Sizin reklam burada

İsmayıllı Olimpiya İdman Kompleksindən məhkəməyə şikayət olundu

Baxış Sayı:296


Müavini Xamis Bədəlovun telefon nömrəsini bilmir
“Azəriqaz” İstehsalat Birliyi İsmayıllı Olimpiya İdman Kompleksi MMC-ni məhkəməyə verib. Buna səbəb idman kompleksinin təbii qaza görə yaranmış borcunu ödəməməsidi. “Azəriqaz” məhkəməyə müraciət edərək təbii qazdan istifadəyə görə yaranmış 2364 manat borcun İsmayıllı Olimpiya İdman Kompleksi MMC-dən tutularaq onlara ödənilməsini istəyib.
Cavabdeh istehlak edilmiş qazın dəyərini ödəmədiyindən onun təbii qazdan istifadəyə görə hesabında debitor borc yaranıb. Məhkəmə zamanı müəyyən edilib ki, kompleksin ödənilməmiş 339 manat borcu qalıb. Cavabdehin 339 manat debitor borcunun olması abonentin saldosu ilə öz təsdiqini tapır. İddiaçı borcun ödənilməsi ilə bağlı cavabdehə müraciət etsə də, cavabdeh borcunu ödəməyib. Mübahisə məhkəməyə çıxarılan zaman idman kompleksi borcun bir hissəsini ödəyib. Məhkəmə borcun qalan hissəsinin - 339 manatın İsmayıllı Olimpiya İdman Kompleksi MMC-dən tutularaq “Azəriqaz”a ödənilməsini istəyib.
Borcun nədən yarandığını, niyə vaxtında ödənilmədiyini aydınlaşdırmaq üçün dünən gün ərzində 4 dəfə İsmayıllı Olimpiya Kompleksinə zəng vurub, idman qurğusunun direktoru Xamis Bədəlovla danışmaq istədik. İlk zəngimiz nahar vaxtına təsadüf etdiyindən özünü kompleksin mühafizəçisi kimi təqdim edən Ərəstun Abbasov direktorun saat 14.00-dan sonra işdə olacağını bildirdi. Nahar vaxtı başa çatandan sonra Xamis bəylə danışmaq üçün yenidən komplekslə əlaqə saxladıq. Mühafizəçi direktorun hələ də gəlmədiyini bildirdi. Üçüncü cəhdimizdə də eyni sözləri eşidincə “zəhmət olmasa, Bədəlovun mobil nömrəsini bizə verin” söylədik. Mühafizəçi “onun nömrəsi məndə yoxdu. Təsərrüfat işləri üzrə müdir müavini burdadı. İstəyirsiz onunla danışın” deyib, dəstəyi ona uzatdı. Adının Elyar olduğunu bildirən təsərrüfat müdiri “Azəriqaz”a borclu olmadıqlarını söylədi. Daha sonra “müdir hələ burda yoxdu. Mühasib gəlsin, məlumatı onunla dəqiqləşdirib sizə bir söz deyərəm” söylədi. Elyar bəydən də Bədəlovun mobil nömrəsini istədik. Təsərrüfat işləri üzrə direktor müavininin cavabı bizi şoka saldı: “Məndə onun telefon nömrəsi yoxdu”. Müavinin direktorunun mobil nömrəsini bilməməsi, təbii ki, bizə inandırıcı gəlmədi, ancaq üstünü də vurmadıq. Nəhayət, dördüncü dəfə, saat 16.00-da yenə komplekslə əlaqə saxladıq. Mühafizəçi Abbasov direktorun gəlmədiyini söylədi. “Necə ola bilər ki, siz direktorun nömrəsini bilmirsiz? Birdən nəsə fövqəladə hadisə baş verdi, onda Xamis bəyi necə tapacaqsız” sualını o belə cavabladı: “Müdir adamdı, onunla durub müdirlik etməyəcəm ki. Ola bilsin, başı ağrıdığına görə işə qayıtmayıb. Nömrəsini də bilmirəm. İndi burda iki xadimə var. Onlardan hansısa nömrəni bilsə, sizə xəbər edərəm”.
Uzun sözün qısası, dünən bütün gün və dəfələrlə cəhd etsək də, İsmayıllı Olimpiya Kompleksinin şahənşahı, cənab Xamis Bədəlovla danışmaq xoşbəxtliyi bizə qismət olmadı. Ən acınacaqlısı isə direktorun rəhbərlik etdiyi kompleksdə yaratdığı bürokratik mühitdi. Xamis bəy tabeliyində olanların gözünün odunu necə alıbsa, mühafizəçi, direktor müavini belə onun mobil nömrəsini söyləməkdən qorxur. İndi “Azəriqaz”ın Bədəlovdan nələr çəkdiyi məlum olur. Dövlət qurumunun əməkdaşları da yəqin bizim kimi şahənşah, əzəmətli, möhtərəm kompleks direktorunun qəbuluna düşə bilmədiklərindən məhkəməyə şikayət edib, heç olmasa, orda üz-üzə gəlməyi lazım biliblər.
RƏŞAD

Oxşar xəbərlər
SON XƏBƏRLƏR