Sizin reklam burada

“Qarabağ”ın həkimi fikir bildirməkdə çətinlik çəkir

Baxış Sayı:465


Səhhət Rüstəmzadə: “Bizə test aparılması barədə göstəriş verilib, biz də buna uyğun addım atmışıq”
Bir neçə gün əvvəl AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədovun PFL və klub rəsmilərini videokonfransda başına yığıb müzakirə aparması xoş gələcəyə ümid verdi. Həmin görüş boşuna deyildi. Konkret detalların ictimaiyyətdən gizli saxlanılması barədə göstəriş verilsə də, klublarda koronavirus testinin aparılmasına dair tapşırığı hamı gördü və bildi.
Bu gün növbəli prinsiplə bütün komandalarda koronavirus testi aparılır. Artıq prosesin başa çatmaq üzrə olduğunu deyə bilərik. Hələ ki virusa yoluxan yoxdu. Bunu bir qırağa qoyaq. Məsələnin maraqlı tərəfi testin bu gün aparılmasıdı. Təsəvvür edin, məşqlər və oyunlar bərpa olunmayıb. Üstəlik, bərpa ilə bağlı dəqiq tarix də göstərilmir. Amma klub və komanda üzvlərindən test götürülür, nəticələrə baxılır.
Ölkədə karantin rejimi kifayət qədər yumşaldılıb. İctimai nəqliyyat əvvəlki qaydada fəliyyət göstərir, parklara girişə məhdudiyyət yoxdu və ən əsası, ictimai iaşə obyektləri işləyir. Yəni bundan sonra futbolçular, məşqçilər və onların ailələri əvvəlkitək evə qapanmayacaq. Parka da çıxacaqlar, restorana da baş çəkəcəklər. Belə olan halda isə pandemiyaya yoluxmaq şansı kifayət qədər artır. Çünki yoluxma hələ də davam edir, ölüm faktları göz qabağındadı. Bu isə o deməkdi ki, test mərhələsini uğurla adlayan kimlərsə önümüzdəki günlərdə virusa yoluxa bilər. Belədə testə görə bu qədər maliyyənin xərclənməsi, vaxt itirilməsi nəyə görədi? Qəribədi, deyilmi?
Elə bu qəribəliyə aydınlıq gətirmək üçün ölkənin üzdə olan komandasının – “Qarabağ”ın həkimi Səhhət Rüstəmzadə ilə əlaqə saxladıq. Təcrübəli təbibə “məşqlər və çempionat bərpa olunmadığı halda bu gün test götürməyin nə mənası var” sualı verib, cavabını dinlədik: “Sevindirici haldı ki, testin nəticələri ürəkaçan oldu. Yəni heç kimdə koronavirus aşkarlanmadı. Dediyiniz məsələyə gəlincə, buna rəy verməyə səlahiyyətim yoxdu. Nə mənada? Yəni bizə test aparılması barədə göstəriş verilib, biz də buna uyğun addım atmışıq. Operativ Qərargahın göstərişlərinə əməl edirik. Testdən keçən tək futbolçu və məşqçilər heyəti olmadı. Komanda üzvləri ilə təmasda olan klubun hər bir işçisi yoxlandı. Rəhbər şəxslərdən tutmuş stadiona qulluq edən işçilərə qədər hamı testdən keçdi. Kiminsə qarşıdakı günlərdə virusa yoluxa biləcəyini deyirsiz. Allah göstərməsin, belə bir hal yaşansa, virusun simptomları özünü dərhal göstərəcək və həmin şəxs dərhal nəzarətə götürüləcək, kollektivdən uzaq saxlanılacaq. Bir də ki, hamıya evdə qalmaq, kütlədən uzaq olmaq tapşırığı verilib. İdmançıların özləri də sağlamlığın qayğısına qalır”.
Başqa bir sual doğuran məqama keçək. Qeyd etdiyimiz kimi, karantin rejimi yumşaldılıb, küçələrdə insan axını müşahidə olunur. Ərazisi kiçik olan kafe-restoranlarda onlarla insan görmək olur. Avtobus birdən-birə 30-40 nəfəri daşıyır. Metronun bir vaqonunda 50-dən artıq insana rast gəlmək mümkündü. Bütün bunlar varkən, futbolun bərpası ilə bağlı gecikmənin səbəbi nədi? Həqiqətənmi futbol oynamaq metroda ağız-ağıza yol getməkdən daha təhlükəlidi? Məgər virus açıq hava ilə müqayisədə qapalı yerdə daha tez və çox yayılmır? Sual sırf ona aid olmasa da (qərar verən o deyil – H.), bir həkim kimi Səhhət bəyin mövqeyi maraqlıdı: “Gündəlik həyatda, yəni dediyiniz restoranda, yaxud ictimai nəqliyyatda insanlar bir-birini tanımır deyə, istər-istəməz özlərini qorumaq haqda düşünürlər, küçədə hər gördükləri adamla əl sıxıb görüşmürlər. Amma futbol elədi ki, hər nə qədər qorumağa çalışsaq da, bir komandanın üzvləri bir-biri ilə təmasda olur, qucaqlaşıb görüşürlər. Oyunu demirəm, adi məşq prosesini götürək. Baş məşqçi oyunçuları başına yığıb məsləhətlərini, tapşırıqlarını verir, ikili mübarizələr olur. Bundan başqa, oyun epizodunda narazılıq olanda birdən-birə 5-10 nəfər bir yerə yığışır. Qayda pozuntusu, cərimə zərbəsi, “canlı sədd” zamanı istəsək də, istəməsək də, bir-birinə sıx olurlar. Dediklərim açıq havada müşahidə edə biləcəklərimizdi. Bunun digər tərəfi var, paltardəyişmə və duş otaqları. Oyun başa çatan kimi 20-25 nəfər kiçik bir otağa daxil olur, paltar dəyişirlər, növbə gözləyirlər. Allah eləməsin, hansısa biri virus daşıyıcısı olsa, birdən-birə 15-20, bəlkə də 25-30 nəfəri yoluxdura bilər. Ona görə də aidiyyatı orqanlar son dərəcə diqqətli olmağa çalışırlar.
Mən bu məsələdə qərarsızam. Konkret nəsə deməyim doğru olmaz. “Futbol başlamalıdı, yoxsa qeyri-müəyyənlik davam etməlidi” sualına cavab vermək mənim üçün çətindi. Çünki sırf bu işin içində deyiləm, Operativ Qərargahın iclaslarında, müzakirələrində iştirak etmirəm. Qərargahın qərarları bir neçə saatın, bəlkə də yarım günün müzakirələri əsasında verilir. Həmin müzakirələrdə iştirak etsəm, təklifləri dinləsəm, yəni sırf bu işin içində olsam, nəsə demək mümkün olar. Amma indiki vəziyyətdə qərarsızam. Hansı qərar veriləcəksə, ona da əməl edəcəyik”.
HƏBİB

Oxşar xəbərlər
SON XƏBƏRLƏR