“Soyunub-geyinmə otağında virusa yoluxmaq ehtimalının nə dərəcədə olmasına baxılır”
Ötən cümə axşamı Klublar Komitəsinin təşəbbüsü ilə təşkil olunan videokonfrans ölkədaxili yarışların bərpasını gözləyənlərin qəlbində müəyyən ümid işığının yanmasına səbəb olsa da, Nazirlər Kabineti yanında Operativ Qərargahın cümə günü keçirdiyi brifinqdə də idmansevərləri sevindirəsi xəbər səslənmədi. Halbuki artıq şənbə günü klubların məşqlərə başlaya biləcəyi, üç həftədən sonra isə çempionatın canlanacağı yönündə ən müxtəlif versiyalar dolaşırdı. Doğrudan da, cümə günü mayın 18-dən etibarən ölkə ərazisində karantin rejiminin şərtlərinin ciddi şəkildə yumşaldılmasına qərar verildi. Azərbaycan tədricən əvvəlki həyatına qayıdır. Bu həyata idman yarışları rəng qatmasa da. Hələ ki ölkə üzrə qüvvədə olan qadağalardan üçü idmanla birbaşa və ya dolayısıyla bağlıdı:
* bütün kütləvi tədbirlər, o cümlədən mədəni-idman tədbirlərin keçirilməsinin dayandırılması;
* muzey və sərgi zalları istisna olmaqla, digər mədəniyyət obyektləri, eləcə də kinoteatrların, teatrların, idman zallarının fəaliyyətinin dayandırılması;
* idman, sağlamlıq-bərpa üzrə xidmətlərin dayandırılması (bu sahədə tibbi xidmətlər istisna olmaqla).
Göründüyü kimi, nikbinlik üçün əlyeri yoxdu. Son brifinqdə İctimai Televiziyanın əməkdaşı Sərvər Abdullayev futbolla bağlı sual səsləndirdi. Nazirlər Kabinetinin Mətbuat Xidmətinin rəhbəri İbrahim Məmmədov isə belə cavab verdi: "İdman təkcə futbol deyil. İdman kompleksləri ilə bağlı məsələlər müzakirə olunur. Nazirlər Kabineti yanında Operativ Qərargahda futbol və idman yarışları ilə bağlı qoyulan məhdudiyyətlərin ləğvi məsələsi müzakirə olunur. Bunun müxtəlif aspektləri götür-qoy edilir. Soyunub-geyinmə otağında virusa yoluxmaq ehtimalının nə dərəcədə olmasına baxılır. Bu məsələ ilə bağlı hələlik ortaq məxrəc yoxdu. Fikir birliyi tam deyil deyə, məsələ müzakirə mövzusudu. Ola bilər ki, növbəti mərhələdə bu məsələ də aktuallaşsın və qərar qəbul edilsin".
İbrahim bəyin cavabından da görünür ki, məsələ artıq ən yuxarı səviyyədə müzakirə olunur və elə bu həftə sevindirici qərarın verilməsi ehtimalı çox yüksəkdi. Hər şeydən əvvəl ona görə ki, klublar məhz Operativ Qərargahın müəyyənləşdirdiyi qaydalar, təlimatlar çərçivəsində bütün hazırlıq işlərini görməkdədi. İdman qurğuları dezinfeksiya olunur, klub nümayəndələri, hakimlər testdən keçirilir, əvəzetmə sayı ilə bağlı şərt dəqiqləşdirilib, bir sözlə, mübarizəyə qaldığımız yerdən davam etmək yolunda hansısa əngəl görünmür. Gələn həftə müsbət qərar verilməsini zəruri edən daha bir səbəb odu ki, karantin müddətinin sonuna, yəni mayın 31-nə qədər futbol yarışları bərpa olunmayacağı halda, üçhəftəlik hazırlıq dövrünü də göz önünə gətirəndə PFL mövsümü bitirməklə bağlı çox ciddi çətinliklərlə üzləşəcək.
Daha bir önəmli məqam var. Hazırda ölkəmizə rəhbərlik edənlər sosial şəbəkələrdə, ictimaiyyət arasında gedən müzakirələrə də yetərincə həssas yanaşırlar. Bunu mütləq yadda saxlamaq lazımdı ki, futbol nə voleyboldu, nə də basketbol. Yəni başqa idman növləri üzrə çempionatların yarımçıq qalması, nəticələrin ləğvi, avrokubok iştirakçılarının kağız üzərində müəyyənləşməsi prinsipi futbol üçün keçərli deyil. Təsadüfi deyil ki, Operativ Qərargahın son yumşaltma qərarından sonra futbol yarışlarının bərpa olunmamasına etiraz edənlərın sırası daha da sıxlaşıb, narazıların sayı get-gedə artır. Az qala əminəm ki, hökumət gələn həftə bu yöndə müsbət qərar verəcək, azarkeşsiz də olsa, ölkədaxili yarışların bərpasıyla bağlı ciddi addımlar atılacaq.
HUŞƏNG