İcraiyyə Komitəsinin iclasının konkret tarixi bilinmir
Millətlər Liqasının 2018/19 mövsümündə və AÇ-2020-nin seçmə mərhələsində futbolçuları əsas milli komandaların heyətinə cəlb olunan klublar üçün UEFA tərəfindən ayrılan 1 milyon 137 min 773 avro AFFA-nın vasitəsi ilə premyer-liqa təmsilçilərinin hesabına köçürülüb. Bu xəbər dünən assosiasiyanın saytında yer alıb. Elita klubları arasında ən çox qazanan “Qarabağ” olub. “Keşlə”yə çatacaq maliyyə isə Futbolun İnkişaf Fonduna ayrılıb. Saytda o da qeyd olunub adı çəkliən fond yaxın aylarda həmin vəsaiti Zaur Axundovun rəhbəri olduğu kluba köçürəcək. Ümumiyyətlə, qitənin ali futbol qurumu klublara bu qədər vəsait ayırıb: “Qarabağ” – 436,696.69, “Neftçi” – 210,117.58, “Səbail” – 172,144.67, “Sabah” – 88,895.90, “Qəbələ” – 80,514.21, “Sumqayıt” – 64,651.56, "Zirə” – 47,870.83, “Keşlə” – 36,881.76 avro.
Yuxarıda qeyd etdiyimiz kimi, UEFA-nın ayırdığı vəsaitdən ən az pay düşən “Keşlə”di ki, həmin pul da birbaşa paytaxt klubunun büdcəsinə yox, Futbolun İnkişaf Fondunun hesabına köçürülüb. Bu məqamın arxasında nəyin durduğunu, ümumiyyətlə, bu adda fondun nə vaxt yarandığını bilmək üçün AFFA-nın Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Firuz Abdullanı aradıq. Firuz bəy Futbolun İnkişaf Fondunun 2016-cı ildə İcraiyyə Komitəsinin (İK) qərarı ilə yaradıldığını bildirdi: “İcraiyyə Komitəsinin 2016-cı il avqustun 29-da keçirilən iclasında bu fondun yaradılması qərara alınıb. Həmin qərarda yazılıb: “AFFA-nın təsisçiliyi ilə Futbolun İnkişaf Fondu yaradılsın. Qurumun İdarə Heyəti bütövlükdə AFFA-nın İcraiyyə Komitəsinin heyətindən təşkil olunsun. Futbolun İnkişaf Fondunun hüquqi məsələlərinin həlli və təşkilati işlərin həyata keçirilməsi AFFA-nın baş katibliyinə tapşırılsın.
Göründüyü kimi, fond artıq 4 ilə yaxındı fəaliyyət göstərir. “Keşlə”yə çatacaq vəsait niyə əvvəlcə həmin fondun hesabına köçürülüb? AFFA-nın maliyyə yardımı göstərdiyi klubların bəzi xərclərini assosiasiya əvvəlcədən özü qarşılayır. Belə köçürmələr olanda xərclənən vəsait hesablanaraq geri alınır. Yerdə qalan məbləğ isə klubun büdcəsinə köçürülür”.
Bugünlərdə telekanalların birində qonaq olan AFFA rəsmisi mayın sonlarında İcraiyyə Komitəsinin toplantısının olacağını bildirmişdi. İclasın hansı tarixdə keçirləcəyinin dəqiqləşib-dəqiqləşmədiyini də Firuz bəydən xəbər aldıq: “Əvvəlcə onu bildirim ki, açıqlamada İcraiyyə Komitəsinin iclasının konkret mayın sonlarında keçriləcəyini deməmişəm. Vurğulamışam ki, toplantı nəzərdə tutulub. Ancaq nədənsə bəzi saytlar dediklərimi bir qədər təhrif edib, iclasın mütləq şəkildə ayın sonunda keçiriləcəyi ilə bağlı xəbərlər paylaşıblar. İclas keçiriləcəyi halda videokonfrans şəklində olacaq. Hələ ki bununla bağlı konkret fikir yoxdu”.
RƏŞAD