Pandemiya səbəbindən ölkənin futbolsuz günləri davam edir. Futbol ictimaiyyəti, idman mediası, azarkeşlər hər həftənin cümə gününü böyük səbirsizliklə gözləyir və hər dəfə də ümid edir ki, futbolun da adı karantinin yumşaldığı sahələr arasında çəkiləcək. Təəssüf ki, “idmanın şahı”, milyonların sevimli oyunu “oyundankənar vəziyyət”də qalıb. Və bu gedişlə mayın 31-nə kimi ölkə futbolsuz qalacaq.
Hərçənd ötən həftə aldığımız siqnallar, müxtəlif düşərgələrdən gələn xəbərlər bizi sevindirmişdi. Klubların məşqləri bərpa edəcəyi, çempionatın iyunun əvvəlində qaldığı yerdən davam edəcəyi söylənilirdi. Klublar Komitəsinin son iclasında müzakirə olunan məsələlər (əvəzetmə sayının artırılması, komanda üzvlərinin koronavirus testindən keçirilməsi) nikbin fikirləşməyə əsas verirdi. Düzdü, premyer-liqanın bərpa olunacağı yenə gündəmdədi. Söylənilənlərə inansaq, 5 gün tez, 5 gün gec bu məsələ yoluna qoyulacaq, elita klubları 2019/20 mövsümünü başa vuracaqlar. Ancaq birinci divizionun və AFFA-nın bayrağı altında təşkil olunan müxtəlif yaş qrupları üzrə çempionatların davam etdiriləcəyi real görünmür. Etibarlı mənbədən əldə etdiyimiz bilgiyə əsasən artıq liqalarda mövsümün başa çatdığı ilə bağlı AFFA klublara məlumat göndərib. Divizionun taleyinə gəlincə, burda da, demək olar, hər şey bəllidi. AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədov Klublar Komitəsinin toplantısında premyer-liqa klublarına koronavirus testindən keçmək üçün maliyyə yardımı ayrılacağını bildirdiyi halda, divizion təmsilçilərini yada salmayıb. Bu da ondan xəbər verir ki, aşağı dəstədə mövsümü başa çatmış hesab etmək olar.
Yeri gəlmişkən, Avropanın bəzi ölkələrinin futbol qurumları, eləcə də Rusiya Futbol İttifaqı birinci divizionda mövsümün erkən başa çatdığını açıqlayıb.
RƏŞAD