Romanov onun Avropa çempionatına yollanmasına imkan verməyib
Yaşasaydı, Azərbaycanın futbol ictimaiyyəti mayın 9-da onun 90 yaşını qeyd edəcəkdi. Söhbət 4 dəfə SSRİ çempionu olan, ölkənin əsas yığmasında 4 oyun keçirən, həyatın müxtəlif mərhələlərində və fərqli statuslar ilə 4 dəfə “Neftçi”ylə yolları kəsişən, “San-Siro”da “Milan”ın, daha doğrusu, Canluici Buffonun qohumu Lorentso Buffonun qapısına 4 qol vuran, nəhayət, 2014-də (4-lərin maraqlı kombinasiyasına baxın...) dünyasını dəyişən Ələkbər Məmmədovdan gedir.
Həyat, tale məhz Ələkbər bəyin bəxtinə bir çox yollarda cığıraçan olmağı yazmışdı. Azərbaycanın futbol tarixinə baş vurub, çoxlu belə nümunə tapmaq olar. 1951-ci il sentyabrın 16-da, Stalinin adını daşıyan stadionun açılış günündə keçirilən, özü də Mircəfər Bağırovun şəxsən izlədiyi oyunda hesabı açmaq da onun qisməti idi. İlk Avropa çempionatının seçmə oyunlarına qatılan SSRİ yığmasının heyətinə düşən ilk azərbaycanlı futbolçu olmaq da. Çox güman, Məmmədovun karyerasına ilk azərbaycanlı Avropa çempionu olmaq da yazılacaqdı. Moskva “Dinamo”sunda keçirdiyi 6 mövsümdə 97 oyunda 45, 25 beynəlxalq oyunda 11 qol vuran, 4 dəfə çempion olmaqla yanaşı, 2 dəfə də gümüş medal qazanan futbolumuzun yetirməsi AÇ-60-ın 4 seçmə oyununda da iştirak etdiyindən məntiqlə AÇ-nin Fransada keçirilən final mərhələsinə də qatılmalıydı. Oxuduqlarıma və eşitdiklərimə görə, Məmmədovun qitə çempionatına qatılan yığmaya düşməsinə həmin dövrdə SSRİ idman komitəsinə rəhbərlik edən Nikolay Romanov imkan verməyib. Ya bəlkə də yığmanın baş məşqçisi Qavriil Kaçalin hücumçunun “Dinamo”nu ataraq, yenicə güclülər dəstəsində oynamaq hüququ qazanan “Neftçi”yə keçməsini artıq 30 yaşın içində olan Ələkbərə bağışlamayıb. Fakt budu ki, Moskvada uğurlu karyera quran, SSRİ-yə səs salan azərbaycanlı hücumçu yığmanın qitə çempionluğunu kənardan izləməli olub.
...Çox mürəkkəb dövrdə ruslar arasında baş çıxaran, futbolçu keyfiyyətləri ilə yanaşı, pedaqoq fəaliyyəti ilə seçilən Ələkbər Məmmədov ömrün son illərini, aylarını tənhalıqda keçirdi. Və ölümü də qəribə oldu. 2014-cü il avqustun 1-də “112” qaynar xəttinə Səbail rayonundakı mənzillərin birində bağlı qapı arxasında köməksiz vəziyyətdə yaşlı kişinin qalması ilə bağlı məlumat daxil olandan sonra ora baş çəkən Fövqəladə Hallar Nazirliyinin və hüquq-mühafizə orqanlarının əməkdaşları həmin şəxsin meyidini aşkar etdilər. Ölən isə Azərbaycan və sovet futbolunun əfsanələrindən Ələkbər Məmmədov idi...
ORXAN