Sizin reklam burada

“Elə ki Cəlilabada çatdıq, Toşakın sifəti dəyişməyə başladı”

Baxış Sayı:358


Elvar Quliyev peşəsinin gizlinlərini açdı
Onları çoxları tanımır. Çünki həmişə kadr arxasında qalırlar. Ancaq futbolun içində olanlar yaxşı bilirlər ki, heyətində legionerlər çıxış edən komandalarda bu şəxslər bəlkə də baş məşqçidən sonra ikinci adamdı. Söhbət tərcüməçilərdən gedir. Bu dəfə onlardan biri - uzun illərdi futbol sahəsində çalışan “Qarabağ”ın tərcüməçisi Elvar Quliyev ilə söhbətləşdik.
“6-7-ci sinifdə oxuyanda artıq gələcəkdə tərcüməçi olmağa qərar vermişdim”
- Necə oldu ki, Dillər Universitetinin məzunu Elvar Quliyev başqa sahəyə yox, məhz futbola üz tutdu?
- Siz də bilirsiz ki, mənim ilk iş yerim hamımıza doğma olan “Futbol+” qəzeti olub. Azərbaycan Dillər Universitetinin üçüncü və ya dördüncü kursunda oxudum vaxtlarda qəzetdə işləməyə başladım. Onu da qeyd edim ki, uşaqlıqdan futbola böyük marağım olub. Fasilələrlə 4 ilə yaxın “Futbol+”də çalışdıqdan sonra 2004-cü ildə - Azərbaycanda futbol bumu başlayan dönəmdə “Bakı”dan iş təklifi gəldi. Onda komandanın baş məşqçisi Əsgər Abdulayev, mətbuat katibi isə bir müddət qəzetdə birgə çalışdığım Vaqif Heydərli idi. Məhz Vaqifin təşəbbüsi ilə mənə təklif göndərmişdilər. Necə deyərlər niyyətin hara, mənzilin də ora. Futbola marağım böyük idi və bunun da nəticəsində tərcüməçi kimi futbol sahəsində çalışmağa başladım. Tərcüməçiliyə də həvəsim böyük olub. 6-7-ci sinifdə oxuyanda artıq gələcəkdə tərcüməçi olmağa qərar vermişdim. “Bakı”dan sonra “Xəzər Lənkəran”dan təklif gəldi, 10 ilə yaxın orda işlədim. Nə bilim (gülür), həyat özü məni futbola atdı. Ancaq heç də peşman deyiləm ki, bu gün bu sahədə çalışıram. Belə deyək, arzularım hər mənada gerçəkləşdi. Həm tərcüməçi oldum, həm də çox sevdiyim futbolda çalışıram.
- Başqa sahələrlə müqayisədə futbolda tərcüməçi kimi çalışmağın özəlliyi nədi? Bunun incəliklərini xırdala bizim üçün.
- Təbii ki, fərq var. Hər sahə üzrə ixtisaslaşan tərcüməçilər olur. Məsələn, uzun illər futbolda tərcüməçilik edən Elvarı sabah aparırlar iqtisadiyyat və yaxud səhiyyə ilə bağlı hansısa tədbirə və deyirlər ki, tərcümə elə. Təbii ki, mən orda çətinlik çəkəcəm. Yəni futbol sahəsində etdiyim effektli tərcüməni başqa sahədə edə bilmərəm. Özünüz də bir neçə dəfə şahidi olmusuz ki, hansısa oyun üçün mətbuat konfranslarına kənardan tərcüməçi dəvət ediləndə fikirlər jurnalistlərə, qarşı tərəfə istənilən şəkildə çatdırılmır. Səhv etmirəmsə, yaxınlarda dediklərimi sübut edən olay yaşanmışdı. İspanıyada təhsil alan və ispan dilində mükəmməl bilən tələbə dəvət aldığı mətbuat konfransında işinin öhdəsindən gələ bilmədi və bu da müəyyən narazılıq doğurdu. Bu məqam dediklərimə bariz nümunədi. Futbol sahəsində çalışan tərcüməçinin futbolu bilməsi başlıca şərtdi.
- İspan, portuqal, ingilis, rus, türk dillərini bilirsən. Sənə poliqlot demək olar?
- Ümumiyyətlə, poliqlot 5 dil bilən adamlara deyirlər. Mən də bu tələbə cavab verdiyimdən poliqlot demək mümkündü.
“Bu gün düşünürəm ki, “Xəzər Lənkəran”da işi bir qədər daha sistemli qurmaq olardı”
- İndiyə kimi “Bakı”, “Xəzər Lənkəran” və “Qarabağ”da tərcüməçi kimi çalışmısan. Hansı klubda işləmək sənə asan, hansında çətin olub?
- “Bakı”da iş stajım bir ilə yaxın oldu. Bu üzdən o klub haqda nəsə deyə bilmərəm. “Xəzər Lənkəran”la bağlı məsələ bir qədər fərqlidi. Hansı mənada? Orda işə başlamamış bir lənkəranlı olaraq, komandanın azarkeşiydim. Fanatı olduğun klubda işləmək, kollektivin içində olmaq, 10 ilə yaxın orda çalışmaq bir qədər fərqli hisslərdi. Bu gün düşünürəm ki, “Xəzər Lənkəran”da işi bir qədər daha sistemli qurmaq olardı. Bir az pərakəndəlik olduğu üçün – uğursuzluğun səbəbini də mən bunda görürəm – ordakı işim barədə çox danışmaq istəmirəm. Ancaq “Qarabağ”da fərqli durumdu. Mənə indiki klubumda işləmək daha rahatdı. Çünki hər şey sistemlidi. Klubda hər kəs hansı işlə məşğul olmalı olduğunu yaxşı bilir. Hər kəs öz yerini biləndə, üzərinə düşən işi görəndə nəticə də olur. Fikrimcə, son illərdə “Qarabağ”ın uğur qazanmasının əsas səbəblərindən də biri budu. Yenə deyirəm ki, “Xəzər Lənkəran” mənim üçün bir başqa idi, ancaq peşəkarlıq baxımından indiki klubumda çalışmaq mənə daha rahatdı. “Qarabağ”da hər şey vahid mexanizm kimi çalışır.
- “Xəzər Lənkəran”ın yaranışı ölkə futboluna rəng qatdı, premyer-liqaya yeni nəfəs gətirdi. Ancaq təəssüf ki, 10 ildən bir qədər artıq fəaliyyət göstərən “yaşıl armada” bu gün tarixin yaddaşına köçüb. Uzun müddət klubda çalışan biri kimi fikirlərini bilmək istərdim: çöküşün səbəbi nə oldu?
- Əvvəlcə onu bildirim ki, “Xəzər Lənkəran”da işlədiyim dönəmdə belə “Qarabağ”a simpatiyam var idi. Birdən kimlərsə səsləndirdiyim fikirləri pis başa düşərlər, deyərlər ki, indi “Qarabağ”da işlədiyinə görə belə deyir. Vaxtilə Lənkəran klubunda mənimlə bir yerdə çalışan yoldaşlara da həmişə bunu demişəm. O ki qaldı “Xəzər Lənkəran”ın uğursuzluğunun səbəblərinə, bu haqda mətbuatda çox yazılıb və çoxu da həqiqəti əks etdirir. Mənim dediklərim yenilik olmayacaq, yalnız onu deyə bilərəm ki, klubda sabitlik çatışmırdı. Hər il baş məşqçi dəyişirdi, hər mövsüm heyət bir neçə dəfə yenilənirdi. Bundan başqa, klubun idarə strukturunda futbol oynamış, bu sahənin peşəkarı olmuş birinin olmaması da təsirini göstərdi. Düzdü, son illərdə, süquta yaxın vaxtlarda Mario Souza, Yunis Hüseynov idman direktoru postuna dəvət olundular. Ancaq artıq gec idi. Məsələn, Souza idman direktoru olan dönəmdə baş məşqçi Mustafa Dənizli idi ki, braziliyalının vəzifəsini formal icra etdiyini deyə bilərəm. Onunla heç kim hesablaşmırdı. Bizim bir futbolçumuz var idi, Elias Oliveyra. O futbolçuya görə bir milyon dollardan çox vəsait ödənildi. Halbuki Souza bir braziliyalı kimi Mustafa bəyə onu almağı məsləhət görmədi. Türk mütəxəssisə bildirdi ki, artıq Eliasın dönəmi geridə qalıb, eniş dövrünü yaşayır. Təəssüf ki, Marionun söylədiklərini heç kim ciddiyə almadı. Bu, çoxlu nümunədən biridi. “Xəzər Lənkəran” həmişə çox bahalı oyunçuları rənglərinə bağlayıb. Ancaq milyonluq oyunçularla yollar tez ayrılıb. Pulların belə xərclənməsi sonda klubun süqutuna səbəb oldu.
- Bəzən deyirdilər ki, rəhbərlik səviyyəsində “Xəzər Lənkəran”da müxtəlif qruplaşmalar var. Hər qrup da öz maraqlarını nəzərə alaraq, çalışırdı ki, istədiyi oyunçu və ya məşqçi ilə müqavilə imzalansın…
- Komanda olaraq çox vaxt Lənkəranda qalırdıq. Klubun ofisi isə Bakıda idi. Rəhbərliyin işlərindən o qədər də xəbərim olmurdu. Ancaq indi dedyiniz fikirlə razılaşa bilmərəm. Çünki komandaya həmişə adlı-sanlı mütəxəssislər rəhbərlik edib. Onların da dəvət olunmasında klubun fəxri prezidenti Mübariz Mənsimovun xeyir-duası olub. Eyni sözlər futbolçulara da aiddi. Mən gördüyüm və bildiyim qədər heç bir məşqçiyə “bu oyunçunu mütləq komandaya götürməlisən” tipli təzyiq olmayıb. Məşqçi hansı futbolçunu sərəncamında görmək istəyibsə, onu gətirməyə çalışıblar.
“Bu adam futbolçuları gözdən uzağa buraxmırdı”
- Birgə çalışdığın əcnəbi məşqçilərdən hansı daha tələbkar və kaprizli idi, hansı ilə çalışmaqdan zövq alırdın?
- Əvvəlcə onu deyim ki, yerli mütəxəssislərlə işləmək həmişə rahat olub. Əcnəbilərə gəlincə, ən tələbkarı Mirça Rednik idi. Həm futbol biliyi, həm də fərqli iş metodu baxımından onu xüsusi qeyd edərdim. Onunla birgə çalışmaq mənə xoş idi. Con Toşakın da maraqlı iş sistemi var idi. Ancaq hiss olunurdu ki, adam artıq futboldan doyub. Yəni təcrübəsi böyük olsa da, işə həvəslə yanaşmırdı. “Real”da, “Deportivo”da, “Beşiktaş”da necə çalışdığını deyə bilmərəm, ancaq Lənkəranda onu belə gördüm. Kaprizli məşqçi deyəndə isə Mustafa Dənizlininin adını çəkə bilərəm. O “Xəzər Lənkəran”da qısa müddət işləsə də, kaprizli biri kimi yadda qaldı. Dənizlinin dönəmində klubda çalışan bütün işçilər bunu təsdiqləyə bilər. Köməkçisi Oğuz Çətin də bizə deyirdi ki, Mustafa bəy belə insan deyil. Onun texniki personal, futbolçular ilə sərt davranmasının səbəbini heç Oğuz bəy də başa düşə bilmirdi. Bu adam futbolçuları gözdən uzağa buraxmırdı - istər Bakıda olsun, istərsə də Lənkəranda. Hamı oteldə qalmalıydı. Hətta bir neçə dəfə klubdaxili toplantıda futbolçular buna görə ona etirazlarını bildirmişdilər. Qapıçımız Vyekoslav Tomiç iclasda Dənizliyə “mən artıq otel yeməklərindən bezmişəm, ailə üzvlərimin sifəti yadımdan çıxıb. Yuxuda da otaq yoldaşımı görürəm” deyib, türk məşqçiyə sərt şəkildə etiraz etmişdi. Doğrudan da, onun niyə belə etdiyini düşərgədə heç kim başa düşə bilmirdi.
“Dieqo gördüyüm əcnəbilər arasında ən yaramazı olub”
- Bu günə kimi yüzlərlə əcnəbi futbolçu çalışdığın komandalarda top qovub. Yaxşı və pis mənada kimləri fərqləndirərdin?
- Yaxşı və pisi müəyyənləşdirmək həddən artıq çətindi (düşünür). “Xəzər Lənkəran”da qısa müddət oynayan qapıçı Duqlas Leyta var idi. Naxçıvanda superkubok qarşılaşmasında “Neftçi” ilə oyunda “çərçivə”ni o qoruyurdu. Mən hələ bu günə kimi legionerlər arasında onun kimi kövrək insan görməmişəm. Ailəsinə həddən artıq bağlı, çox həssas insan idi. Səmimiyyətinə də söz ola bilməzdi. Yaxşılar sırasında Deyvid Sakkonini də göstərə bilərəm. Ola bilsin, kimlərisə unutmuşam. Ancaq yaxşı mənada daha çox yaddaşımda qalan bu iki futbolçudu. İntizamsızı soruşursuzsa, bu günə kimi gördüklərim arasında ipə-sapa yatmayan, intizama əməl etməyən Dieqo Qusmao olub. Qusmao favellada, Braziliyada “gecəqondu” deyilən, əsasən də quldurlar olan yerdə (gülür) böyüdüyündən, potensialının olmasına baxmayaraq, özünü yaxşı aparmırdı. O bəzən elə şeylər edirdi ki… Hər şeyi açıq danışmaq olmur. Bir sözlə, Dieqo gördüyüm əcnəbilər arasında ən yaramazı olub (gülür).
- Uzun müddətdi tərcüməçi kimi futbol sahəsindəsən. Yaddaşına daha yaxşı yazılan hadisəni xatırlaya bilərsən?
- “Xəzər Lənkəran”la ölkə kubokunu qazandığımız vaxt rayona qayıdanda Lənkərana çatmamış, lənkəranlı azarkeşlər təxminən 200-ə yaxın maşınla bizi rayondan xeyli aralıda qarşıladılar və stadiona qədər avtobusu müşayiət etdilər ki, legionerlər buna çaşıb qalmışdılar. Bir də “Qarabağ”la Çempionlar Liqasının qrupunda düşdüyümüz ili xüsusi qeyd edərdim. Həmin vaxt futbolçuların paltardəyişmə otağında necə sevindiyini, Bakıda hava limanında qarşılanma mərasimini qeyd edə bilərəm. “Xəzər Lənkəran”ın şərəfini qoruyan Etam Mbilla ilə bağlı olayı da heç vaxt unutmayacam. Kamerunlu futbolçu klubdan təklif alanda maraqlanıb ki, Lənkəran necə yerdi. Agentlər öz maraqlarını nəzərə alaraq, ona deyiblər ki, Lənkəran kurort zonasıdı - bir tərəfi dağlar, bir tərəfi dənizdi. Çimərliyi də yüksək səviyyədə. Normalda yeni gələn oyunçu çalışır ki, komanda yoldaşları, klubda çalışanlar ilə tez ünsiyyət qursun, özünə yer eləsin. Ancaq gördüm ki, bu nəsə qaşqabaqlı gəzir. Səbəbini soruşanda “mənə demişdilər bura kurort zonasıdı. Çimərlik, pansionatlar hardadı” sualını verdi. Dedim bizdə dəniz də, dağ da var, hələ turistik bölgəyik də. Ancaq bəzi səbəblərdən indi hər yer bağlıdı, yaxın vaxtlarda özün hər yeri görəcəksən. Bir müddətdən sonra Mbilla artıq başa düşdü ki, agentlər ona yalandan şirin vədlər veriblər. O elə bilmişdi ki, Marbelyaya və yaxud başqa bir yerə gedir. Con Toşak da eyni aqibəti yaşamışdı. Azərbaycana gəldiyi ilk günlər Bakıda qalmışdı. Deyirdi ki, sizin paytaxtınız İstanbuldan heç nə ilə geri qalmır. Vədə yetişdi, onu Lənkərana aparmalı olduq. Maşında o, mən və sürücü idi. Uelsli mütəxəssis yolun yarısına kimi danışıb-gülürdü. Elə ki Cəlilabada çatdıq, adamın sifəti dəyişməyə başladı. Maşından ətrafı seyr etdikcə əhvalı dəyişirdi (gülür). Onu öncə bazaya apardıq və futbolçularla tanış etdik. Ardınca “Palmalive” otelinə yollandıq. Yazıq 10 günə özünə zorla gəldi. Ancaq sonradan Lənkəranla tanış olandan sonra çox bəyəndiyini bildirirdi.
RƏŞAD

Oxşar xəbərlər
SON XƏBƏRLƏR