Sizin reklam burada

“Sındırılmış” Budaq, yoxa çıxmış (Pil)Ağa

Müəllif: football Tarix: 8-05-2020, 12:26 409 Baxış
Ötən yazımda 17 yaşlı Cavid Qurbanovun doğum günü ilə bağlı vacib məqamlara toxunmuşdum. Həmin yazıda Cavidi ümumi obraza çevirib, Azərbaycanda futbolçu olmağın hansı çətinliklər bahasına başa gəldiyindən bəhs etmişdim. Özümdən Amerika kəşf etmək fikrində deyiləm, bütün bunlar illərlə gördüklərimizdi. Övladını futbolçu etmək arzusuyla yaşayan, onunla birlikdə keşməkeşli yollardan keçən istənilən valideyn irəli sürdüyüm dəlillərlə razılaşar. Elə diqqətli oxucularımızın bir çoxu da. Hamımız bu cəmiyyətdə yaşayırıq, ətrafımızda nələrin baş verdiyini görürük. Görə bilmədiklərimizi də eşidirik. Öz yaxınlarımızın arasında olmasa da, qonşudan, yaxud tanışlardan kimsə mütləq bu çətinlikləri yaşayıb. Sonradan da çəkdiyi əziyyətə, itirdiyi zamana heyfsilənə-heyfsilənə dizlərinə döyüb, övladına yeni məşğuliyyət axtarmağa başlayıb.
Bugünkü yazımı da həmin mövzunun davamına çevirərək, iki nümunəni xatırlayacam. Əslində xüsusi nəyisə xatırlatmağa ehtiyac da yoxdu. Adını çəkəcəyim iki futbolçu (bəlkə də sabiq futbolçu) hər birinizə yaxşı tanışdı, özü də onlar yaxın keçmişdə yaşıl meydanlarda boy göstərib, diqqətləri öz üzərlərinə çəkiblər. Birincisi Budaq Nəsirovdu. Həmin Budaq ki, 2016-cı ilin iyulunda bir andaca Azərbaycanın ən məşhur futbolçularından birinə çevrilmişdi. Cəmi 20 yaşında uzaq Portuqaliyaya gedib çıxmağı bacaran tovuzlu balası “Sportinq”lə müqavilə bağlamışdı. “Kəpəz”dəki çıxışıyla diqqətləri üzərinə çəkmiş, FİFA meneceri Vaqif Heydərli onu böyük ümidlərlə Lissabona aparmışdı. Düzdü, onu “Sportinq”in B komandasına dəvət etmişdilər. Amma bu keçidin özü belə gələcəyə doğru atılmış böyük addım idi. Bir halda ki, Budaqla birlikdə B komandasında çıxış edən Merih Demiral bu gün “Yuventus”un və Türkiyə millisinin aparıcısı futbolçusudu, deməli, Nəsirovun da orda püxtələşmək, məşhurlaşmaq, daha da irəli getmək şansı vardı. Heydərli onu düzgün yerə aparmışdı. Sadəcə, Budaq özü bu şansdan yararlana bilmədi. Bir ara iddia olundu ki, Nəsirov yeni menecerlərlə anlaşıb, bundan sonra səsi daha uzaqlardan gələcək. Sonrası nə oldu? Heç nə!
“Sportinq”dən “Zirə”yə qayıdan Budaq indi faktiki klubsuzdu. Nə adını tutan var, nə də onu heyətində görmək istəyən. Bu yaxınlarda atası mətbuata müsahibə vermişdi. Hikmət Nəsirov oğlunun düşdüyü vəziyyəti belə izah etmişdi: “Bəzi problemlər oldu, karyerası istədiyi kimi alınmadı. Amma qışda Türkiyə və Azərbaycandan təklifləri var idi, söz vermişdilər. Sonradan elə oldu ki, danışıqlar baş tutmadı. İndiki məqamda rəsmi təklifi yoxdu. Deyir ki, yayda özünə klub tapıb oynayacaq. Hələ ki gözləyirik. Görək, necə olur. Açığı, Budaq kimi futbolçunun kənarda qalmasına pis oluram”. Sözün düzü, mən Hikmət bəyin səmimiyyətinə şübhə etmirəm. Biz də gənc futbolçunun belə erkən yaşda klubsuz qalmasına, sevimli peşəsindən uzaq düşməsinə üzülürük. Özü də bu futbolçu sıradan biri deyil, Lissabona qədər getməyi bacaran, gələcəyinə böyük ümidlər bəslədiyimiz Budaq Nəsirovdu. “Sportinq” bir yana qalsın, “Zirə”də özünə yer edə bilməyən Budağın gələcəkdə zirvələri fəth edəcəyinə inanmaq xeyli çətindi. Görünən odu ki, yavaş-yavaş sıradan bir futbolçuya çevrilib, itib-batmaq üzrədi.
Ümidlərimizi puç edən təkcə Budaq deyil. Birvaxtlar Pilağa Mehdiyevə də böyük ümidlər bəsləyirdik. 1999-cu il təvvəllüdlü Pilağa 52 qolla U-15 liqasının bombardiri olanda çoxları ona həsəd aparırdı. Hətta millimizin o vaxtkı baş məşqçisi Berti Foqts da Pilağanın oxuduğu məktəbə yollanmış, gələcəyin ulduzu sayılan futbolçunu şəxsən mükafatlandırmışdı. AFFA da həmin tədbirdən geniş reportaj hazırlamış, bununla kifayətlənməyib Pilağanın həyatından bəhs edən qısametrajlı film də çəkmişdi. 2016-cı ildə Bakıda keçirilən U-17 Avropa çempionatı zamanı Pilağa millimizin heyətində yer alan azsaylı yerli futbolçulardan idi. Bilirsiz ki, həmin vaxt AFFA Təbriz Həsənovun əliylə komandamıza xeyli “milliləşdirilmiş” futbolçu doldurmuşdu. Yığmanın Belçikaya vurduğu qolun ötürməsini də Pilağa vermişdi. Bu məhsuldar ötürmə onun karyerasındakı yeganə yaddaqalan məqam deyil. “Qarabağ”ın gənclər komandası Madriddə “Atletiko” üzərində tarixi qələbə qazanarkən da Dedaya zərgər dəqiqliyi ilə ötürmə verən Pilağa idi. “70” nömrə “Neftçi”nin yetirməsi olduğu üçün “Qarabağ” Çempionlar Liqasına yüksələndə transfer məbləği ödəyərək Mehdiyevi heyətinə qatmışdı. Düşünmək olardı ki, Pilağa tezliklə daha da “artıracaq”, “Qarabağ”ın əsas heyətində özünə yer edəcək...
Amma olmadı. Nə baş verdisə, Mehdiyev “Neftçi”nin əvəzedicilərinə qayıtdı. Ordan “Ağsu”ya, ordan da “Kəpəz”ə uzanan yol elə Gəncədə də dayandı. Çoxdan idi ki, onun adına heç bir oyunun protokoluna rast gəlmirdim. Sonradan öyrəndim ki, divizionda da ona ehtiyac duyulmayıb və futbolun daşını atıb. İnandırıcı olmasa da, reallıqdı. Cəmi 21 yaşında futboldan uzaq düşən Pilağa Mehdiyev hazırda İstanbulun restoranlarının birində özünə çörəkpulu qazanır. Kimdi günahkar – Budaq, Pilağa, valideynlər, məşqçilər... Yoxsa elə hamımız?!
SON XƏBƏRLƏR