Sizin reklam burada

Türklərə qarşı oynayan yığmanı Ələkbər Cəfərov çalışdırıb

Baxış Sayı:377


Qəzetimizin ötən sayında dərc olunan “Əmrənin debüt oyununda Azərbaycan Türkiyəni məğlub edib” sərlövhəli yazının sonunda həmin vaxt bu oyunların harda keçirilməsi və yığmamızı kimin çalışdırması ilə bağlı sualla cavab tapmağa çalışacağımızı vəd etmişdik. Əslində bu o qədər də çətin olmadı: 1994-95-ci illərdə yeni yaranan və U-16 adlanan komandanı Ələkbər Cəfərov çalışdırıb. Karantin rejiminin qaydalarına bağ evində əməl edən Ələkbər müəllim bəzi məqamları bizimlə bölüşdü: “Həmin komanda 1979-80 təvəllüdlü uşaqlardan qurulmuşdu. Faud Musayev komandanı yaradanda mənə dedi ki, bizim üçün nəticə əsas deyil, bütün futbolçuları bir araya gətirməli, seçmə mərhələ üçün heyət formalaşdırmalısan. Söhbət final mərhələsi 1996-cı ilin 29 aprel – 11 may aralığında Avstriyada keçirilən Avropa çempionatının seçmə oyunlarından gedir. Türkiyə yığmasıyla müəyyən fasilə ilə 4 dəfə oynadıq. Səhv etmirəmsə, iki dəfə Trabzonda, iki dəfə də Rizədə. 1995-ci ilin mayında keçirilən oyunlardan (bizimkilər birində 0:2, o birində 0:5 uduzub – H.) sonra Rumıniyada keçirilən qrup oyunları üçün heyəti müəyyənləşdirdik”.
Onu da xatırladım ki, 1995-ci il oktyabrın 16-20-si aralığında Rumıniyanın Ploeşti şəhərində keçirilən qrup oyunlarında meydan sahibləri ilə yanaşı, bizimkilər və estonlar mübarizə aparıb. Oktyabrın 16-da Rumıniya, oktyabrın 18-də isə Azərbaycan Estoniyanı 3:1 hesabıyla məğlub etdiyindən oktyabrın 20-də bizimkilərlə meydan sahibləri arasında keçirilən oyunun nəticəsi böyük əhəmiyyət daşıyıb. Qalib final mərhələsinə adlayacaqdı. Ələkbər müəllimin dediyinə görə, oyunun gedişində hakim bizimkilərdən birini meydandan qovub. Səbəb isə futbolçumuzun formadakı gerbinə tüpürən rəqibi vurması olub. Yenə də Ələkbər müəllimə inansaq, rəqib qələbə topunu uydurma penaltidən sonra vurub. Əlimizdə həmin oyunun videoyazısı və ya protokolu olmadığından, bu məqamlarla bağlı mülahizə yürütmək çətindi. Sadəcə, Rumıniyanın həmin U-17 yığmasının o qədər də güclü olmadığını final mərhələsində qeydə alınan nəticələr də göstərir. Rumınlar yunan, ukraynalı və alman yeniyetmələrə uduzmaqla 1 xal da toplamayıb.
HUŞƏNG

Oxşar xəbərlər
SON XƏBƏRLƏR