Sizin reklam burada

Əməkdar məşqçi ölüm-qalım mübarizəsi aparır

Baxış Sayı:429


Kamal Ələkbərov: “Əməliyyat üçün təxminən 60 min manat lazımdı”
Boks üzrə əməkdar məşqçi Kamal Ələkbərovun səhhətində ciddi problemlər meydana çıxıb. Oktyabrda 43 yaşını qeyd edəcək mütəxəssis qaraciyər serrozundan əziyyət çəkir. Ələkbərov təcili əməliyyat olunmalıdı. Əks halda...
Onunla elə yaşadığı binanın qarşısında görüşdük. Mən gördüyüm, uzun illər tanıdığım Kamaldan əsər-əlamət qalmamışdı. Özünü nə qədər şux tutmağa çalışsa da, hiss olunurdu ki, insan əziyyət çəkir, xəstəlik onu “sındırır”. Həmişə gülərüz görməyə adət etdiyim Ələkbərov bu dəfə çətinliklə danışır, tez-tez fasilə verməli olurdu.
- Son illər səhhətində problemin yaşandığını eşitmişdim. Ancaq bilmirdim ki, bu qədər ciddidi. Hətta bir ara sənə yardım üçün bank hesabı da açılmışdı. Prosesin sonu necə oldu?
- Bəli, yardım üçün bank hesabı açılmışdı. Təəssüf ki, lazım olan qədər vəsit yığılmadı.
- Xəstəliyin barədə məlumat verərdin.
- Bir müddət əvvəl ödümdən əməliyyat olundum. Həmin vaxt həkimlər qaraciyərimdə problem olduğunu bildirdilər. Ondan sonra müayinədən keçdim, analizlər verdim, bir neçə həkimin qəbulunda oldum. Hamısı eyni sözü dedilər, bildirdilər ki, qaraciyərim serrozdu. Təcili əməliyyat olunmalı olduğumu vurğuladılar. Ona görə də mən xalqımdan, Cənab Prezidentimiz İlham Əliyevdən, birinci vitse-prezident, Heydər Əliyev Fondunun rəhbəri Mehriban xanım Əliyevadan dəstək, kömək istəyirəm.
- Uzun illərdi boksdasan, əməkdar məşqçisən. 2010-15-ci illər aralığında “Gilan” İdman Klubunun boks üzrə baş məşqçisi olmusan. Kömək üçün klub rəhbərliyinə müraciət etmisən?
- Bəli, 5 ilə yaxın “Gilan”ın boks komandasının baş məşqçisi olmuşam. Boksçularımız arasında dünya və Avropa çempionları olub. Yetirmələrimin arasında da qitə çempionatında, müxtəlif beynəlxalq turnirlərdə bayrağımızı ucaldan, himnimizi səsləndirən idmançılar var. Açığı, nəinki “Gilan” İdman Klubunun rəhbərliyinin, heç Boks Federasiyasının prezidenti Kəmaləddin Heydərovun da mənim durumumdan xəbəri yoxdu. Fürsətdən istifadə edib qəzertiniz vasitəsilə Kəmalləddin müəllimdən də xahiş edərdim, əməliyyat olunmağıma kömək etsin.
- Yetirmələrin sənə yardım edirmi?
- Əksəriyyəti gənclərdi. Onlardan nə ummaq olar? Yanıma gəliblər, gücləri çatandan kömək göstəriblər. Burda söhbət xırda-para maliyyədən getmir. Əməliyyat üçün böyük vəsait tələb olunur. Gənc idmançı həmin xərci qarşılayacaq iqtidarda deyil. Bu məsələ dövlət səviyyəsində həll olunmalıdı.
- Əməliyyat üçün nə qədər vəsait tələb olunur?
- Həkimlərin rəyinə əsasən qaraciyər dəyişməlidi. Qaraciyərə gedən şah damarımda, 14 faizlik qanı alıb ötürən damarda tutulma gedir. Artıq bu göstərici 9 faizə düşüb. Yəni gündən-günə vəziyyət daha da ağırlaşır, kritik həddə çatır. İlk növbədə əməliyyat üçün donor tələb olunur ki, artıq donor tapılıb. Ancaq əməliyyat üçün təxminən 60 min manat lazımdı. Donoru nəzərə almasaq, 40-45 min manat tələb olunur.
- Kömək üçün hansısa quruma və ya kimlərəsə müraciət etmisən? Əməkdar məşqçi olduğundan ən azı Gənclər və İdman Nazirliyinə müraciət edə, vəziyyətin barədə məlumat verə bilərdin. Eyni zamanda Səhiyyə Nazirliyinə də üz tutmaq olardı.
- Ödüm çıxarılandan sonra başım bir qədər qarışıq oldu. Ciyərimdəki problemlə bağlı çox həkimlə görüşdüm, analizlər verməli oldum. “Bu gün-sabah” deyə-deyə, bir də onda ayıldım ki, vəziyyət lap ağırlaşıb. 4-5 ay öncə əməliyyat olunmalıydım. Ancaq maddi çətinlik səbəbindən əməliyyata gedə bilmədim. Sonuncu müayinədən sonra həkimlər vəziyyətimin kritik olduğunu bildirdilər. Kömək üçün heç bir nazirliyə müraciət etməmişəm. Ancaq Sumqayıt şəhər Gənclər və İdman Baş İdarəsi durumumdan xəbərdardı. Şəhərin icra başçısı Zakir Fərəcova da vəziyyətimlə bağlı məlumat verilib.
- Hansısa formada yardım göstəriblər?
- Açığı, nə qəbullarında olmuşam, nə də üzbəüz oturub kiməsə dərdimi demişəm.
- Bəs nə bilirsən ki, sənin xəstəliyindən məlumatlıdılar?
- Arada gəzən söz-söhbətə əsasən belə deyirəm. Bildiyim qədər hər şeydən xəbərdardılar.
- Federasiya prezidenti Kəmaləddin Heydərovun boksdan daha vacib işləri olduğundan durumundan xəbərsiz olması anlaşılandı. Bəs federasiyada çalışan və rəhbər post tutan digər rəsmilərin xəbərləri var?
- Bəlkə də hardansa, kimdənsə eşidiblər. Ancaq özüm şəxsən federasiyaya müraciət etməmişəm.
- Azərbaycanda əməliyyat oluna bilərsən, yoxsa xaricə yollanmalısan?
- Azərbaycanda da belə əməliyyatlar keçirilir. Gömrük Hospitalında əməliyyat oluna bilərəm.
- Bu gün sənin çalışdığın idman məktəbinin rəhbəri olimpiya mükafatçısı Fuad Aslanovdu. Aslanovun, demək olar ki, bütün dövlət orqanlarına çıxışı var. Nüfuzundan istifadə edib sənin probleminə kömək edə bilməz?
- Fuad müəllim mənə çox kömək edib, hər zaman dəstək verib. Buna görə ona təşəkkür edirəm. Əslində özüm də razı olmamışam ki, Fuad müəllim kiməsə mənə görə ağız açsın. Ancaq bu gün artıq bıçaq sümüyə dirənib. Təcili əməliyyat olunmalıyam. Təxminən bir ay vaxtım qalıb. Əməliyyat olunmayacağım halda necə olacağımı deyə bilmərəm. Hər şey Allahın əlindədi.
RƏŞAD

Oxşar xəbərlər
SON XƏBƏRLƏR