Koronavirus pandemiyası adamları evdə oturmağa məcbur edib deyə, hərə vaxtını bir cür keçirir. Övladlarıyla oynayan da var, zamanını idmana ayıran da, qiraət edən də. Böyük əksəriyyətin “ocağı” isə televizor və internetdi.
Bu mənada futbolçuların paylaşımları diqqəti çəkir. Məsələn, uzun illər “Qarabağ”ın şərəfini qoruyan və oyunu ilə futbol ictimaiyyətinin rəğbətini qazanan Reynaldo “instaqram” səhifəsindəki paylaşımı ilə diqqətləri üzərinə çəkib. Təcrübəli braziliyalı “Qarabağ”ın futbolkasındakı şəklini paylaşaraq, altında “saudades”, yəni “darıxıram” yazıb.
Reynaldonun “darıxıram”ının hansı məna daşıdığını demək çətindi. Ola bilsin, karantin günləri, yəni futbolsuzluq onu bezdirib. Amma bunu niyə “Qarabağ”ın formasındakı şəklini paylaşaraq etsin axı? Adam yaxın keçmişdə Tiflis “Dinamo”su ilə anlaşıbsa və faktiki həmin klubun üzvü sayılırsa, Gürcüstan təmsilçisinin futbolkasındakı fotosunu paylaşa bilərdi. Oyun futbolkasında olmasa belə, məşq geyimində. Yoxsa “Dinamo” ona geyim dəsti verməyib? Bəlkə qonşu ölkənin köklü klubunun fotoqrafı yoxdu?
HƏBİB