Sizin reklam burada

Prezident yaxşı formada qalmasının səbəblərini açıqladı

Baxış Sayı:343


“İdmanla məşğul olun, özü də müntəzəm şəkildə”
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiyanın TASS informasiya agentliyinin baş direktorunun birinci müavini Mixail Qusmana eksklüziv müsahibə verib. Bir çox önəmli mövzulara toxunan dövlət başçısı Bakıda anadan olan həmkarımızın idmanla bağlı sualına da cavab verib:
- İlham Heydər oğlu, sizdən praktiki məsləhət istəyirəm. Bilirsiz, dövlət başçısı kimi sanki mürəkkəb şəraitə düşmüsüz. Siz bir tərəfdən karantinə riayət etməlisiz və bilirəm ki, bir vətəndaş kimi adi təhlükəsizlik mülahizələrinə əsasən buna riayət edirsiz. Amma digər tərəfdən televizora baxanda görürük ki, sizin dövləti fəaliyyətinizin intensivliyi əsla azalmır. Siz bunları əlaqələndirməyə necə nail olursuz? Digər tərəfdən siz həmişə fiziki formanızı saxlamağa böyük diqqət yetirirsiz və yəqin ki, bunu tez-tez edirsiz. Öz həmvətənlərinizə, bizim televiziya tamaşaçılarına məsləhət verin: karantin şəraitində belə fiziki formanı necə saxlayırsız?
- Fiziki formanı ev şəraitində də saxlamaq olar. Bu gün bu artıq heç kim üçün sirr deyil. İdman zalına getmədən evdə idmanla fəal məşğul olmağın mümkünlüyünü göstərən informasiya resursları çoxdu. Mən ilk gənclik illərimdən bəri idmanla məşğulam və əlbəttə, bütün qaydalara riayət edirəm. Hesab edirəm ki, idmanla məşğul olmaq hər kəsdən ötrü həm sağlamlıq, həm özünəinam, həm də iş qabiliyyəti üçün mühüm amillərdən biridi. Mən gənclərə və orta yaşlı insanlara müraciətlə dəfələrlə demişəm, idmanla məşğul olun. Bəzən bunu çox təkrar edirəm, lakin insanların buna əməl etmələri üçün təkrarlamaq lazımdı. Yadımdadı, biz xəstəxanaların tikintisini genişləndirməyə başlayanda mən dəfələrlə təkrar edirdim ki, hər kəs tibbi müayinədən keçməlidi. Biz bunu – kütləvi pulsuz dispanserizasiyanı həyata keçiririk. Yeri gəlmişkən, bu il pandemiya ucbatından onu keçirmədik. Beş milyondan çox insan öz sağlamlığını yoxlamaq üçün gəlir. İdmanda da belə olmalıdı. Mən deyirəm: idmanla məşğul olun, faydasını görəcəksiz, sizin fiziki formanızın, əhvalınızın, iş qabiliyyətinizin necə yaxşılaşacağını görəcəksiz. Buna görə indi mən imkanı olmayanların hamısına məsləhət görürəm: internet resurslarından istifadə edin, orda idmanla evdə məşğul olmaq üçün çoxlu məsləhətlər, proqramlar var. Karantin rejiminə gəlincə, mən prinsip etibarilə intizamlı adamam. Buna görə mənim ictimai tədbirlərimdə ən çoxu 9 nəfər olur. Bizdə on nəfərdən çox adamın bir yerdə toplaşması qadağandı. Lakin mən ehtiyat üçün həmişə deyirəm, 9 nəfərdən çox olmamalıdı. Ən çoxu 10 və ya 9 nəfər. Bir də, əlbəttə, məsafəyə riayət edirəm. İctimai xarakterli tədbirlərdə də, görüşlərdə də belə olub. İlin birinci rübünün yekunlarına həsr olunan iclası videokonfrans rejimində keçirdik. Amma deməliyəm ki, bu iclas əvvəl keçirdiklərimizdən o qədər də fərqlənmədi. Mənim tabeliyimdə olan işçilərlə söhbətlərim də videokonfrans formatında keçirilir. Yəni insan prinsip etibarilə hər şeyə alışır. Buna da vərdiş etmək lazımdı. Amma sualınıza görə sağ olun. Fürsətdən istifadə edib, bir daha hamıya müraciət edirəm: idmanla məşğul olun, özü də müntəzəm şəkildə.

Oxşar xəbərlər
SON XƏBƏRLƏR