Sizin reklam burada

Koronavirus olmasaydı...

Baxış Sayı:244


Amin Seydiyevin “Qəbələ”dən “Sabah”a gözlənilən keçidi sizə nələrisə xatırlatdımı? Sizi bilmirəm, mənə mövsümlərarası dövrü xatırlatdı. Sanki heç koronavirus yoxdu, yay “transfer pəncərəsi”nin ilk keçidi reallaşıb, sabah “Qarabağ”, ertəsi “Neftçi”, növbəti gün “Keşlə” “Sabah”ın transferinə transferlə cavab verəcək, heyəti gücləndirmək yolunda əməli addımlar atacaqlar.
Bu lənətəgəlmiş koronavirus olmasaydı, indi biz tam fərqli mətləblərə toxunardıq, siz də qəzetin səhifələrində başqa yazılar oxuyardız. Virus dünya futbolunun təqvimini alt-üst etməsəydi, artıq həm ölkə çempionatı, həm də kuboku haqda keçmiş zamanda danışardıq. Mayın 10-da 28-ci ölkə çempionatına yekun vurulacaq, 6 gün sonra isə kubok sahibini tapacaqdı. Avrokuboklara vəsiqə qazanan komandalar əl-qolunu çırmalayıb, transfer çalışmalarına başlayacaqdı. Avrokubok oyunlarının həyəcanı uzaqda ikən böyük futbol qapımızı döyəcəkdi. Bakı iyunda Avropa çempionatının 3, iyulda isə 1 oyununu qəbul edəcəkdi. Həmvətənlərimiz cani-könüldən Türkiyə yığmasına azarkeşlik edəcəkdi, Bakı bura gələn əcnəbiləri də qoynuna alıb, tam bir bayram yerinə çevriləcəkdi.
Əlbəttə, bütün bunlar “korona” gəlməsəydi, olacaqdı...
Əlbəttə, təkcə adamlar yox, xəstəliklər də müvəqqətidi, qonaqdı, gəlibsə, gedəcəyi gün də olacaq...
Əlbəttə, “korona”nın insana və insanlığa azacıq xidməti də dəydi. Hər kəs həyatın fani olduğunu, zamanı dəyərləndirməyin vacibliyini bir daha anladı. Məncə, acı da olsa, bu da bir dərsdi!
ORXAN

Oxşar xəbərlər
SON XƏBƏRLƏR