Belarus futbol tarixinin ən yaxşı oyunçusu müəyyənləşib. Bu, ölkəmizdə də legioner həyatı yaşamış mərhum futbolçu Valentin Belkeviçdi. "İnter"in (hazırkı "Keşlə"nin) və Belarus yığmasının sabiq yarımmüdafiəçisi bu ölkənin məşhur nəşri olan "Pressbol"un keçirdiyi sorğunun qalibi olub. Belkeviç 10 mindən çox adamın iştirak etdiyi səsvermədə məşhur həmkarlarını - sabiq "Yuventus"lu Sergey Aleynikovla "Barselona"nın heyətində Çempionlar Liqasının (ÇL) qalibi olan Aleksandr Qlebi qabaqlayıb. Karyerası daha çox Kiyev "Dinamo"suna bağlı olan, bu komandanın heyətində qazandığı mükafatlar sayəsində Belarusun ən titullu futbolçusu sayılan Valentin futbolçu həyatını məhz ölkəmizdə başa vurub. Belə ki, o, 2008-in iyununda "İnter"lə müqavilə bağlasa da, növbəti ilin yanvarında anlaşmanı pozub. Bu da məşqçilikdə A lisenziyasını almasıyla əlaqədar yaşıl meydanda çıxışını başa vurması ilə bağlıdı. "İnter"in heyətində 5 oyun keçirən Valentin Belkeviç 2014-cü ildə dünyasını dəyişib.