Fariz Nəcəfov: “Ümid edirəm ki, hər şey istədiyimiz kimi olacaq”
Mayın 13-də anonsu verilən Klublar Komitəsinin videokonfrans formatında toplantısı dünən baş tutdu. AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədovun da qatıldığı iclasda nələrin müzakirə olunduğu ümumi şəkildə AFFA-nın yaydığı press-relizdə əksini tapıb. Təəssüf ki, yayılan məlumatda klubların məşqlərə başlaya biləcəkləri ilə bağlı heç nə yoxdu. Hərçənd srağagün yayılan söz-söhbətlərdə premyer-liqa təmsilçilərinin mayın 15-dən hazırlığa start verəcəkləri deyilirdi. Bir sözlə, cavabsız qalan suallar çoxdu. Toplantıda müzakirəyə çıxarılan məsələlərlə bağlı ətraflı məlumat əldə etmək üçün “Qəbələ”nin prezidenti Fariz Nəcəfovla əlaqə saxladıq.
- Klublar Komitəsinin iclasında hansı məsələlər müzakirə olundu?
- AFFA-nın yaydığı press-relizdə hər şey göstərilib. Mən orda qeyd olunanlardan əlavə heç nə deyə bilməyəcəm.
- Toplantıdan bir gün öncə mətbuatda komandaların mayın 15-dən məşqlərə başlayacağı ilə bağlı xəbərlər yayılmışdı. Ancaq press-relizdə bununla bağlı heç nə yazılmayıb...
- Daha çox çempionat başlayacağı halda təqvimlə bağlı məsələdən danışıldı. Əsas müzakirə mövzusu kubok oyunlarının çempionatla paralel keçirilməsi, yoxsa premyer-liqa başa çatandan sonra təşkil olunması idi.
- Və nə qarar qəbul olundu?
- Hələ ki heç bir qərar qəbul olunmadı. Ümumi fikir mübadiləsi apardıq. Hər şey PFL-in təqdim edəcəyi təqvimdən asılıdı. Premyer-liqa qarşılaşmaları həftədə bir dəfə keçiriləcəyi halda kubok oyunlarını da paralel təşkil etmək olar. Təqvim sıx olarsa, ən yaxşı variant kubok oyunlarını çempionatdan sonra təşkil etməkdi. Sıx təqvim futbolçulara da ziyan vura bilər. İki aya yaxın məşqsiz qalan oyunçuların sıx təqvimdə zədə almaq ehtimalı böyük olur. Yenə deyirəm, hələ bu haqda yekun fikir yoxdu.
- Paytaxtdan fərqli, Qəbələdə karantin rejimi ləğv olunub. İnsanlar istənilən an sərbəst şəkildə evlərini tərk edə bilərlər. Belədə “Qəbələ”nin öz bazasında məşqləri bərpa etmək imkanı yaranır. Məşqləri bərpa etmək fikriniz var?
- Düzdü, Qəbələdə karantin rejimi aradan qalxıb. Ancaq Nazirlər Kabineti yanında Operativ Qərargahın idman qurğularının açılması ilə bağlı qərarı yoxdu. Belə qərar olmadığına görə “Qəbələ” də başqa klublarımız kimi məşqləri bərpa etməkdən məhrumdu.
- Bu gün pandemiyanın daha geniş yayıldığı, fəsadlarının daha ağır olduğu Avropanın əksər ölkələrində çempionatların başlayacağı tarix açıqlanıb, komandaların məşq etmələrinə icazə verilib. Sizcə, AFFA rəhbərliyi nəyə görə Operativ Qərargaha müraciət edib, bizdə də eyni addımın atılmasına nail olmaq istəmir?
- Əvvəlki müsahibələrimdə də demişəm, yenə təkrarlayıram, karantin dönəmində dəfələrlə Elxan Məmmədovla klub rəsmiləri arasında bu yöndə müzakirələr olub. Biz hər zaman fikir mübadiləsi aparmışıq. Sadəcə, elə məqamlar var ki, bunlar ictimaiyyətə açıqlanmır. Hamımız istəyirik ki, Azərbaycanda da çempionat bərpa olunsun, mövsüm başa çatdırılsın. Bir qədər də səbirli olub, Operativ Qərargahın futbolla bağlı hansı qərar qəbul edəcəyini gözləməliyik. Ümid edirəm ki, hər şey istədiyimiz kimi olacaq.
RƏŞAD