Veteran futbolçunun nə iş görəcəyi mayın 11-dən sonra bilinəcək
Azərbaycan çempionu, ölkə kubokunun qalibi, 1995/96 mövsümünün bombardiri Rövşən Əhmədovun çətin günləri, deyəsən, tezliklə arxada qalacaq. Futbolçu karyerasını başa vurandan sonra sevdiyi və illərini qurban verdiyi peşədən ayrı düşən, “Kəpəz” və “Şəmkir” kimi iddialı komandaların formasını geymiş forvard onun-bunun qapısında, ustaların əlinin altında fəhləlik edirdi. Hələ 2017-ci ildə “Futbol+”ə verdiyi müsahibədə bunu açıq şəkildə desə də, ictimai qınaq yetərli olmadığından dərdinə dərman tapan olmamışdı.
Lakin budəfəki olayın səs-küyü ölkəni tərpətdi. Karantin günlərində imkansız ailələrə sovqat paylayan “Kəpəz” rəsmilərinin Rövşən Əhmədovun da qapısını döyməsi və həmin an çəkilən fotonun sosial şəbəkələrdə yayılması aydın səmada şimşək effekti verdi. Biz yazdıq, insanlar qınadı, nəticədə insan ürəkli biri tapıldı.
“Kəpəz”in Müşahidə Şurasının üzvü, eyni zamanda millət vəkili olan Müşfiq Cəfərov Gəncə futbolunun sevimlisini diqqətdə saxlayacağını bildirdi. Diqqətdə saxlamasının mənası isə Əhmədova ailəsini dolandıra biləcək işin tapılmasıdı. Çox keçmədən daha bir sevindirici xəbər oxuduq. Bu dəfə veteran futbolçunun C kateqoriyası kurslarına qatıla bilməsi üçün tələb olunan maliyyə ödənişini “Kəpəz”in üzərinə götürdüyünü öyrəndik. Yəni müvafiq lisenziya üçün sənəd qəbulu başlayanda, Əhmədovun kursa qatılması təmin olunacaq.
Bu iki xəbərin yayılmasının üstündən 10 gündən artıq vaxt keçib. Deyək ki, kateqoriya kurslarında durğunluq hökm sürür. Belə deyək, futbol bərpa olunandan sonra hansısa yenilik mümkündü. Bəs digər məsələ - Rövşən Əhmədovun işlə təmin olunması? Müşfiq Cəfərov vədinə əməl edib, yoxsa bir qədər gözləmək lazım gələcək? Səbəbkarı dinləyək: “Bu barədə söhbətimiz olub. Özünüz də bilirsiz ki, hazırda vəziyyət qarışıqdı. Üstəlik, idman, futbol da dayanıb. Bir müddət gözləməliyəm. İllərdi kənarda qalmışdım, yada salan yox idi. Şükür, indi nəzarətə götürülmüşəm, Müşfiq müəllim işimlə məşğul olur. AFFA-dan da zəng etmişdilər. Allahın köməyi ilə mayın 11-dən sonra hansısa yenilik olmalıdı”.
HƏBİB