Rusiyanın “Sport-Ekspress” qəzeti karantin dönəminin bekarlığından yararlanaraq, xəyali SSRİ yığmasının 2020 obrazını hazırlayıb. Postsovet məkanı ölkələrinin yığmasında bu futbolçular yer alıb: qapıçı – Andrey Lunin (Ukrayna); müdafiəçilər – Yuri Jirkov, Georgi Cikiya, Mario Fernandes (üçü də Rusiya), Yaroslav Rakitski (Ukrayna); yarımmüdafiəçilər – Denis Çerışev, Aleksandr Qolovin (hər ikisi Rusiya), Aleksandr Zinçenko, Taras Stepanenko (hər ikisi Ukrayna), Henrix Mxitaryan (Ermənistan); hücumçu – Artyom Dzyuba (Rusiya).
Əsasən “böyük beşlik” ölkələrində çıxış edən futbolçuların yer aldığı rəmzi yığmaya bizimkilərin düşməməsi həm təbiidi, həm də ağlamalı. Azərbaycan futbolu artıq çoxdan nəinki Qərbi və ya Şərqi Avropada, postsovet məkanında belə marka dəyərini bitirib. Ən istedadlı azərbaycanlı futbolçuların da saxta “darıxırıq” libasına bürünüb, ocağının başında yüzminlər qazanmağa üstünlük verməsi hamıya bəlli həqiqətdi.
Məhz belə, yəni özünə, istedadına güvənməyən, futbolumuzun varlığını dünyaya göstərmək istəməyən “inkassatorlar”ı bir qədər də yandırmaq istəyi ilə bəzi başqa faktları da xatırladıram. Hələ ki yarımçıq qalan 2019/20 mövsümündə Avropanın beş aparıcı çempionatında postovet məkanından olan 10 futbolçu çıxış edib. Meydana 4 ukraynalı, 3 rus, 2 erməni və 1 moldovalı çıxıb. Postsovet məkanının qollarının az qala yarısını vuran ermənilər özünü hamıdan yaxşı göstərib. 2020-yə əla başlayan Henrix Mxitaryan “Roma” formasında keçirdiyi son oyunda 3 qol vurub, 2 məhsuldar ötürmə verib. Sarkis Adamyan isə “Hoffenhaym”a Almaniya futbolunun nəhəngləri – “Bavariya” (2:1, dubl edib) və Dormund “Borussiya”sı (2:1, qol və məhsuldar ötürmə) üzərində, demək olar ki, təkbaşına qələbə qazandırıb. “Monako”nun liderlərindən birinə çevrilən rusiyalı Aleksandr Qolovin hamıdan çox (25) oyun keçiribsə, A seriyasında oynayan ukraynalı Ruslan Malinovski ilə moldovalı Artur İonitsenin hesabında 22 oyun var. Nəhayət, “desert” əvəzi daha bir acınacaqlı fakt: ünlü transfermarkt.de saytı məhz erməni Mxitaryanı keçmiş SSRİ-dən çıxan ən baha futbolçu sayır. Onun dəyəri 25 milyon avrodu.
SSRİ-dən olan legionerlər “böyük beşlik” ölkələrinin cari mövsümündə
1 2 3 4 5 6
Henrix Mxitaryan y Ermənistan Roma 13 6
Sarkis Adamyan h Ermənistan Hoffenhaym 15 5
Aleksandr Qolovin y Rusiya Monako 25 3
Ruslan Malinovski y Ukrayna Atalanta 22 4
Andrey Yarmolenko h Ukrayna Vest Hem 15 3
Yevgeni Şaxov y Ukrayna Leççe 16 0
Denis Çerışev y Rusiya Valensiya 15 1
Fyodor Smolov h Rusiya Selta 6 1
Artur İonitse y Moldova Kalyari 22 0
Aleksandr Zinçenko m Ukrayna Mançester Siti 12 0
Qeyd: 1 – oyunçu, 2 – amplua, 3 – ölkə, 4 – klub, 5 – oyun, 6 – qol.
ORXAN