Sizin reklam burada

Yığma üzvlərinin maaşı aprelin sonunda ödənilib

Baxış Sayı:290


Nailxan Nəbiyev: “Formamızı qorumaq üçün avadanlıqları götürüb, evdə məşq edirik”
Novruz bayramı ərəfəsində ağırlıqqaldırma üzrə milli komandanın üzvləri qrup şəklində “Futbol+”ə müraciət etmişdi. Daha dəqiq desək, atletlər federasiya rəhbərliyinin onların maaşını vermək istəməməsindən şikayətlənmişdi. Yığma üzvləri təlim-məşq toplanışları zamanı üzləşdikləri başqa problemləri də qabartmışdı. Məsələ ilə bağlı qəzetimizin 8 may tarixli sayında müsahibəsini dərc etdiyimiz yığmanın baş məşqçisi Asif Məmmədov isə yetirmələrinin dedikləriylə razılaşmamışdı. Gənc mütəxəssis hər şeyin qaydasında olduğunu, idmançıların məsələni şişirtdiyini söyləmişdi. Onu da əlavə etmişdi ki, məlum məsələ ilə bağlı bəzi yığma üzvləri ilə danışıb və iradlarını çatdırıb.
Ağırlıqqaldıranların məlum üsyanından təxminən 2 ay ötür. Görəsən, arxada qalan müddətdə bu məsələ ilə bağlı hansısa irəliləyiş olub? Federasiya rəhbərliyi problemi aradan qaldırmaq üçün addımlar atıb? Bu və başqa suallara cavab tapmaq üçün yığmanın kapitanı Nailxan Nəbiyevlə əlaqə saxladıq.
- Maaş problemi ilə bağlı bir yenilik yoxdu?
- Bu məsələ həllini tapdı. Aprel ayının sonlarında ödədilər.
- Həmin hadisədən sonra federasiyadan sizinlə əlaqə saxlayan olub?
- Yox. İndiyə kimi federasiya rəsmilərindən heç kim əlaqə saxlamayıb. Nə görüş olub, nə də söhbət etmişik.
- Yığmanın baş məşqçisi Asif Məmmədov qəzetimizə müsahibəsində əslində ciddi problem olmadığını və bu məsələnin siz idmançılar tərəfindən şişirdildiyini deyib. Onu da əlavə edib ki, sonuncu dəfə sizinlə sağollaşıb İsmayıllıya evinə gedəndə maaşla bağlı, ümumiyyətlə, söhbət olmayıb. Yəni o gedəndən sonra bu məsələ ortaya çıxıb. Bu haqda nə deyə bilərsən?
- Asif müəllim bizimlə sağollaşan vaxt bu məsələ həqiqətən də gündəmdə deyildi. Maaşlarla bağlı problem baş məqşçi gedəndən sonra ortaya çıxdı. Daha doğrusu, Novruz bayramı ərəfəsində. Bizə məsələnin nə yerdə olduğunu dedilər. Bu üzdən də kollektiv şəkildə narazılığımızı bildirdik.
- Asif Məmmədov idman ləvazimatları ilə bağlı dediklərinizlə də razılaşmadı. Deyir ki, kimə nə lazım olubsa, federasiya təmin edib. Təlim-məşq toplanışları və vitaminləşmə ilə bağlı da hər şeyin qaydasında olduğunu söylədi…
- Yığmanın baş məşqçisidi, fikirlərinə hörmət edirik. Münasibətlərimiz də həmişə olduğu kimi qaydasındadı. Sadəcə, biz üzləşdiyimiz problemləri qabartmışıq. Əlavə nəsə demək istəmirəm.
- Asif Məmmədov bu xəbər çıxandan sonra bəzi yığma üzvləriylə telefonla danışdığını və məsələni şişirtdiyinizə görə iradlarını çatdırdığını deyir. Olubmu belə bir şey?
- Başqalarının adından danışa bilmərəm. Amma şəxsən mənə zəng edib. Bildirdi ki, belə məsələlərlə bağlı addım atmamışdan öncə məsləhətləşmək lazımdı. Çünki az öncə dediyim kimi, bu məsələdən onun xəbəri yox idi. Yalnız yığma üzvləri problemdən xəbərdar idi.
- Karantin dövrünü necə keçirirsiz? İdman zalları bağlı olduğundan problem yaşamırsız? Formada qalmaq üçün nələr edirsiz?
- Koronavirusla bağlı məlum problem hamıya təsir edir. Təbii ki, biz ağırlıqqaldıranlar da istisna deyilik. Bütün idman qurğuları bağlıdı. Bununla belə, çıxış yolu tapmışıq. Formamızı qorumaq üçün avadanlıqları götürüb, evdə məşq edirik. Amma təbii ki, bu, zalda hazırlaşmağın effektini verə bilməz, vermir də. İstədiyimiz çəki ilə məşq etmək, istəsək belə, alınmır. Yenə də vəziyyətə uyğun davranırıq. İnşallah, koronavirusla bağlı problemlər arxada qalar, biz də əvvəlki kimi normal şəkildə məşqlərə başlayarıq.
KƏNAN

Oxşar xəbərlər
SON XƏBƏRLƏR