AFFA-nın təşəbbüsü və Klublar Komitəsinin dəstəyi ilə təşkil olunan dünənki videokonfrans ən azı məsələnin ölü nöqtədən tərpənməsi baxımından faydalıdı. Təəssüf ki, PFL prezidenti Ramin Musayevi iştirakçılar arasında görmədik. Amma AFFA, PFL, klub rəsmiləri bir araya gəlirsə, ölkədaxili yarışların bərpası ilə bağlı detalları nəzərdən keçirirsə, buna yalnız sevinmək lazımdı. Stadionların və başqa idman qurğularının dezinfeksiyası, əvəzetmə sayının müəyyənləşdirilməsi, futbolçuların müqavilə məsələləri, ölkə kubokunun təqvimi və uşaq liqalarında yarışların taleyi – bunların hər biri özü-özlüyündə futbolumuzun gələcəyi baxımından önəmli məqamlardı. AFFA və PFL-in saytına qoyulan bilgidə müzakirələrin detalları açıqlanmasa da, gəlin qəbul edək ki, həmin detallar indiki məqamda geniş publika üçün heç o qədər önəmli də deyil. AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədovun koronavirusla bağlı testlərin keçirilməsi üçün qurumun premyer-liqa klublarına maliyyə dəstəyi göstərəcəyini, daha doğrusu, pulun elə bu gün klubların hesabına köçürüləcəyini deməsi üzərində xüsusi dayanmaq istəmirəm. Necə deyərlər, bəy verən atın dişinə baxmazlar!
Məni maraqlandıran, güman edirəm ki, elə sizin də biganə olmayacağınız iki məqam var. Fəhmim məni aldatmırsa, “kubok oyunlarının təqviminin dəqiqləşdirilməsi üçün premyer-liqanın mümkün bərpa tarixinin gözlənilməsi barədə razılıq əldə olunub” ifadəsi ilə PFL-in aprelin 27-də açıqladığı məlumatda yer alan “premyer-liqa oyunları başa çatdıqdan sonra Azərbaycan kubokunun yarımfinal və final oyunları keçiriləcək” hökmü qüvvədən düşür. Yəni PFL və klublar çempionat və kubok oyunlarını ayrı-ayrılıqda keçirmək kimi əcaib qərarın aradan qaldırılması yolunda çalışacaq, bu məsələyə daha rasional yanaşacaqlar.
İndi isə məni daha çox maraqlandıran 2-ci məqamla bağlı. Bəli, dünənki videokonfransa qatılanlar sonda ortaq fikrə gəliblər ki, Nazirlər Kabineti yanında Oparetiv Qərargahın qərarlarına uyğun şəkildə, müvafiq tibbi təlimatlara riayət etmək şərti ilə çempionatın bərpası ilə bağlı AFFA və PFL-in təkliflərini dəstəkləyirlər. Bu ifadənin sətiraltı mənası odu ki, elə bu gündən, yəni mayın 15-dən məşqə başlamağa hazırıq. Onsuz da son günlər ayrı-ayrı qaynaqların xəbərlərində, bəzi futbol adamlarının açıqlamalarında bu tarix ana xətt kimi keçir. Bütün bu izlədiklərimdən belə qənaətə gəlirəm ki, hökumətdən, Operativ Qərargahdan AFFA və PFL-ə hansısa siqnal ötürülüb ki, adı çəkilən qurumlar da dünənki videokonfransla “həmişə hazıram!” mesajı verdilər. Yəqin xatırlayırsız, sovet dönəmində boynuna qırmızı qalstuk taxmağa hazırlaşan uşaqlara ünvanlanan məşhur “pioner, Sovet İttifaqı Kommunist Partiyasının işi uğrunda mübarizəyə hazır ol” devizi var idi, biz də əlimizi başımız bərabərində çəpləyib, “həmişə hazıram” deyirdik. Bax, dünənki videokonfrans mənə o illəri xatırlatdı...
Amma eyni zamanda Operativ Qərargahın virusa yoluxanların və sağalanların sayı, pandemik durum ilə bağlı gündəlik statistikası nikbinlik üçün əlyeri qoymur, ümidlənməyə əsas vermir. Bu üzdən dünənki videokonfransda səslənən mülahizələrin fərqinə varmağa çalışır, sonra Qərargahın məlumatını oxuyuram və istər-istəməz ağlıma sərlövhəyə çıxardığım atalar sözü gəlir. Bəlkə də belə deyil, bəlkə də AFFA, PFL rəhbərliyi hökumətdəki elə qatdan xeyir-dua alıb ki, artıq bu həftəsonu klublar müntəzəm məşqlərə başlaya biləcəklər. Nə deyirəm ki? Təki belə olsun! Bizə futbol lazımdı...