Elvin Məmmədovdan şok iddia
“Zirə” ilə yolları ayırandan sonra Elvin Məmmədov hazırda klubduzdu. Millimizin sabiq üzvü bir kənara çəkilib, yeni təklifləri gözləyir. Zaur Həşimovun komandaya gəlişinin ardından “istənilməyən oyunçu” olan Məmmədovla bir çox məsələ ətrafında danışıdıq. Söhbət zamanı 31 yaşlı futbolçu özünü heç kimdən zəif saymadığını və istənilən premyer-liqa klubunda oynaya biləcəyini söylədi. Elvin yeni təklflər gözlədiyini də bildirdi.
- Karantini necə keçirirsən?
- Bağdayam, mümkün qədər fərdi çalışıram. İnternetdə proqramlar var, onlardan istifadə edirəm. Arada qonşudan uşaqlar gəlir, futbol oynayırıq. Hələlik yeni bir şey yoxdu. Hər şey normala dönsün, Azərbaycan futbolunda nəsə baş versin ki, biz də təklif gözləyək. Hazırda nəsə olması real deyil.
- “Zirə”dən ayrılandan sonra yerli və ya xarici klublarla təmasın olmayıb?
- Əvvəlcə onu deyim ki, “Zirə”dən ayrılacağımı gözləmirdim. Ancaq bunlar artıq keçmişdə qalıb, yenidən həmin mövzulara qayıtmaq istəmirəm. Ayrılandan sonra xaricdən təklif ola bilməzdi, çünki çempionatlar davam edirdi. Heç kimə də xidmətimi təklif etmədim. Azərbaycan çempionatından da istəyən olmadı. Ümumiyyətlə, fərqi yoxdu. Olsa, burda, olmasa, xaricdə oynamağı düşünürəm.
- Sanki karantinin olması klubsuz qalmağına daha çox təsir etdi...
- Açığı, bu barədə düşünməmişəm. Ancaq müəyyən əlaqələrimiz var idi. İndi çıxıb “yaxşı və ya pis oldu” demək doğru olmaz. Hazırda bu vəziyyət tək bizim üçün yox, bütün dünya futbolu üçün yaxşı deyil.
- Özünü Azərbaycan çempionatında oynaya biləcək gücdə hiss edirsən?
- Gücüm olmasa, özüm də etiraf edib “bəsdi” deyərəm. Amma hazırda gücüm də var, özümü də heç kimlə müqayisə etmirəm. Hər kəs özünə uyğun futbolçudu. Ancaq əminəm ki, oynaya bilərəm. Bacarmadığım bir şey haqda danışmaram. Amma bu gün istənilən komandaya kömək etməyə hazıram. Bunun nümunələri də var. Mən zədəli şəkildə belə çıxıb oynamışam. Bu gün Azərbaycanda istənilən komandada çıxış edə bilərəm, buna gücüm də var. 31 yaş çox deyil. Bizdə elə edirlər ki, guya artıq yeriyə, qaça bilmirsən. 31 yaşında Azərbaycan çempionatında nə qədər futbolçu var. Mətbuatda belə şeylər şişirdilir.
- Bir çox klubda forma geymisən, milli komandada çıxış etmisən. Bu gün klubsuz qaldığına görə haqsızlığa uğradığını düşünürsən?
- Təbii ki, belə şeyləri özümdə təhlil edirəm. Ancaq karyerama baxanda hər şey göz qabağındadı, əlimdən gələni etmişəm. Bunları görməyənlər varsa, onlardan bir şey uman deyiləm. Ancaq çox şükür ki, Azərbaycan futbolunda 10-12 oyunçu varsa, biri də mənəm. Mən həmişə oynamışam, adım üstümdə olub. Bu cəhətdən rahatam. Heç kimdən küsməmişəm, nəsə də ummuram. Allah elə bunları mənə nəsib edibsə, xoşbəxt insanam. Demirəm mükəmməl futbol oynamışam. Ancaq çox adam istərdi ki, mənim kimi futbol oynasın, karyerası olsun. Sadəcə, bəzi şeylər var ki, onlar məndən də asılı deyil. Bu şeylər hamının karyerasında baş verə bilər. Kiminləsə yola getmirsənsə, onu birdəfəlik silməli deyilsən. Sabah mən kiminləsə anlaşılmazılıq yaşasam, onu həmişəlik qırıb ata bilmərəm. Bir nəfər hamıya yaxşı və ya pis ola bilməz.
- Belə deyək: “Zirə”dən bu şəkildə ayrılmağın klub tapa bilməməyinə təsir edəcək?
- Mənim ordan ayrılmağım performansıma görə deyil. “Zirə”dən yaxşı futbolçu olmadığım üçün göndərilməmişəm. Mən həmin vaxt zədəliydim. Bundan öncə kubok oyununda çıxıb komandama kömək etmişəm, məhsuldar ötürmə vermişəm və mərhələ keçmişik. Yəni mən o qədər zəif oyunçu deyiləm. Baş məşqçi özü həmin görüşdə mənə şans verdi. Mən də çıxıb oynadım. Sonra zəif olmağım hansı məntiqə sığır? O zaman məni niyə meydana buraxırdı? Üstəlik, hesab 0:0 idi, oyun əlavə vaxta gedirdi. Zəif olsaydım, məni meydana buraxmazdı. Ordan ayrılmağım zəiflik məsələsi deyil. Özümü heç bir futbolçudan aşağı görməmişəm. Olsa, özüm də bunu deyərəm, onsuz da hər şey göz qabağındadı. Bu gün çıxıb “Liverpul”da, “Milan”da oynaya bilərəm” desəm, doğru olar? Sadəcə, ola bilər ki, baş məşqçi məni siyahısında görməyib. Ancaq bu, performansa görə olmayıb. Məni komandaya Samir Abasov gətirmişdi. Bəlkə də o qalsaydı, hər şey başqa cür olardı. Bəlkə də daha da pis ola bilərdi.
- Samir Abasov yeni bir kluba keçsə, sənin üçün imkan yarana bilər?
- Bilmirəm. Ancaq oyunçular hər nə qədər yerində çalışsalar da, baş məşqçilər elə deyil. Onların taktikası, sistemi dəyişir. Bu dəqiqə Samir müəllimin daha çox zamanı var, bəlkə də fərqli sistemlər üzərində çalışır. Bəlkə də heç o sistemdə mən yoxam, bunlar normal şeylərdi. Ondan gözləməli deyiləm ki, məni yenə komandasına götürsün.
- Premyer-liqa hazırda dayanıb. Səncə, davam etməsi nə dərəcə real görünür?
- İnsanların sağlamlığı hər şeydən önəmlidi. Yəqin ki belə bir addımın atılması riskli olar. Buna gərək dövlət qurumları icazə versin. Ancaq xəstəlik bir az azalsa, tez bir zamanda başlaya bilər. Bu gün böyük ölkələrdə belə çempionatlar ləğv edilib. Bizdə də mövsüm ləğv olunsa, kim nə deyə bilər? Məncə, burda bizim nə düşünməyimiz önəmli deyil.
- Mövsümün sonunda yeni bir təklif olmasa, karyeranı bitirməyi düşünəcəksən?
- Xeyr, əsla. Təklif olmasa belə, başqa variantları nəzərdən keçirəcəm. Bu barədə indidən nəsə demək tezdi. Az öncə də dedim, gücüm, futbola sevgim olmasa, bəli, getmək barədə düşünmək olar. Ancaq hələ tezdi.
HƏSƏN