əngəl deyil”
“Qəbələ”nin müdafiəçisi Amin Seydiyev növbəti mövsümdən karyerasını “Sabah”da davam etdirəcək. Paytaxt klubu U-21 millimizin üzvü ilə üçillik müqavilə bağladığını rəsmən açıqlayıb. Seydiyev son illərdə çıxışı ilə diqqətləri üzərinə çəkməyi bacarmışdı. Çempionatda legioner həyatı yaşaya biləcək barmaqla sayılacaq futbolçulardan idi. Ancaq gənc futbolçu hələ bir neçə mövsüm də ölkəmizdə qalacaq. Onun “Sabah”a transfer olunması, xaricə gedə bilməməsi Azərbaycan futbolunun ənənənəvi problemini bir daha gündəmə gətirdi. Niyə bizim futbolçular legioner həyatı yaşaya bilmirlər? İllərdi oyunçularımızın xaricə getməməsi ölkə futbolunun inkişaf etməməsinin başlıca səbəbi kimi göstərilir. Hətta milli komandalarımızın rəqiblərinin heyətinə baxarkən diqqət yetirdiyimiz ilk məqam qarşı tərəfin neçə oyunçusunun ölkəsindən kənarda çıxış etməsi olur. Düzünü desək, bu, futbolumuzun yaralı yerlərindən biri və ya birincisidi. Bu günə qədər futbolçularımızın ölkə xaricinə çıxa bilməməsinin səbəbləri kimi fərqli fikirlər eşitmişik. Məsələ yenidən gündəmə gəldiyinə görə işin əslini öyrənmək üçün peşəkarlara, agentlərə müraciət etdik.
Tural Əsgərov: “Açığı, bu məsələ bir az çeynənmiş mövzudu. Ən başlıca məsələ odu ki, futbolçular xaricə nisbətən bizdə daha yaxşı pul qazanırlar və bura üstünlük verirlər. Kiminsə xətrinə dəymək istəmirəm, bu, orta statistik azərbaycanlı futbolçu yanaşmasıdı. Oyunçularımızın dünyagörüşü, savadı onun daha da irəli getməsinə, inkişaf etməsinə mane olur. Bu gün adı çəkilən və ya çəkilməyən oyunçular heç “Real”, “Barselona”nı demirəm, ən azı gedib “Xetafe”də, “Levante”də oynamağı düşünmürlər. Futbolçular hədəflərinin Avropada oynamaq olduğunu deyə bilərlər. Mən də istəyirəm ki, “Barselona”ya oyunçu transfer edim. Ancaq bu yöndə hansı işlər görürəm, buna baxmaq lazımdı. Mətbuatın yazdığı transfer xəbərlərinə çox da baxmaq olmaz. Məsələn, “Seltik” Bəhlul Mustafazadəni istəyir və sair kimi xəbərlər çox olur. Mən demirəm ki, oyunçularımıza təkliflər olmur. Bəhlulun, Aminin adını çəkə bilmərəm. Ancaq mənim çalışdığım futbolçulardan Mahir Əmrəliyə təklif var idi. Hesab edirdim ki, Mahir getməlidi. Amma olmadı, müəyyən səbəblərdən burda qaldı. “Qarabağ” qrupa düşmüşdü və başqa səbəblərdən transfer baş tutmadı. Sonra isə iki dəfə zədələndi, millidə və klubda oyunları buraxdı. Və o söhbətlər “öldü”. Belə şeylər də olur. Anı tutmaq lazımdı. Ümumiyyətlə, gənc futbolçuya şans düşdüsə, getməlidi. Bəzi futbol adamları bunun əksini düşünür. Onlar oyunçuların çox düşünməli, yaxşı götür-qoy etməli olduğunu bildirirlər. Ancaq məncə, Avropadan təklif varsa, getməlisən. Çünki Avropa ilə Azərbaycan futbolu arasında çox ciddi fərqlər var. Yəni söhbət bizim ölkədən daha səviyyəli yerlərdən gələn təkliflərdən gedir. Məsələn, burda “Zirə”də, “Sabah”da ehtiyatda qalmaqdansa, gedib Latviyada, Estoniyada oynayaram. Yox, burda davamlı çıxış edirəmsə, o zaman bu ölkələrə getməyə bilərsən. Çalışıb Azərbaycandan bir addım olsa da, yuxarı yerə getməlisən. Hətta ola bilər ki, kimsə Estoniyada yaxşı çıxış edib, daha yaxşı çempionatlara gedə bilər. Burda söhbət ondan getmir ki, onların futbolu bizdən üstündü. Məsələyə fərd olaraq yanaşırıq. Keçmişdə xaricə gedən futbolçuların uğursuzluğu indikiləri qorxutmamalıdı. Birincisi, gedənlər o qədər də çox olmayıb. İkincisi, bu işdi. Siz məni hansısa kluba çağırırsızsa, maaş verəcəksiz, müqavilə imzalayacağıq. Burda qorxulu nə ola bilər ki? Qorxmaq məsələsi deyil. Sadəcə, rahatı çətinə dəyişmək hər oğulun işi deyil. Təəssüf ki, bizim futbolçuların xaricdə dəyəri çox aşağıdı. Hər kəs “Sumqayıt”ın ən az büdcəyə malik komanda olduğunu deyir. Hərçənd mən bunu düzgün hesab etmirəm, bu yoxlanılmamış məlumatdı. Ancaq bu klubda belə çıxış edən oyunçuya Avropadan iki-üç dəfə daha az maaş təklif olunur”.
Erkin İbrahimov: “Azərbaycanlı futbolçuların xaricə getməsi üçün gərək ölkədə yaş limiti olmasın. Bir tərəfdən oyunçuların getməsini istəyirik, digər tərəfdən də limit tətbiq edirik. Klub da məcburdu ki, yaş limitinə uyğun 3-4 ən yaxşı futbolçunu komandada saxlasın. Bu da ümümilkdə 30 futbolçu edir. Əslində limiti hər zaman tənqid etsəm də, yaxşı tərəfləri də var. Məsələn, “Qəbələ”yə Roman Qriqorçuk gəlmişdi. Heç vecinə də deyildi ki, o gedəndən sonra komandanın aqibəti necə olacaq, oyunçu yetişəcəkmi və s. Ancaq federasiyanın tətbiq etdiyi bu qaydaya görə bir çox gənc oyunçu peyda oldu. Artıq klublar bu qərarı düşünməyə məcbur qaldılar. Bəlkə də bu qayda olmasaydı, heç Amin Seydiyev də olmazdı. Yəni o qədər də faciəvi qərar deyil. Bu gün “Qarabağ”, “Neftçi”, “Sabah” gənc futbolçulara - sırf rəqiblərə getməsin deyə - elə təkliflər edirlər ki, onlar da razılaşırlar. Ancaq bu pulları Çexiyada bizim gənclərə verməzlər. Ona görə də bu uşaqları da, AFFA-nı da qınamaq olmur. İnanın ki, bu qərar olmasaydı, heç aminlər olmayacaqdı. O ki qaldı oyunçuların inkişafına, karyerasına, burda da ola bilər. Düzdü, çox vaxt tənqid etsək də, bizim çempionatda da bəzən sürətli, səviyyəli oyunlar olur. Yəni danışanda doğrunu - ağa “ağ”, qaraya “qara” deməliyik. Limit qərarının yaxşı tərəfləri də var. Amin inkişaf etmək istəsə, burda da edə bilər. Təbii ki, çempionatın ümumi səviyyəsi o qədər də yüksək deyil. Ancaq futbolçular oyundan-oyuna “artırır”, Amin də onlardan biridi. Üstəlik, hər futbolçu xaricə getməyə borclu deyil. Burda mentallıq və başqa səbəblər var. Heç də hər oyunçu xaricə gedib yaşaya bilmir. Ancaq mən Amində həmin istedadı görürəm. O seçilən gəncdi, həm oyunu, həm də xarakteri ilə fərqlidi. İnanıram ki, onda alınacaq. Bir-iki il burda oynayandan sonra xaricə gedə bilər. Ümumiyyətlə, onu da deyim ki, getmək üçün təklif olmalıdı. Məsələn, Bəhlul Mustafazadəni nə qədər reklam etdilər. Bu da oyunçunun ziyanına işlədi. Bəhlul yaxşı futbolçu olsa da, çatışmayan cəhətləri çoxdu. Baxırsan, bir oyun millidə çıxış edir, klubu tərifləyir, AFFA videoçarxlar hazırlayır. Belə şeylər olmasa, yaxşıdı. Çünki hər futbolçu bunu qaldıra bilmir. Bəhlul da ölkədə qaldısa, deməli, təklif olmayıb. Mən “Sabah” rəhbərliyini tanıyıram. Əminəm ki, futbolçuya Avropadan təklif gəlsə, buraxarlar. Klubun ziyanına belə olsa, futbolun xeyri üçün bu addımı atarlar. Bizdə davamlı yazırlar, “Seltik” istəyir”, “Nottingem Forest” gəlir” və s. Deməli, çox ciddi təkliflər gəlməyib. Çempionşipdən təklif alan bütün oyunçular düşünmədən gedər. Açığı, Bəhlulun oyununa baxanda görürsən. Millidə yaxşı çıxış etsə də, çempionat oyunlarındakı performansını götürsək, nəinki çempionşip, mən heç onu dördüncü liqaya da götürmərəm”.
Vaqif Heydərli: “Amin Seydiyev yenə ölkə xaricinə gedə bilər, bunun məsələyə dəxli yoxdu. Azərbaycanlı futbolçuları xaricə göndərmək üçün ən çox çalışan bizik. Bizdən başqa kim var ki, bu işlə məşğul olan? Sadəcə, bu kənardan göründüyü qədər asan məsələ deyil. Biz Braziliya, Xorvatiya deyilik. Futbolumuzun markası da, çempionatımızın səviyyəsi də o qədər yüksək deyil. Guya bundan öncə 500 nəfər gedirdi, indi getmir? Biz hələ indi başlayırıq. Üç ildən sonra Fərid Nəbiyev özünə gəlir “Slaviya”da, yavaş-yavaş bərpa olunur. Bunlar birdən olmur axı. Bizdən başqa kimdi buna cəhd edən, oyunçularımızı xaricə aparmaq istəyən? Hamı deyir ki, futbolçularımız pula görə legioner həyatı yaşamır. Bu yalandı, belə şeylər kənardan çox asan görünə bilər. Məsələnin detallarına girsək, çox çətin olduğunu görə bilərik. Bu gün 16-17 yaşlı uşaqlarla işləyirik ki, sabah onları xaricə aparanda eyni problemləri yaşamayaq. Burda o qədər detallar var ki, səhərə qədər danışmaq olar. Kənardan baxırıq ki, kimsə premyer-liqada 5 oyun keçirdisə, vəssalam, “xaricə getməlidi”. Belə şey olmur. Hələ gedəndən sonra o qədər problemlər yaranır ki. Aminin bu gün “Sabah”a keçməsi xaricə getməsinə əngəl deyil. Üstəlik, bu dəqiqə koronavirus səbəbindən Avropa klublarının bəziləri məşq belə etmirlər. Bu hadisələr olmasaydı, təkliflər, alternativlər çox idi. Ancaq yenə də həmin proseslər davam edir. Onsuz da bu dəqiqə elə vəziyyət yaranıb ki, heç kim heç hara gedə bilmir. Hazırda milli komandalar çıxış etmir, çempionatlar dayanıb. Heç evdən çölə çıxmaq olmur. Açığı, xaricə getmək istəməyən futbolçu ilə nadir hallarda birlikdə oluruq. Amin üçün danışıq apardığmız komandalar var idi. Hələ o vaxt “Slaviya”ya aparmışdım, yaş limitinə görə alınmadı. Fərid qaldı, Seydiyev qayıtdı. Pandemiya olmasaydı, Aminin də xaricə getmək ehtimalı yüksək idi. Sadəcə, vəziyyət qarışdı. Yenə də getməyəcəyini demək olmaz. “Qəbələ”, “Sabah” elə klublardı ki, heç bir futbolçuya xaricə getməyə mane olmazlar. Əksinə, özləri buna kömək edirlər. Ancaq bir daha deyim ki, futbolçularımızın legioner həyatı yaşamamasına səbəb yalnız pul deyil. Mən istəyirəm ki, vəziyyəti düzgün izah edə bilək. İnsanlar da bizi başa düşsün. Məsələn, futbolçuların bəziləri xaricdə yaşaya bilmir, digərinin dil problemi var, başqa birinin xarakteri zəifdi, eləsi var pulu problem edir, məşqlərin ağırlığına dözə bilmir və s. Bu işi yalnız pula bağlamaq olmaz. Bu heç məntiqli də deyil. Elə hamının xaricə getməməsində səbəb pul ola bilər? Üstəlik, xaricə getməli olan gənc oyunçu burda nə qədər pul alır ki? Uzağı 500-1000 manat. Bunu hansısa Avropa klubları verə bilmir ki? Bəzi şeylər söz xatirinə deyilməməlidi. Bu gün gənc futbolçular “Qəbələ”də aldığı maaşı xaricdə də ala bilərlər. Baxın, kim cəhd edir, bu uşaqların arxasınca düşüb, onların problemlərini həll etməyə çalışır? Futbolçuların xaricdə məişət, qida, mentallıq problemləri var. Bunları edib uzun zaman gözləmək lazımdı. Ona görə heç kimin marağında deyil. Sonra da deyirlər ki, pul problemi var, nə bilim nə var. Başa düşmürəm, problemsiz iş var? Bunun üstünə getməlisən ki, həll edə biləsən. Lotereya almasan, avtomobil uda bilərsən? Oyunçuların xaricdə qala bilməməsi, darıxması yekun səbəb deyil. Sadəcə, səbəblərdən biridi”.
HƏSƏN