Sizin reklam burada

Pandemiya “Dinamo”nun Bakıya səfərini təxirə saldı

Müəllif: football Tarix: 8-05-2020, 12:12 566 Baxış

Veteranlar Ələkbər Məmmədovu yad edəcək
Mayın 9-da Azərbaycan futbolunun tanınmış simalarından biri, SSRİ dönəmində “Neftçi” ilə yanaşı, Moskva “Dinamo”sunun şərəfini qoruyan Ələkbər Məmmədovun 90 yaşı tamam olur. Moskva klubunun heyətində dörd dəfə SSRİ çempionluğunu bayram edən Ələkbərovu bütün ittifaqa və Avropaya tanıtdıran matç isə heç şübhəsiz ki, 1955-ci ilə təsadüf edib. Həmin il sentyabrın 4-də “Dinamo” məşhur “San Siro”da “Milan”la yoldaşlıq matçında üz-üzə gəlib. 100 mindən artıq azarkeşin izlədiyi qarşılaşmada həmyerlimiz italyanların qapısından 4 qol keçirməklə adını tarixə həkk etdirib.
2014-cü ilin iyulunda, 84 yaşında dünyasını dəyişən Ələkbər Məmmədov daim futbol ictimaiyyəti tərəfindən xatırlanır. Təsadüfi deyil ki, hər il mayın 9-da AFFA-nın dəstəyi, Futbol Veteranları İttifaqının təşkilatçılığı ilə onun xatirəsinə həsr olunan turnir keçirilir. Bu il də sözügedən yarışın təşkil olunacağı gündəmdə idi. Təəssüf ki, koronavirus səbəbindən Bakıda tətbiq olunan xüsusi karantin rejiminə görə turnir təxirə salınıb. Ancaq doğum günündə vaxtilə mərhumla bir yerdə çalışan, çiyin-çiyinə futbol oynayan veteranlar onu yad edəcəklər. Bu haqda bilgini Futbol Veteranlarl İttifaqının vitse-prezidenti, beynəlxalq dərəcəli hakim Rüstəm Rəhimovdan aldıq: “Artıq neçə il idi ki, Veteranlar İttifaqının təşkilatçılığı, AFFA-nın dəstəyi ilə 10-12 yaşlı uşaq komandaları arasında Ələkbər Məmmədovun xatirəsinə həsr olunan turnir keçirirdik. Bu il rəhmətliyin 90 illik yibileyidi. Fikirləşmişdik ki, bu dəfə turniri daha yüksək səviyyədə keçirək, iştirakçı komandaların sayını artıraq. Ötən illərdə yarışa maraq çox böyük olduğundan, bu il həm sayı artırmaq, həm də formatı dəyişmək niyyətindəydik. Bundan başqa, Məmmədovun şərəfini qoruduğu Moskva “Dinamo”sunun Futbol Akademiyası ilə razılığa gəlmişdik. “Dinamo”nun müvafiq yaş qrupu da turnirə qatılacaqdı. Ancaq bəlli səbəbə görə turnirin keçirilməsi təxirə salındı. Onu da bildirim ki, hazırda “Dinamo”nun Futbol Akademiyasına vaxtilə “Neftçi”nin, “Dinamo”nun şərəfini qoruyan Yuri Kuznetsov rəhbərlik edir. Turnir təxirə salınsa da, mayın 9-da bir qrup veteranla Məmmədovun məzarını ziyarət etməyi planlaşdırmışıq”.
RƏŞAD
SON XƏBƏRLƏR