Sizin reklam burada

Kurtinaytis 300 nəfər qonaq üçün qəsr icarəyə götürüb

Baxış Sayı:295


“Şeyxlərin təqdim etdiyi medal təmiz qızıldandı və mükafatlarım arasında ən ağırıdı”
Basketbol üzrə milli komandamızın sabiq baş məqşçisi Rimas Kurtinaytis mayın 15-də 60 yaşını qeyd edib. Əslində pandemiya dönəmində “qeyd edib” ifadəsi yerinə düşmür. Təcrübəli mütəxəssis hazırda Kaunas ətrafındakı evindədi və mütəmadi olaraq internet üzərindən rəhbərlik etdiyi “Ximki”nin basketbolçularına məsləhətlərini verir. Karantin üzündən Rusiyada mövsüm yarımçıq dayandırıldığından başqa variant da yoxdu.
1988-ci ilin olimpiya çempionu, “Jalgiris”in və SSRİ yığmasının əfsanəsi bu günlərdə ən çox axtarılan şəxslərdən olub. Belə ki, yubileylə bağlı bir çox Litva və Rusiya nəşrləri ondan müsahibələr götürüb, yazılar dərc edib. Kurtinaytisin açıqlamalarından maraq kəsb edən hissələrlə tanış olmağa dəyər.
* Karantinə görə variantlar azdı. Hətta evə belə 3 nəfərdən artıq adamı çağırmaq olmaz. Mən də qanunu pozmadım, çünki bu ilk növbədə övladlarımın və nəvələrimin sağlamlığıdı. İstənilən halda çoxdandı ad günümü qeyd etmirəm. Oyunlara görə iyunun sonuna təxirə salırdım. Bu dəfə ənənəni pozmayacam. Ad günlərim sakit keçmir. 10 il öncə 300 nəfər üçün qəsr icarəyə götürmüşdüm. Qonaqların çoxunu tanımasam da, onlar məni tanıyırdılar. İdman naziri olarkən 40 yaşımı elə qeyd etdim ki, hətta qəzetlərə də düşmüşdüm. Üzürlü sayın, detalları açıqlamayacam. Açığı, indi bir gün içəndə toparlanmaq üçün üç gün lazım gəlir. Gənclik illərində isə tərsinə idi. Əlbəttə, orqanizm hər şeyi deyir. Amma özümü əla hiss edirəm. Bilmirəm, 60 yaşlıların hamısında belədi? Hərçənd seks və televizor arasında seçim etməli olsam, televizora üstünlük verərəm (gülür). Xüsuslə yaxşı film olanda.
* Kaunas ətrafında yerləşən evimdəyəm. Böyük bir ərazidi, yaxınlıqda meşə var. Velosiped sürürəm, meşədə gəzirəm. Təsərrüfat işləri ilə məşğul oluram: ot biçirəm, alma, armud, gavalı əkirəm. Düzdü, bugünlərdə möhkəm qar yağdı və əkdiklərimin buna necə tab gətirəcəyini bilmirəm. Payızda görərik. Üstəlik, sonradan dolu da düşdü. Görünür, bağbanlıq üçün münasib vaxt seçməmişəm. Həyat yoldaşımla erkən yuxudan durub qarı təmizlədik. Ən yaxşısı bacardığın işi görməkdi – basketbol oynamaq və pivə içmək.
* Moskva ilə müqayisədə burda karantin qaydaları daha sərtdi. Maskasız küçəyə çıxmaq 250 avro cərimədi. Və heç bir bəhanə keçərli deyil. Eyni qaydanı ikinci dəfə pozsan, 500 avro “tərləyəcəksən”. Avtomobildə iki nəfərdən çox ola bilməz. Mağazaya əlcəksiz girməyə icazə verilsə də, girişdə əli spirtləməlisən. Hətta mənim kimi tanınmış şəxslərə də güzəşt yoxdu. SSRİ dönəmində ola bilərdi, indi isə mümkün deyil. Üstəlik, səni televizorda göstərib, bütün Litvada “populyarlaşdıracaqlar”. Axı, qaydanı pozmağa nə gərək var? Bu ki adi yox, sağ qalmaq uğrunda oyundu. Bəli, Litvada qaydalar çox sərtdi. Amma eyni zamanda Avropa İttifaqında koronavirusa yoluxma ilə bağlı ən yaxşı göstərici bizdədi. Tədricən yumşalmalar baş verir. Restoranların açıq damında bir stolda iki nəfər olmaqla oturmaq mümkündü. Stollar arasında məsafə də 5 metrdən az olmamalıdı. Bazar ertəsindən bütün bar və restoranlar açılacaq. Bugünlərdə ilk dəfə Frankfurta təyyarə reysi də təşkil olundu.
* Balıq tutmaq üçün bir neçə günlük Kaunasın 80 kilometrliyində yerləşən gölə getdim. Ovum məhsuldar alındı, çoxlu karp tutdum. Bu həvəs mənə atamdan keçib. Vaxtilə məni balıq tutmağa aparanda hətta məktəbə getməməyimə də göz yumurdu... Yox, dostum Sabonis mənimlə birgə deyildi. Onunla telefonla danışırıq. Karantin üzündən ayyarımdı görüşə bilmirik. Özü də tək onunla yox, bütün dostlarımla. Biz qanunlara riayət edən adamlarıq və məsələnin ciddiliyini anlayırıq. Deyilənə görə, iyunun 1-də karantini götürəcəklər. Bax, onda Sabasla görüşəcəyik. İndi isə zəngləşirik və bir-birimizə karantinlə bağlı məzəli videolar atırıq.
* “Ximki” ilə Kaunasda “Jalgiris”ə 11 xal fərqi ilə uduzduq. Yaxşı oyun alındı, sabiq komandam güclü təsir bağışladı. Əlbəttə, bütün qonaq komandalar kimi, bizi də fitlə qarşıladılar. Kaunasda xüsusi azarkeşlər var.
* Oğlum Qedryus məşqçilər korpusunda yer alır. İşindən razıyam. Daha bir məşqçi ilə skaut işinə baxır. Birbaşa küçədən gəlməyib, basketbol oynayıb, Litvanın gənclər yığmasının şərəfini qoruyub. Son iş yeri Çində olub, mən qaytardım geri. İşi ağır və məsuliyyətlidi. Amma öhdəsindən gəlir. Mənim korpusumda heç kim “boşala” bilməz.
* “Ximki”nin Avroliqada qeyri-sabit çıxış etməsinin səbəbi çoxsaylı zədələrdi. Düz bir ay 5 legionerin xidmətindən yararlana bilmədik. Hamı sıraya dönəndən sonra isə 6 oyunun 5-də qalib gəldik. Hazırda komanda 7-ci yerdədi. Karantinə kimi yaxşı sürət yığmışdıq, təqvim də münasib idi. Həqiqətən də “8-liy”ə düşmək üçün əla şansımız var. Karantin heç yerinə düşmədi. Mən mövsümün bərpasının tərəfdarıyam. Amma bilmirəm, oyunçuları necə bir araya gətirəcəyik. “Srvena Zvezda” və “Partizan” məşqlərə başlayıb. Və deyilənə görə, oyunçuların hazırlıq səviyyəsi ürəkaçan deyil. Yalnız evdə məşq etməklə alınmır. Başlasaq, bizə hazırlıq üçün iki həftə verəcəklər. Axı, bu vaxt ərzində necə formaya düşmək olar? Bu, bir problemdi. İkinci problem amerikalı legionerlərlə bağlıdı. Onlar Avropaya necə gələcəklər? Başqa bir məqam: oyunçular sağlamlıqları ilə risk edəcəklər? Suallar çoxdu. Avroliqanın rəhbərliyi mayın 24-də qərar verməlidi.
* Bədən Tərbiyəsi və İdman Departamentində çalışdığım vaxt Avropadakı konfransdan sonra səyahət zamanı İlham Əliyevlə görüşdüm. Həmin vaxt Milli Olimpiya Komitəsinə və Azərbaycan Neft Şirkətinə rəhbərlik edirdi. Ölkə prezidenti isə atası Heydər Əliyev idi. İlham Əliyev mənə Azərbaycanda basketbolu inkişaf etdirməyi təklif etdi. Nə vaxtsa onların SSRİ çempionatının ikinci liqasında yaxşı komandası olub. Biz ilkin olaraq danışdıq və mənə bu sözləri dedi: “Bakıya gəlin, baxın, məsləhətləşək. Alınmasa, problem deyil, mən sizi qonaq kimi dəvət edirəm”. Əlbəttə, məni Bakının mərkəzində oteldə ən yüksək səviyyədə qəbul etdilər. Gül əvəzinə meyvələr, çiyələk və albalı qoyulmuşdu. Sonra İlham Əliyevin evinə getdim. Düşünürəm ki, nədənsə başlamaq lazım idi. Və mən razılaşdım.
* Xahiş etdim ki, ölkənin bütün ən yaxşı basketbolçularını gətirsinlər. Otuza yaxın, təxminən 195 sm boyu olanları topladılar. Onların arasından ən istedadlı 10 nəfəri seçdim. Bəziləri səhər 10-da və ya yarım saat gec başlayan məşqə gəldi. Bu, mənə hər şey etmək imkanı verirdi. 8 komanda yaratdıq, üzvlük haqqı tətbiq etdik. Onlar buna qədər qəribə formatda oynayırdılar. Üç aydan bir mərhələ keçirirdilər. Mən adi 8 aylıq çempionat qurdum, istirahət günləri oynamağa başladıq. Basketbolçu çatışmırdı. Bakıda “Qala” komandası yaratdıq. Darius Lukminası, sonra bir neçə litvalını dəvət etdim. Klublar legionerlər dəvət etdi. Bir imkanlı şəxsin rəqabətədavamlı komandası peyda oldu. Onların arasında “Jalgiris” və “Ritas” arasındakı kimi mübarizə başladı. Yarışı reklam etmək üçün özüm televiziyaya getdim. Gənclərdən ibarət komandalar da formalaşdırdım. Biz Qafqaz Liqası üçün layihə də yaratdıq. Lakin bu ideya ermənilərlə münaqişə üzündən alınmadı. İlk bir il mənim üçün bir həftə kimi keçdi. Səhər 8-də işə başlayır, yalnız axşam 9-10-da qayıdırdım. Çünki strukturu formalaşdırana qədər yollarda və ofislərdə vaxt keçirirdim. Çempionat yaxşı alındı. Yalnız hakimliyin səviyyəsi axsayırdı. Münaqişələr də olurdu ki, azarkeşlər də meydana axışırdı. Bir dəfə öz oyunçularımı da çətinliklə meydandan çıxardım. Avropa kubokunda Perm təmsilçisi ilə başabaş mübarizə apardıq, “Nikolayev” və “Valmiera” komandalarına qalib gəldik.
* Yığma ilə Səudiyyə Ərəbistanına ilk İslam Həmrəyliyi Oyunlarına getmişdik. Məhəmməd Peyğəmbərin dəfn olunduğu Mədinədə, həm də Məkkədə oldum. Müqəddəs səfərlər zamanı oranı 3 milyon adam ziyarət edir. Bütün ayinləri yerinə yetirib, qızıl qapılardan keçdim. Dünyanın hər yerindən müsəlmanlar ildə bir dəfə ora gəlir. Amma əcnəbilər şəhərin mərkəzinə buraxılmır. Məşqçi kimi oyunlarda iştirak etmək üçün müsəlman geyimi geymişdim. Dini ayinlərə əsasən mərmər yolla ayaqyalın 7 dəfə keçdim. Turnirdə birinci olduq. Şeyxlərin təqdim etdiyi medal təmiz qızıldandı və mənim bütün mükafatlarım arasında ən ağırıdı. Olimpiya Oyunlarının medalları qızıl suyuna salınsa da, sonradan qaralır. Səudiyyə Ərəbistanında qazanılan medal bir kiloya yaxın təmiz qızıldandı.
* Azərbaycanda hər şeyə sıfırdan başladım. Həm uşaqları, həm yığmanı çalışdırdım. Onda başa düşdüm ki, məşqçi kimi işləyə bilərəm. Baxmayaraq ki, hər yaxşı basketbolçu yaxşı məşqçi olmur.

Oxşar xəbərlər
SON XƏBƏRLƏR