Sizin reklam burada

Mehman Allahverdiyev cəzalı ola-ola meydana çıxıb

Baxış Sayı:349


“Neftçi”yə keçməsəymiş, Əfqanıstana yola salınacaqmış...
Gəncə futbolunun “xaç atası”, uzun illər “Kəpəz”də baş məşqçi olmuş, rəhbər vəzifərlər tutmuş Mehman Allahverdiyev bugünlərdə “Xəmsə” fanklubunun təşkil etdiyi canlı yayında futbolsevərlərin suallarını cavablayıb. Müəyyən ixtisarlarla həmin görüşdə səslənən fikiləri sizlərə təqdim edirik.
* Bir yerdə ki “Kəpəz”in adı çəkilir, mən bu söhbətə razılıq verməyə bilməzdim. Bilirsiz ki, “Kəpəz” mənim həyatımdı. Düzdü, futbolçu kimi bir ara “Neftçi”də də oynamışam. Ancaq mənim bütün uğurlarım “Kəpəz”lə bağlıdı. Və bu klubu atıb heç vaxt heç hara getməmişəm.
* “Kəpəz”ə ilk gəlişim 1977-ci ilə təsadüf edib. Həmin vaxt 10-cu sinifdə oxuyurdum. Birinci qolumu isə Ermənistanın təmsilçisi “Şirak”a vurmuşam. Həmin görüşdə komanda 1:2 hesabı ilə uduzurdu. Gənc oyunçu olduğumdan məni matçın sonuna 20 dəqiqə qalmış meydana buraxdılar. Və mən fərqləndim. Oyun 2:2 hesabı ilə baça çatdı. 80-ci illərin əvvələrində məni artıq “Neftçi”yə dəvət edirdilər. Açığı, Bakı klubuna keçmək istəmirdim. Onda mənə dedilər ki, razı olmasan, səni futboldan siləcəyik. Rəhmətlik Fuad Musayevlə söhbət əsnasında bildirdi ki, hərbi xidmətdə də olmamısan. Həmin vaxt da məni iki çağırış saxlamışdılar. Musayev “razı olmasan, səni əsgərliyini çəkmək üçün Əfqanıstana göndərəcəyik” dedi. Mən də məcbur olub təklifi qəbul etdim.
* 1983-cü ildə Mingəçevir “Avtomobilçi”si ilə matçda hakim rəhmətlik Ədalət idi. Soyadını unutmuşam. Onu da qeyd edim ki, o piano çalırdı. Həmin görüşdə topla irəli gedərkən rəqib oyunçu məni yıxdı. Hakim isə mingəçevirlilərin xeyrinə qərar verdi. Buna görə aramızda mübahisə düşdü. Mən onu itələdim. O da qarşılıq verərək məni itələyəndə onu vurdum. Ədalət məni meydandan qovdu. Mənim qovulmağım bizim azarkeşləri özündən çıxardı. Həmin illərdə stadionda oturacaqlar taxtadan idi. Tərəfdarlarımız taxtaları qırıb qarşı tərəfin azarkeşləri ilə davaya girişdilər. Oyunun Mingəçevirdə keçirilməsinə baxmayaraq, stadionda gəncəli azarkeşlərin sayı daha çox idi. Milislər çətinliklə davanıın qarşsını aldı. O anda Gəncənin Cinayət Axtarış Şöbəsinin rəisi Əhəd müəllim mikrofonu götürüb “Əhəddi danışan, xahiş edirəm, sakitləşin” söylədi. Azarkeşlər isə bir şərtlə, Mehman meydana qayıdacağı halda oyunun davam etməsinə imkan verəcəklərini bildirdilər. Əhəd müəllim də onlara “narahat olmayın, Mehman oynayacaq” dedi. Mənə də qırmızı vərəqə veriblər, necə oynaya bilərəm? Elə oldu ki, “Avtomobilçi” 90-cı dəqiqədə qol vurdu. Bu gəncəliləri lap özündən çıxardı. Qarşılaşmadan sonra şəhərdə yenə, ancaq bu dəfə daha çox adamın iştirakı ilə dava-dalaş oldu, maşınlar yandırıldı.
* 1993-cü ildə “Kəpəz”ə baş məşqçi təyin olunsam da, AFFA məni təsdiq etməmişdi. Demişdilər ki, o özü xuliqandı, komandaya necə rəhbərlik edəcək? Niyə mən xuliqan olurdum ki? Hamı ilə münasibətim normal idi. Sadəcə, futbol oynayan zaman kiminləsə də dalaşmışdım. Bu hər bir oyunçunun karyerasında yaşana bilər. Bu üzdən 6 ay texniki zonada yer ala bilmədim, futbolçulara tribunadan göstəriş verirdim.
* Cəlilabad “Ümid”i ilə oyunumuz 13:1 hesabı ilə başa çatmışdı. Həmin matçda 10 qol vurmuşdum. Ancaq həmin qolları qeydə almadılar. Buna baxmayaraq, Rusiya mətbuatında bununla bağlı çox sayda yazılar dərc olunmuşdu. O qollar da qeydə alınsaydı, həmin mövsüm 40 qol mən vurmuş olacaqdım, 39-nu isə Nazim Əliyev. Musayev mənim 10 qolumu sildi, ancaq yekun nəticə qaldı.
* Füzuli (qardaşını nəzərdə tutur) də 10-cu sinifdə oxuyanda “Kəpəz”ə cəlb olunmuşdu. Toplanış zamanı komanda Bakıda MOİK-lə yoxlama görüşündə üz-üzə gəlir. “Kəpəz”də futbolçu çox olduğundan ona deyirlər ki, sən rəqibin heyətində çıxış edəcəksən. Füzuli də həmin görüşdə “Kəpəz”in qapısından 2 top keçirir. Matçdan sonra ona deyirlər ki, sən öz komandanın qapısına qol vurduğuna görə düşərgədən uzaqlaşdırılırsan. Yazıq da cavabında “burda mənə şans vermirsiz, deyirsiz orda özünü göstər. Mən də göstərdim. İndi də deyirsiz niyə qol vurdun? Mən yazıq nə etməliyidim ki, “Kəpəz”ə layiq olduğumu sübut edim?” Füzulini bir də təxminən 6 aydan sonra yenidən “Kəpəz”ə dəvət etdilər.
* Ölkədə çempionat yarımçıq dayandırılan mövsüm idi. “Neftçi” ilə matçda bizim futbolçulardan birini meydandan qovdular. Rəqib bizim qapıya hücum edərkən heç kimin xəbəri olmadan ehtiyatda oturanlardan birini gizlicə meydana buraxdım. 14 dəqiqədən, özü də bizim azarkeşlər deyəndən sonra Kazbek Tuayev meydandakı futbolçuları sayıb hakimə etirazını bildirdi. Hakim onda ayıldı ki, bayaqdan meydanda bizimkilər 11 nəfərlə oynayırlar. O vaxt belə şeylər olurdu. Həmin mövsümün nəticələri qeydə də alınmadı. Bir dəfə də futbol oynadığım dönəmdə Poti “Torpedo”su ilə oyunda mənə qırmızı vərəqə verilmişdi. Mənim vərəqəmi bizim komandada olan Səməndər Babayevin adına yazmışdılar. Çünki qarşıdakı oyunlarda mənim meydanda olmağım vacib idi. Növbəti turda mən əsas heyətdə yer aldım. Səməndər isə formada ehtiyat oyunçular skamyasında otursa da, adı protokolda qeyd olunmamışdı. Bunun da heç nədən xəbəri yoxdu. Ondan sonrakı görüşdə də Səməndər ehtiyatda qalıb. Oyunun gedişində o dözməyərək baş məşqçiyə “niyə məni buraxmırsan” deyib. Baş məşqçi də cavabında “sənin qırmızı vərəqən var, ona görə də oynaya bilməzsən” söyləyib. Yazıq Səməndər heç nə başa düşməyib. Qarşılaşmadan sonra ona nələrin baş verdiyini izah ediblər.
* Baş məşqçi kimi çalışdığım ilk mövsümdə “Kəpəz” bürünc medallara sahib çıxdı. Sonrakı “futbol ili”ndə isə artıq çempion olmağı bacardıq. Və ən əsası o idi ki, həmin il heyətdə ancaq gəncəli futbolçular çıxış edirdi. Müstəqillik illərində qazandığımız ilk qızıl medalımız idi deyə çox sevinirdik. 1997/98 mövsümündə də çempionluq sevinci yaşadıq. Həmin ili də məğlubiyyətsiz başa vurduq. İkinci çempionluğumuz da bununla yaddaqalan oldu.
* Evimi, maşınımı “Kəpəz”in yolunda xərcləməyimə gəlincə, rəhmətlik Nəsibə Zeynalovanın sözü olmasın, bu hələ mənim xırda-para cehizim idi. Ev, maşın mənim xərclədiklərimin yanında heç nədi. Onların dəyərindən qat-qat artığını etmişəm. Nə onda, nə də bu gün fikirləşməmişəm ki, mən bunları nahaq etdim. Sponsor yox idi. Ailədə ata işləməsə də, övladlarının dolanışığını nə iləsə təmin etməlidi. Həmin vaxt futbolçuların da gözü məndə idi. Bir az dost-tanışım kömək edirdi, özüm xərcləyirdim ki, “Kəpəz” bəzi klublar kimi tarixin yaddaşına köçməsin. Bu illər ərzində qazandığım ad-san, hörmət xərclədiyim pullardan qat-qat artıqdı mənim üçün. Bu gün Gəncədə insanların mənə hörməti, ünsiyyəti, xeyirdə-şərdə yanımda olmaları dünya malından daha üstündü. Bu gün də hamı deyir ki, “Kəpəz”in adı çəkiləndə ilk növbədə Mehman Allahverdiyev yada düşür.
* Bu gün Gəncədə meydan var, ancaq stadion yoxdu. Burda mütləq yeni stadion inşa olunmalıdı. İstər mən işlədiyim dönəmdə, istərsə də indi “Kəpəz” AFFA-dan maliyyələşir. Ancaq bu məsələ elə tənzimlənməlidi ki, “Neftçi” olmur, baqa birisi olsun, hamıya eyni məbləğdə vəsait ayrılmalıdı. Birinə çox, birinə az pul ayırmaq düz deyil. Ən yaxşısı isə hər klubun öz sponsorunun olmasıdı.
* Hərdən jurnalistlərin yazılarına baxıram. Yazırlar ki, Gəncə tuneli heç kimin yadından çıxmayıb. Mən başa düşmürəm, o tuneldə nə olub ki? Orda ancaq Xankəndi “Qarabağ”ı və bir də “Turan”la görüşdə insident yaşanıb. Heç SSRİ vaxtında da orda dava-dalaş yaşanmayıb. Ona görə deyirəm ki, heç də həmişə söylənilənlər düz olmur.
* Mikayıl Nərimanoğlunun vaxtında pul yeyildi, nə bilim nə oldu deyirlər. Bizdə bəzən qarışqanı fil etməyi xoşlayırlar. Deyirlər ki, futbolçular üçün suya, “snikers”ə pul ayrılsa da, verilmirdi. Bu işlərə mən nəzarət edirdim. Heç vaxt belə şeylər olmayıb. Mikayıl müəllim, sadəcə, kurator idi. Ola bilsin, mən klubdan ayrılandan sonra nəsə olub. Nərimanoğlunun Sadıllı qəsəbəsində ev tikməsi? O evi istənilən adam tikdirə bilər. Mikayıl müəllim evi kluba ayrılan pulların hesabına tikdirirdisə, niyə bunu stadionun yanında edirdi? Ev də deyəndə... Villa deyil, bir şey deyil. Xudmani bir evdi. Ona torpağı Elmar Vəliyev vermişdi. Torpaq havayı olandan sonra bir qalır sement, taxta və kubikə pul xərcləmək. Nərimanoğlu neçə il işləmişdi. Yəqin ki elə ev tikməyə gücü çatardı.
* Bu günə kimi “Kəpəz”dən niyə uzaqlaşdırıldığımın səbəbini bilmirəm. Mənə o qədər pis təsir etmişdi ki, bir ara heç futbola baxmırdım. Çempionlar Liqasının finalını belə izləmirdim, mətbuatı oxumurdum. Özüm-özümə əsəbləşirdim.
* Gəncədə böyük futbol olanda premyer-liqaya da rəng qatılır. Birinci divizionda uşaqların oynaması, stadiona 50-100 azarkeşin gəlməsi o demək deyil ki, Gəncədə futbol var.
RƏŞAD hazırladı

Oxşar xəbərlər
SON XƏBƏRLƏR