Sizin reklam burada

Türk şahmatçı Mahir Məmmədovun FIDE-də çalışmasını düzgün saymır

Baxış Sayı:494


Suat Atalık: “Teymur Rəcəbov həyatıboyu kimisə dəstəkləyib?”
Türkiyəli qrossmeyster, 9 Olimpiadanın iştirakçısı olan Suat Atalık “chess-news” saytına müsahibə verib. 55 yaşlı şahtmatçı bir çox maraqlı məqamlara toxunub ki, bizi yaxından ilgiləndirən nüanslara göz atmağa dəyər.
* Şahmat dünyası böyük dəyişiklik gözləyirdi, FIDE-nin sabiq prezidenti İlümjinovun dəstəsindən olan Makropulosdan canını qurtaracağına ümid edirdi. Bunu bacarmaq Dvorkoviç və komandasının böyük nailiyyətidi. Amma təəssüf ki, mənim Dvorkoviçə yönələn “oxlarım” da var. Heç vaxt şahmat oynamayan, bu idman növünə yad adamdı. Bu onun üçün özünü göstərmək baxımından maraqlı imkandı. Əlbəttə, onun şahmat hakimi olan atasına hörmət etməmək olmur. Özündən də gözləntilər böyük idi. Amma əslində bəzi mövqelərdə İlümjinov - Makropulos cütlüyünün komandasından yararlanır. Prosesə kimin rəhbərlik etməsindən asılı olmayaraq, dəqiq audit yoxlaması aparılmalıdı: sələfin nə edib, sənə hansı mirası qoyub? Makropulosun dönəmində çox ciddi maliyyə fırıldaqları baş vermişdi. Dvorkoviç hələ ki bu yöndə heç bir addım atmayıb. Onun köməkçiləri Sutovski ilə Boloqana da çoxlu sual var. Aydındı ki, onlar yaxşı şahmatçılardı. Amma şahmatın idarəçiliyi ilə bağlı əbədi problem qalmaqdadı. Sual yaranır: şahmata şahmatçılar, yoxsa bu sahədən uzaq adamlar rəhbərlik etməlidilər? Həll olunmayan mübahisədi. Mən hələ də Sutovski və Boloqanın fəaliyyətində parlaq nöqtə görmürəm. Bir nümunə deyəcəm. Veteranlarla bağlı qərara ucadan güldüm. Onlar yaşlı şahmatçılara maliyyə yardımı etdilər ki, siyahıda layiqli adlar var. Amma məsələn, Nigeriyadan olan Omukunun siyahıda nə işi var? Vaxtilə FIDE-də çalışan bu adamın fəaliyyətindəki qüsurları hamı gözəl xatırlayır. Və ya turnirlər üzrə komissiyaya Türkiyədən olan bir şəxs rəhbərlik edir ki, nə yarışlara, nə də şahmata dəxli var. FIDE rəhbərliyi gec-tez bu məsələlər üzərində ciddi düşünməlidi. Şahmatda rüşvət nəinki aradan qalxıb, heç azalmayıb da. Düzdü, optimal idarəçilik çətin görünür. Amma problem ondadı ki, son illərdə FIDE rəhbərliyində əyləşən şəxsin ünvanına “bax, bu dəqiq yarayır” demək olmur.
* Siz Mahir Məmmədovun sadaladığım meyarlara uyğun gəldiyini dediz. Maraqlı mövzuya toxunduz. Öncə qeyd edim ki, mən Məmmədovu tanımıram. Şahmatçı kimi də mənə tanış deyil. Onun atası, Rəcəbovun atası, Kasparov, pioner düşərgəsi ilə bağlı tarixçəni bilirəm. O, belə desək, özü-özünü elan edən personadı. İndi mən soruşuram: İddiaçıların turnirinin heyəti dəyişəndə Məmmədov və onun federasiyası harda idi? Rəcəbovla bağlı rəsmi açıqlama verdilər? Deyirsiz olub? Sizə elə gəlmir ki, bir qədər gecikiblər? Həqiqətən mən Məmmədovu ilk öncə bir şahmatçı kimi tanımıram.
* İddiaçıların turniri ətrafında yaşananlar çox ciddi məsələlər idi. Rəcəbovu bir kənara qoyuram, çünki şəxsi qərar qəbul etmişdi. Bir şahmatçı kimi bu mənə maraqlı da deyil. Vacib olan budu ki, turniri həqiqətən çox ağır vaxtda keçirmək qərarına gəldilər. Və belə bir qərar verilmişdisə, sonadək çatdırmağa borclu idilər. Yarıyolda atları dəyişmək sonuncu işdi. Gəlin təmiz danışaq: Rusiyada bütün vacib qərarları bir şəxs – Putin verir. Kasparovun bu haqda nə deməyindən asılı olmayaraq. Bildiyim qədər Dvorkoviç də Putindən asılı biridi. Böyük tədbirlərin arxasında məhz Rusiya prezidenti dayanır. Oyunçular olmadan baş tutan turnirin açılış mərasimində yüzlərlə, minlərlə qonaq var idi. Başa düşürük ki, belə riski üzərinə ancaq Putin götürə bilər. Və hansısa bir tədbir yarıda dayandırılırsa, mənə görə bu əvvəlcədən planlaşdırılıb. Halbuki sona çatmaq üçün 7-10 gün qalmışdı. Baxın, üç rusiyalı iştirakçı, iki çinli. Ruslar üçün yarışa qatılmaq, ümumiyyətlə, problem deyildi. Əminəm ki, çinli qrossmeysterlər də həmin günlər evlərinə can atmaqda maraqlı deyildilər. Onlar daha bir neçə gün Rusiyada qalmaqdan məmnun olardılar. Yəni 8 iştirakçıdan 5-i turnirin davam etdirilməsinin əleyhinə deyildi. Karuana və Vaşye-Laqrava gəlincə, fransalı oynamaq istədiyini bir neçə dəfə açıqlayıb. Karuana da həmçinin. Yalnız Giri qalır. Yeri gəlmişkən, evli olan yeganə iştirakçıdı. Bəlkə də dayandırılma qərarı onu məmnun edib. Şübhə etmirəm ki, hətta sərhədlər bağlı olan dönəmdə belə, iştirakçıları evlərinə yola salmaq üçün Putinin bütün imkanları var idi. Nümunə kimi yaxşı dostum olan yarışın baş hakimini göstərə bilərəm. Neboyşa Braliç turnirin öncədən elan olunan bitmə tarixinə kimi Rusiyada qaldı. Rotterdama planlaşdırılan çarter reysindən imrina etdi və sonda Serbiyaya uçdu. Deməyim odu ki, turnir ya başlamamalıydı, ya da başa çatdırılmalıydı. Məncə, məhz belə olacağını bir neçə adam bilirdi. Amma hər şeyi anormal etdilər, belə hərəkət etmirlər. İddiaçılar turnirini parçaladılar. Ehtimal edək ki, məlum səbəbdən ilk dövrədə solğun çıxış edən Karuana ikinci dövrədə hamını məğlub edəcək. Bu, ədalətli olacaq?
* FIDE-nin təşkil etdiyi Millətlər Kuboku süni yarış idi. Başa düşürəm, internet üzərindən şahmat inkişaf edir. Amma birincisi, bu çox darıxdırıcıdı. Özü də mən bu fikirdə olan sonuncu adam deyiləm. Real olmayan şahmat qüvvələr nisbətini əks etdirmir. Ümumiyyətlə, bir növ uşaq oyuncağına bənzəyir. Əlbəttə, “vaxt öldürmək” istəyənlər baxa bilərlər. Mən bacarmadım. Açığı, əslində cəhd etdim, sayta girdim. Svidler, Qustaffson və hətta Karlsen belə şərh edirdi oyunları. Amma çifayda...
Heyətlərə baxmaq da maraqlıdı. Turnirin adı Millətlər Kubokudu. Amma biz nə görürük? Ermənistandan olan Aronyan Avropa, azərbaycanlı Rəcəbov Dünya yığmasını təmsil edir. Ümumiyyətlə, belə nümunələr çoxdu. Bəs Mahir Məmmədov hardadı? Ciddi olsaq, Aronyanla Rəcəbov bir-birinə düşmən olan ölkələrin təmsilçiləridi. Xatırlayırıq, onlardan biri (Aronyan Bakıya gəlməmişdi) bu səbəbdən Olimpidaya qatılmadı. Elə digəri də analoji vəziyyətdə eyni addımı atardı. Amma elə ki, ortaya pul çıxır, hamı susur. Və belə məlum olur ki, sakitcə hətta Meymunlar Planetinin komandasında da oynamaq olar. Belədisə, komandanın adını dəyişin. Yoxsa ki azərbaycanlını və ukraynalını (Mariya Muzıçuku nəzərdə tutur) Avropadan ayırırsan...
* İştirakçılar Teymur Rəcəbovu niyə dəstəkləmədi? Mən də sizə sual verirəm: Teymur Rəcəbov həyatıboyu kimisə dəstəkləyib? Əlbəttə, sizin sualınız düzgündü. Sadəcə, şahmat dünyasında birlik, həmrəylik yoxdu. Başqa prizmadan baxaq. Vaşye-Laqrav heç bir meyar üzrə turnirə seçilməmişdi. Sonuncu yer qalarkən və təşkilatçılar Alekseyenko üzərində dayanarkən kimsə Vaşye-Laqravı dəstəklədi? Yetərincə savadlı, fizika və riyaziyyatı ciddi öyrənən Maksim onda təkliflə çıxış etdi: gəlin oyun keçirək. Həyatımda eşitdiyim ən mənasız ideya idi. Bu nə deməkdi, növbəti mərhələ, duel? Puşkinin dönəmində olduğu kimi? Onda mən də saniyəölçən olmağa razıyam.
* “Wild card” ilə bağlı iki pöroblem var. Birincisi, mən kiminsə İddiaçılar turnirinə dəvət olunmasının qəti əleyhinəyəm. Amma belə qayda varsa, şahmatçının etnik mənsubiyyəti, milliyyəti və başqa nüanslar arxa plana keçməlidi. Çox ciddi idman meyarları olmalıdı. Məsələn, mən 1986-87-ci illərdə Türkiyə çempionu oldum və ölkə şahmatında ciddi, nüfuzlu fiqura çevrildim. 1990-cı ildə yığmaya düşmək üçün bir nəfərə “wild card” ayrılmağa başlanıldı. Belə olan halda “mən daha ölkə çempionatında oynamayacam” dedim. Cavab verdilər ki, onda sənin yerini başqasına verəcəyik. Razı olmadım və çempionata qatıldım. Hər dəfə federasiya ilə münasibətlərim qaydasında olmayanda, “wild card” başqasına qismət olurdu. Əslində isə bu məsələ ilə bağlı ciddi meyarlar olmalıdı. Və bu hüquq həqiqətən də ən güclüyə, laqyiq olana verilməlidi. İddiaçıların turnirində bu meyarlara Vaşye-Laqrav uyğun gəlirdi. Böyük ehtimalla Rəcəbovu növbəti yarışa dəvət edəcəklər. Rəsmi qərar olmasa da, Dvorkoviç bu haqda açıqlama verib. Çox qəribə görünür. 2022-ci ildə keçiriləcək yarış üçün 2020-də namizəd müəyyənləşdirirlər. Nə demək olar? Şahmatçılar arasında bu mövzuda məşvərət olmamalıdı. Müsahibənin Sutovski və Boloqanla bağlı söhbətə çevrilməsini istəmirəm. Birincini az tanıyıram, haqqında daha çox bilmək də istəmirəm. Boloqanı isə uşaq yaşlarımdan tanıyıram. Onunla planetin müxtəlif nöqtələrində oynamışıq. Bir sözlə, belə məsələləri məsləhətçilər həll etməməlidi. Təşkilatın başında dayanan şəxs nə etmək lazım olduğuna dair aydın düşüncəyə malik olmalıdı. Bax, məhz buna görə də həmin şəxs şahmatçı olmalıdı. Axı, sonsuza qədər Mahir Məmmədovu köməyə çağırmaq olmaz! Kimsə qabağa düşüb, bu özbaşınalığa son qoymalıdı.

Oxşar xəbərlər
SON XƏBƏRLƏR