“Rəşad müəllim (hərçənd mənə “müəllim” deyə müraciət edəndə özümü birtəhər hiss edirəm. Mənim aləmimdə müəllim dünyanın ən müqəddəs insanıdı), çempionatımız nə vaxt başlayacaq? Biz artıq futbolsuz bezmişik. Gündə minlərlə adamın koronavirusa yoluxduğu, yüzlərlə vətəndaşın öldüyü İtaliya, İngiltərə, Türkiyə kimi ölkələrdə klublar məşqə başlayıb, bəzilərində hətta çempionatın start götürəcəyi gün də bəllidi” deyən Arazxan əminin suallarına necə cavab verəcəyimi işdən çıxıb Sumqayıta gedincə yolboyu fikirləşirəm. Eyni məhəllədə yaşadığım, 40 ildi qonşuluq etdiyim, cavan vaxtında atıb-tutan, cahıllarla oturub-duran Arazxan əminin qatı futbol azarkeşi olduğunu uşaq yaşlarından bilirəm. Əslən İsmayıllıdan olan, ancaq özünün dediyinə görə, 12 yaşından Sumqayıtda böyüyən Arazxan əmi ara uşaqları ilə nə qədər yaxın olsa da, çox bilikli, ali təhsilli, uzun illər Neft Daşlarında yüksək vəzifələrdə çalışmış bir insandı. Uzun sözün qısası, hər gün işdən evə qayıdanda məhəllədə məni gözləyən buruq ustasının suallarına hansı cavabı verəcəyimi düşünürəm.
Dünən də eyni fikirlə məhəlləyə çatanda ürəyimdə “kaş ki köhnə neftçi qarşıma çıxmayaydı” düşünüb, cəld addımlarla bloka girmək istəyirdim. Ancaq futbol sevgisi tükənməyən, “ən böyük arzum “Sumqayıt”ı avrokuboklarda görməkdi” deyən Arazxan əmi ənənəsinə sadiq qalaraq, məni blokun qarşısında gözləyirdi. Dodağımın altında “lənət sənə kor şeytan, səbrli ol, Rəşad” deyib, bloka girmək istəyirdim ki, arxadan köhnə neftçinin “müəllim, ümidverici söz eşitmək üçün bayaqdan səni gözləyirəm” sözlərini eşitdim. Bir an ayaq saxlayıb, arxaya dönmədən ağsaqqala nə cavab verəcəyimi düşündüm. O ağsaqqala ki, Anatoli Banişevskinin oyununu stadionda canlı izləyib, dəfələrlə onunla bir masa ətrafında boğazını yaşlayıb, uzun müddət yoldaşlıq edib. O ağsaqqala ki, SSRİ dönəmində respublikanın bir nömrəli komandası olan “Neftçi”nin futbolçuları onu görəndə ayaqüstə durublar, salamına xorla “əleyküm-salam” deyiblər. Həmin an öz-özümə “kaş Ramin Musayev, Aslan Şahgəldiyev burda olaydı, kaş ölkə futboluna cavabdehlik daşıyanlar mənim əvəzimə Arazxan əmi ilə qonşu olub, bu suala cavab verəydilər” dedim. Ancaq reallığı nəzərə alıb, beşillik planı yerinə yetirmək üçün SSRİ kimi dövlətin başbilənlərini aldadan köhnə neftçinin sualına cavab vermək məcburiyyətindəydim. “Elə yalanlar var ki, onu günah hesab etmək olmaz” düşünüb, Fərman Kərimzadənin məşhur əsərindən “ Qurana and olsun, Kərbəlayı İsmayılın ayağı Gilan torpağına dəyməyib” cümləsini yada saldım. Qabağına yeriyərək “Arazxan əmi, narahat olma, futbolumuza cavabdehlik daşıyanlar özlərində cəsarət taparaq aidiyyatı orqanlar qarşısında ölkə çempionatının bərpası ilə bağlı məsələ qaldırıblar” söylədim. 74 yaşlı köhnə neftçiyə, futbolu bəlkə də nəvələrindən çox istəyən, bu gün istər vəzifədə oturanlar, istərsə də kriminal aləm tərəfindən xüsusi hörmətlə qəbul olunan ağsaqqala yalan danışdığıma görə vicdan əzabı çəkdim. Ancaq bu şirin yalanla ona sabahkı gün üçün ümid verdiyimi də yaxşı başa düşdüm. Köhnə neftçinin, varidatı kötükcəsinə də yetən, oğru aləmində hörməti olan ağsaqqalın mənim bu yalanıma necə sevindiyini görmək lazım idi.
Sözardı. Liftlə 9-cü mərtəbəyə qalxıram. Sağ olsun Lift İdarəsi, artıq bir ilə yaxındı liftdə musiqi dinləməyimizə şərait yaradıb. Bilmirəm təsadüfdən, ya da başqa səbəbdən həmin saniyələrdə 4 nəfərlik, 360 kq qaldırmaq gücünə malik kabinədə Alim Gəncəlinin “Yalan dünya” mahnısı səslənirdi. Ümid edirəm ki, AFFA, PFL Operativ Qərargaha Avropa futbolunda yaşananları izah edəcək, bizdən daha pis vəziyyətdə olan ölkələrdə mövsümün bərpası yönündə hansı işlərin görüldüyünü anladacaq.