Sizin reklam burada

“Hər iki tərəf bir-birinə güzəştə getməyi bacarmalıdı”

Müəllif: football Tarix: 8-05-2020, 12:24 614 Baxış
“Hər iki tərəf bir-birinə güzəştə getməyi bacarmalıdı”
“Sumqayıt” rəhbərliyi futbolçularla söhbət edəcək
“Sumqayıt”ın yarımmüdafiəçisi Əmir Ağayevin İsrail mətbuatına verdiyi açıqlamanı ötən sayımızda diqqətinizə çatdırmışdıq. Qısaca xatırladaq ki, Ağayev karantin rejiminin çətinliyindən danışmaqla yanaşı, klubun ona müəyyən qədər borcu olduğunu, mövsümün sonunda 15-ə yaxın komanda yoldaşının “Sumqayıt”la müqaviləsinin müddətinin başa çatacağını bildirmişdi. Əmir həm də İsrail üçün çox darıxdığını, anlaşmasının müddətinin mayın sonunda başa çatacağını xüsusi vurğulamışdı.
Borcla bağlı məsələyə ötən sayımızda toxunmuşduq. Qəzetimizə açıqlama verən klubun mətbuat katibi Rəşad Məmmədov futbolçunun dediklərini təkzib etməmiş, ancaq texniki məsələlərə görə əməkhaqqıda müəyyən yubanmanın olduğunu bildirmişdi.
Ağayevin açıqlamasında diqqəti çəkən daha bir məqam 15 futbolçunun müqaviləsinin müddətinin bitməsini və onların mayın sonunu gözlədiyini xüsusi qeyd etməsidi. Onun sözlərindən belə çıxır ki, məlum səbəbdən mövsüm uzanacağı halda bu ay anlaşması qüvvədən düşəcək yarımmüdafiəçinin “Sumqayıt”da qalmaq fikri yoxdu. Bundan başqa, müqavilə müddəti başa çatan 14 komanda yoldaşı da onun kimi düşünürsə, “Sumqayıt” qalan 8 turda meydana əvəzedici komandanın üzvlərini buraxmaq məcburiyyətində qalacaq ki, bu da avrokubokları hədəfləyən “kimyaçılar”ın işini çətin salacaq. Həmçinin son iki mövsümdə az büdcə ilə iddialılarla başabaş mübarizə aparan komandanın birdən-birə bu qədər futbolçu ilə vidalaşması gələcək adına xoş heç nə vəd etmir. Bəs görəsən, klub rəhbərliyi bu haqda nə düşünür?
Məsələ ilə bağlı fikrini öyrəndiyimiz Rəşad Məmmədov hələ heç nəyin müəyyənləşmədiyini bildirdi. Klub rəsmisi həmçinin müqaviləsinin müddəti başa çatan oyunçuların onları yarıyolda qoymayacaqlarına inandığını bildirdi: “Bəli, bəzi futbolçuların müqavilə müddəti başa çatır. Karantin aradan götürüləndən sonra onlarla yenidən danışıqlar masası arxasında oturmağı planlaşdırmışıq. İndi bunun üçün münasib vaxt deyil. Fikrimcə, heç bir futbolçumuz mövsüm başa çatmadan klubdan ayrılmayacaq. Hamısı başa düşür ki, “fors-major” halla qarşılamışıq. Hər iki tərəf bir-birinə güzəştə getməyi bacarmalıdı”.
İndiki durumda futbol camiəsini, klub rəhbərlərini ən çox düşündürən sual mövsüm uzanacağı halda futbolçulara veriləcək maaşdı. Bu məsələdə oyunçularla funksionerlər arasında fikir ayrılığı yaşanır. Birincilər müqavilədə göstərilən vaxtdan əlavə meydana çıxacaqları halda maaş verilməsini istəsələr də, klub rəsmiləri əksini düşünürlər. Onların fikrincə, karantin səbəbindən iki ay meydana çıxmadan əməhaqqı alan futbolçu qalan 8 turda mükafat istisana olmaqla, maaş iddiası ilə çıxış edə bilməz. “Bəs “Sumqayıt” rəhbərliyi bu məsələni necə tənzimləmək fikrindədi” sualına Məmmədov belə cavab verdi: “Bir daha vurğulamaq istəyirəm ki, bu gün “fors-major”, heç kimin gözləmədiyi durum ilə üzləşmişik. Hər klubun “futbol ili” ilə bağlı konkret büdcəsi olur və bu da ilin əvvəlində təsdiqlənir. Bu suala indiki durumda cavab verməkdə çətinlik çəkirəm. Hələ ki maliyyə məsələsi müzakirə edilməyib. Ancaq ümid edirik ki, cari büdcə ilə mövsümü başa vura biləcəyik”.
RƏŞAD
SON XƏBƏRLƏR