Voronin “Liverpul”un çempionluğuna görə narahatdı
Karyerasının böyük hissəsini Almaniyada keçirən Andrey Voronin hazırda Düsseldorfda yaşayır. Rusiya mətbuatına müsahibə verən ukraynalı sabiq hücumçu vaxtilə 4 il forma geydiyi “Dinamo”dan və azarkeşlərin ona olan münasibətindən danışıb. O, Almaniya çempionatında mövsümün qalan hissəsinin keçirilməsinə də münasibət bildirib. Voronin sabiq komandası “Liverpul”u da unutmayıb.
Karantin...
* Hazırda Almaniyanın Düsseldorf şəhərində yaşayıram. Mərkəzə yaxın yerdə qalıram. Düsseldorf balaca şəhərdi. Bu mənada onu Riqaya bənzədirəm. Ailəmlə birlikdə yaşayırıq. Böyük qızım isə Kölndə qalır. Daha çox kiçik qızım Danya ilə vaxt keçirməyi xoşlayıram. Onun 5 yaşı var. Hər an onu qucaqlamaq və ona toxunmaq istəyirəm. Düzü, artıq darıxmağa başlayıram. Qəribə vəziyyət yaranıb. Pandemiya dünyada həyatın dayanmasına səbəb olub. İlk günlərdə böyük oğlumla voleybol və tennis oynayırdıq. Vaxtımızı pis keçirmirdik. Amma indi artıq oynamırıq. Küçəyə də çıxmırıq. Ancaq evdə vaxt keçiririk. Yemək hazırlamağa başlamışam. Belə vəziyyətin nə qədər çəkəcəyini isə bilmirik.
...azarkeşlər...
* “Dinamo”nun azarkeşləriylə əlaqəmi kəsmirəm. Sosial şəbəkələrdə tez-tez mənə yazırlar. Onların sevgisini və dəstəyini hiss edirəm. Təbii ki, fanatlardan belə münasibət görmək gözəldi. Ümid edirəm ki, yaxın illərdə “Dinamo”nun zəfərlərini görə biləcəyik. Komandaya uğurlar arzulayıram.
...bundesliqa...
* Məndə olan məlumata görə, oyunlar mayın 15-də keçirilməlidi. Təbii ki, bütün təhlükəsizlik tədbirləri görüləcək. Hər şey nəzərə alınıb. Azarkeşlərin stadiona gəlməsi də hələ ki mümkün deyil. Amma futbolçuların maska taxmasından söhbət gedə bilməz. Əks halda qəribə mənzərə yaranardı. Görünən odu ki, bundesliqada hər şey qaldığı yerdən davam edəcək.
...“Liverpul”...
* Uzun müddətdi “Liverpul”dan heç kimlə əlaqə saxlamıram. Hazırda orda yalnız Yürgen Kloppu tanıyıram. İngiltərədə də vəziyyət fərqli deyil. Çempionat dayandırılıb. Ümid edirəm ki, “Liverpul”un çempionluğu əlindən alınmayacaq. Çünki komanda 30 ildi bu uğuru qazanmaq üçün can qoyur. “Qırmızılar” cari mövsümü fantastik səviyyədə keçirirdilər. Düzü, İngiltərədə mövsümün başa vurulacağına inanmıram. Çünki Böyük Britaniyada koronavirus geniş yayılıb. Hazırda İngiltərədə xaos hökm sürür. Eyni sözləri İtaliya və İspaniya haqda da demək olar. Bu ölkələrdə yenidən futbol oyunlarının keçirilməsinin necə mümkün olacağını bilmirəm. Yaranmış vəziyyət hamını üzür.
...Odessa...
* Dənizsiz mənim üçün çətindi. Uşaqlarla çimərliyə getməyi planlaşdırırdıq, amma alınmadı. İyunun axırında tətil olacaq. Odessasız yaşaya bilmirəm. Doğma şəhərimə getmək üçün hətta “Liverpul”un çempionluq paradında iştirak etməməyə də razı olardım.
...və planlar haqda
* Bir müddət əvvəl “Dinamo”da Dmitri Xoxlovun köməkçisi olmağım gündəmə gəlmişdi. Bu barədə danışıqlar aparırdıq. Amma hazırda Moskva təmsilçisini başqa məşqçi çalışdırır. Buna baxmayaraq, “Dinamo”nun rəhbərliyi ilə əla münasibətlərim var. Gələcəkdə bu komandaya qayıda bilərəm.
ELZAMİN hazırladı