“Avrokuboklara yollanacaq 4-cü komandanı da sərt bir qərarla müəyyənləşdirmək lazımdı”
Pandemiya səbəbindən hazırda koma vəziyyətində olan ölkə futbolu Şekspirin qəhrəmanının məşhur “olum və ya ölüm” sualı qarşısındadı. Hələ də bilinmir ki, cari mövsüm yaşıl meydanlarda başa çatacaq, yoxsa kağız üzərində məsələyə nöqtə qoyulacaq? Budəfəki müsahibimizlə elə əsasən bu və bizi maraqlandıran başqa suallar ətrafında danışdıq. Həmsöhbətimiz isə futbol agenti, klublarda iş təcrübəsinə malik Səbuhi Səfiyarlıdı.
- Futbol camiəsi böyük ümidlərlə mayıb 4-nü gözləyirdi. Hamı elə düşünürdü ki, klublara məşqə çıxmağa icazə veriləcək. Hətta PFL premyer-liqa və divizionda növbəti turların keçirilmə vaxtını da açıqlamışdı. Lakin gümanlar özünü doğrultmadı. Bir neçə gündü yenidən bu məsələ aktullaşıb. Bir çoxları futbolla bağlı qadağanın aradan götürüləcəyini iddia edir. İndi də hamı böyük səbirsizliklə mayın 11-ni gözləyir. Ancaq ölkə başçısı bugünkü çıxışında fərqli fikirlər səsləndirdi, hətta belə davam edəcəyi halda, yenidən sərt qadağalar tətbiq olunacağını bildirdi. Səncə, mövsümü başa çatdırmaq mümkün olacaqmı?
- Düzü, hadisələrin belə axarı fonunda, yoluxma hallarının artdığı məqamda futbol heç kim üçün maraqlı deyil. Biz bu sahənin adamları olduğumuzdan bəlkə də bu sual ətrafında baş sındırırıq. Ancaq görünən odu ki, ölkədə futbol həlli vacib olan problemlər arasında heç də ilk sırada deyil. Ölkə başçısı bu gün bir daha qeyd etdi ki, insanların sağlamlığı üçün dövlət tərəfindən ciddi addımlar atılır. Ancaq adamlar öz sağlamlıqlarını düşünmürlər, müxtəlif bəhanələr gətirməklə qadağaları pozurlar. Heç bir yerdə sosial məsafə gözlənilmir. İnsanlar özlərini qorumaq üçün hansısa tədbir görmürlər. Belə durumda inanmıram ki, futbol barədə kimsə nəsə düşünsün. Hərçənd mən komandaların mayın 4-də məşqlərə başlayacağına da şübhə ilə yanaşırdım. Ancaq düşündüm ki, AFFA və PFL kimi ciddi qurumlar belə açıqlamalar verirlərsə, deməli, bildikləri nəsə var. Lakin bir daha göründü ki, tələsik addım imiş. Məncə, “karantin bitdi” sözünü eşidənə, bununla bağlı konkret qərar verilənə qədər bu yöndə nəsə danışmaq yersizdi. Bugünkü rəqəmlər, Prezidentin qeyd etdiyi faktlar da göstərir ki, hətta qarşıdakı günlərdə yumşalma əvəzinə sərt addımlar da atıla bilər. Yumşalma olan kimi xəstə sayında artım baş verdi. Avropa ilə özümüzü tərəzinin bir gözünə qoymayaq. Orda adamlar özlərini qoruyurlar, təhlükəsizlik tədbirlərini pozmurlar. Avropadakılar məsuliyyət hiss edirlər. Onlar çempionata başlasalar belə, müəyyən çərçivə daxilində bunu edəcəklər. Bu çərçivə daxilində isə hansısa futboldan, futbolun gözəlliyindən danışmaq mənasızdı. Burda əsas məqsəd oynayıb mövsümü bitirməkdi. Məsələn, Almaniyada çempionata davam qərarı verilsə də, 10-dan çox qayda var ki, bütün futbolçular ona mütləq riayət etməlidilər. İki komanda eyni vaxtda tuneldən bir yerdə meydana çıxa bilməz. Və yaxud matçdan əvvəl futbolçular bir-biri ilə görüşməyəcəklər. Bizim kimi ölkələr üşün futbol o qədər də vacib məsələ deyil. Sadəcə, ədalətli qərar vermək, avrokuboklara yollanacaq komandaları düzgün seçmək lazımdı. Mayın 11-də komandalar məşqlərə başlamasa və karantin mayın sonuna kimi davam etsə, çempionata başlamağın heç bir mənası olmayacaq. Yenə burda əsas söz UEFA olacaq, qurumun tövsiyələri əsas götürüləcək. İyunun sonunda əksər oyunçuların müqavilə müddəti də bitir. İyunda qalan turları keçirməyə başlasaq, mövsüm avqusta kimi davam edəcək. Belə olan halda futbolçular həmin aylar üçün maaş istəyə bilərlər. Bəzi klub nümayəndələri ilə danışanda, deyirlər ki, futbol olmayan müddətdə biz onlara əməkhaqqı vermişiksə, onlar da bunun əvəzini qaytarmalıdılar. Biz bilirik ki, futbolçu maaş alanda məsuliyyət hiss edir, işinə daha ciddi yanaşır, meydanda sona qədər mübarizə aparır. Pulsuz oynadığı müddətdə onun özünü necə aparacağı heç kimə bəlli deyil. Əmin ola bilərsiz ki, bununla bağlı çoxlu sual ortaya çıxacaq. Mənzərəni tam başa düşmək üçün bir qədər də gözləməliyik. İndi nəsə fikir bildirmək yersizdi. Avrokuboklara yollanacaq 4-cü komandanı da sərt bir qərarla müəyyənləşdirmək lazımdı.
- Avrokuboklara yollanacaq komandalarla bağlı ədalətli qərarın verilməsinin tərəfdarı olduğunu bildirdin. Ancaq həm də “sərt qərar olmalıdı” deyirsən. Bu gün 4-cü pillədə qərarlaşan “Sumqayıt”la 5-ci olan “Zirə” eyni xala malikdi. Belədə sumqayıtlıların qitəmiqyaslı turnirə yollanması ədalətli qərar olacaq? Hər halda, xallar eynidi. Sadəcə, öz aralarındakı oyunlara görə “Sumqayıt” bir addım öndədi.
- Dediyim odu ki, hansısa yol tapmaqla ədalətli qərar verilməlidi. Klub nümayəndələrini dəvət edib müəyyən tövsiyələri əsas götürməklə qarşılıqlı razılıq əsasında bu iş başa çatdırlmalıdı. Bu məsələdə hər iki klubun fikrini öyrənmək lazımdı. Ədalətli qərar qəbul etmək çətin olarsa (məhz belə olacağını da düşünürəm), onda sərt şəkildə konkret ilk 4 yerdə qərarlaşn kollektivlərin Avropaya gedəcəyini bildirmək lazımdı. Həmin vaxt daha heç bir əlavə göstərici nəzərə alınmamalıdı.
- Futbolçuların müqavilə məsələsinə toxundun. Özün də bu gün agent kimi fəaliyyət göstərirsən, premyer-liqa klublarında müştərin olan oyunçular çıxış edir. Agent kimi bu məsələyə münasibətini bilmək maraqlıdı. Müqavilə müddəti mayda bitən futbolçu mövsüm davam etsə belə, klubdan ayrıla bilər?
- Biz hələ bilmirik ki, FİFA yay “transfer pəncərəsi” üçün hansı aralığı nəzərdə tutub. Əvvəl iyunun 10-dan çempionatın start götürdüyü ilk həftəyə qədər davam edirdi. İndi “pəncərə” həmin dövrdə bağlı olacaqsa, futbolçu iyunda komandadan ayrılacağı halda da yeni klubla ilə anlaşa bilməyəcək, yəni evində boş oturacaq. Məncə, bu məsələdə vacib məqam “transfer pəncərəsi”nin hansı dövrü əhatə edəcəyidi. Futbolçu onsuz da mart, aprel, mayda məşq etməyib, futbol oynamayıb. Üstəlik iyunda müqavilə müddəti bitdiyinə görə acıq edib düşərgəni tərk etsə və avqusta qədər meydana çıxmasa, 6 ay futbolsuz qalmalı olacaq ki, bu da ona ağır zərbədi. Məncə, bu səbəbdən futbolçular güzəştə gedəcəklər. Bundan başqa, FİFA funksionerləri də mövcud durumdan xəbərdardılar. Ona görə bu məsələ ilə bağlı mütləq nəsə qərar qəbul olunacaq. Ali futbol qurumu “mayda, iyunda müqavilə müddəti bitən futbolçuların anlaşması cari mövsümün sonuna qədər qüvvədədi” şəklində qərar qəbul etsə, artıq futbolçuların düşərgədən ayrılmaq şansı qalmayacaq.
- Sona 8 tur qalmış “Qarabağ” ilk pillədə qərarlaşsa da, “Neftçi” nəzəri cəhətdən çempionluq şansını saxlayır. Mövsüm yarımçıq başa çatacağı halda ağdamlılar növbəti dəfə qızıl medallara sahib çıxacaqlar ki, bununla da titul baxımından bakılılara çatmış olacaqlar. Səncə, çempionatın yarımçıq başa çatması “ağ-qaralar”a münasibətdə ədalətsizlik olmayacaqmı? Onsuz da tarixdə bu klublar arasında çempionluğu müəyyənləşdirmək yönündə bir dəfə söz-söhbət yaşanıb...
- Yenə deyirəm, çempionat yarımçıq qalacağı halda yeganə çətinlik avrokuboklara gedəcək 4-cü komandanı müəyyənləşdirməkdə yaşana bilər. “Qarabağ”ın çempion olacağına Azərbaycanda şübhə ilə yanaşa biləcək adam tanımıram. Nəzəri cəhətdən “Neftçi”nin şansının qaldığını başa düşürəm, ancaq biz də neçə illərdi futboldayıq və çox şey görmüşük. Əminəm ki, heç kim ağdamlıların çempion elan olunmasına etiraz etməz. Özüm də ”Qəbələ”də işləyəndə onlara qarşı mübarizə aparmışıq, müəyyən xal fərqi ilə irəlidə olmuşuq. Amma yenə də onlar sonda finişə birinci çatıblar. Belə deyim, “Qarabağ” çempion olmağın yollarını bilir. Bəlkə də ədalətli qərar Ağdam klubunu çempion elan etməkdi.
RƏŞAD