AFFA-nın vitse-prezidenti nikbin danışdı
AFFA-nın Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Firuz Abdulla bir neçə gün öncə mətbuata açıqlamasında İcraiyyyə Komitəsinin videokonfrans formatında iclasının baş tutacağını söyləmişdi. Assosiasiya rəsmisi toplantının nə vaxt keçiriləcəyini deməsə də, ölkə futbolunun taleyinin məhz həmin iclasda müəyyənləşəciyini sözlərinə əlavə etmişdi. Yəni ölkədaxili futbol yarışları ilə bağlı son qərar İcraiyyə Komitəsinə məxsus olacaq.
Bunu nəzərə alaraq, dünən məsələ ilə bağlı AFFA-nın vitse-prezidenti, Məşqçilər Komitəsinin rəhbəri Vaqif Sadıqovla əlaqə saxladıq: “Videokonfransın nə zaman olacağı TƏBİB-in qərarından asılıdı. Çünki həmin iclasda çempionatın taleyi və başqa məsələlər müzakirə olunacaq. Hazırda TƏBİB-dən belə bir qərar yoxdu. Ancaq İK üzvlərinin iştirakı ilə toplantı keçirmək gündəmimizdədi. Başqa ölkələrə də baxanda görürük ki, artıq karantin rejimi yumşaldılır. Məncə, çempionatı bərpa etməliyik. Mövsüm bərpa edilsə, bu iyunda olacaq. Ancaq bu ay heç olmasa, komandalar fəaliyyətə başlamalıdı. Kollektiv olmasa belə, qrup şəklində futbolçuların hazırlığını bərpa etmək lazımdı. Bunun üçün isə oyunçularda da məlumat olmalıdı. Bu gün statistika da onu göstərir ki, yumşaldılmış rejimə keçilir və artıq yavaş-yavaş klublara da məşqlər üçün icazə verilməlidi. Yenə də hamımız Operativ Qərargahı gözləyirik. Hər şey üçün onların qərarları vacibdi. Bilirsiz ki, mayın 25-də UEFA-nın konfransı keçiriləcək. O vaxta qədər bizdə də yekun məlumat olmalıdı . Öz planımızı açıqlamalıyıq”.
HƏSƏN