Selmani: “Qarabağ”dan təklif gəlsə, onunla məsləhətləşərəm”
Ölkə futbolunda durğunluq davam etsə də, çempionluğu hədəfləyən və növbəti avrokubok mövsümündə Çempionlar Liqasında çıxış etməyi qarşısına hədəf qoyan “Qarabağ” transfer çalışmalarına ara vermir. Məqsəd müqaviləsinin müddəti bitən və baş məşqçinin planlarına daxil olan futbolçularla anlaşma müddətini uzatmaq, Qurban Qurbanovun diqqətini çəkənlərlə razılıq əldə etmək və təbii ki, başqa klubların maraq dairəsində olanlarla məsələyə aydınlıq gətirməkdi. Bu mənada bəzi maraqlı xəbərlər var ki, toxunmamaq olmur.
Ağdamlıların bacarıqlı legionerlərindən olan Abdulla Zubir karyerasını Yunanıstanda davam etdirə bilər. Həm də sıradan bir komandada yox, ölkənin köklü klublarından sayılan “Panatinaikos”da. Bu barədə yerli “Newspao” nəşri məlumat yayıb. Xəbərdə 28 yaşlı cinah yarımmüdafiəçisinin agentlər tərəfindən “Panatinaikos”a təklif etdiyi və klub rəhbərliyinin bu barədə düşündüyü qeyd olunub. Zubirin “Qarabağ”la anlaşmasının müddəti bu yay başa çatır. Bu isə o deməkdi ki, Yunanıstan tərəfinın şərtləri futbolçunu razı salsa və fransalı karyerasını “Qarabağ”da yox, “Panatinaikos”da davam etdirmək istəsə, son illərin dəyişməz çempionu aparıcı futbolçusunun itkisi ilə barışmalı olacaq.
Zubir məsələ ilə bağlı mətbuata açıqlamasında “Qarabağ”da xoşbəxt olduğunu dilə gətirib: "Hər dəfə mənimlə hansısa komanda maraqlananda eyni sualı verirlər ki, gedirsən, yoxsa qalırsan? Düzü, artıq eyni şeylər haqda danışmaq məni bezdirib. Şərh belə vermək istəmirəm. "Qarabağ"la müqaviləm var və bu komandada xoşbəxtəm".
İbrahim Şehiçlə Asmir Beqoviçi saxlaya bilməyən, Vaqner da Silvanı yola salmağa hazırlaşan “köhlən atlar”ı bu dəqiqə ən çox düşündürən “çərçivə”dəki problemi yoluna qoymaqdı. Komandanın avrokuboklarda çıxış edəcəyini nəzərə alsaq, Şahruddin Məhəmmədəliyevin yetərli olmayacağını əminliklə söyləmək olar. Adı siyahıda olan qolkiperlərdən biri Gentian Selmanidi.
Qeyd edək ki, alban futbolçu Türkiyənin birinci divizion təmsilçisi “Menemenspor”un qapısını qoruyur. Və həmin komandanın baş məşqçisi Cenk Laleci Selmani ilə bağlı danışarkən bu fikirləri səsləndirib: "Selmanini yalnız yerli yox, əcnəbi klublar da izləyir. Gənc qolkiperə görə "Qarabağ"dan təklif gəlib. Danışıqlar davam edir".
Baş məşqçinin açıqlaması boşuna ola bilməz. Laleci “Qarabağ”dan təklif gəldiyini deyirsə, deməli, məsələ yetərincə ciddidi. Türkiyəli həmkarlarımızın iddiasına görə Albaniya millisinə də dəvət alan 22 yaşlı qapıçı ilə superliqa təmsilçiləri də yaxından maraqlanır.
Albaniyada “Kastrioti” və “Laçi”nin şərəfini qoruyan Gentian 2019-un yayından “Menemenspor”un uğurları üçün tər tökür. O, cari mövsümdə İzmir təmsilçisinin aşağı dəstədə keçirdiyi 28 oyunun hamısında forma geyərək qapısında 38 top görüb. Səbəbkar “apasport”a verdiyi müsahibədə məsələ ilə bağlı danışıb: “Düzü, bu suala cavab verməkdə çətinlik çəkirəm. Çünki bu barədə hansısa məlumatım yoxdu. Ola bilsin, klubum və baş məşqçim bundan xəbərdardı. Amma mən hələ gözləmə mövqeyi tuturam. Əlbəttə, Azərbaycan futbolu haqda məlumatlıyam. Həm “Qarabağ”ı, həm də bəzi klubları tanıyıram. Çünki onlar Avropa Liqasını və Çempionlar Liqasını fəth ediblər. Həmyerlim Ansi Aqollini çox yaxşı tanıyıram. Albaniya millisinin kapitanı olub, 10 il Azərbaycanda çıxış edib. “Qarabağ”dan təklif gəlsə, onunla məsləhətləşərəm. Ancaq “transfer pəncərəsi” hələ açılmayıb. Nələr olacağını gələcəkdə görəcəyik. “Menemenspor”da 6 oyunum qalıb. Bu matçlarda da komandama kömək etmək, ondan sonra təklif barədə düşünmək istəyirəm. “Qarabağ”ın mənimlə maraqlanması xəbəri doğrudursa, gələcəkdə yığmaya dəvət almağım üçün yaxşı fürsətdi. Çünki “Qarabağ” böyük nüfuza malik klubdu. Son iki ildə Albaniya millisinə üçüncü qapıçı, bir dəfə də ikinci qapıçı kimi çağırılmışam. “Qarabağ” gələcək karyera baxımından çox yaxşı variantdı. Ancaq transfer haqda hələ heç nə bilmirəm, gözləmək lazımdı. Hazırkı klubuma bu mövsüm sona qədər kömək edəcəyimə söz vermişəm”.
HƏBİB