Tahir Süleymanov: “Oyunçuların 90 dəqiqə meydanda olması təbii narahatlıq doğurur”
Zaur Həşimov: “Heyəti geniş olan komandalar üçün müsbət qərar olacaq”
Bir müddət əvvəl AFFA FİFA-ya Azərbaycan premyer-liqası oyunlarında 4-cü əvəzetməyə icazə verilməsi üçün müraciət etmişdi. Bugünlərdə yayılan məlumata görə, ali futbol qurumu matçlarda əvəzetmə sayının müvəqqəti artırılmasını planlaşdırır. Ötən ayın sonlarında qurum futbolçu dəyişikliklərinin sayının 3-dən 5-ə artırılmasını təklif etmişdi. FİFA-nın baş ofisindən də əvəzetmələrin sayının müvəqqəti artırılacağı, bunun tövsiyə xarakteri daşıyacağı təsdiqlənib.
Bəs bu dəyişiklik futbolçulara, komandalara nə qazandıracaq? Bu qərarın hansı mənfi, yaxud müsbət tərəfləri ola bilər?
Məsələ ilə bağlı sabiq FİFA hakimi Tahir Süleymanovun fikirlərini öyrəndik: “İlk öncə bildirim ki, nə FİFA-nın, nə də UEFA-nın "Oyun qaydaları"nda dəyişiklik etmək səlahiyyətləri var. Futbol İngiltərədə yarandığı üçün Böyük Britaniya ölkələrinin üzvü olduğu xüsusi şura fəaliyyət göstərir. Beynəlxalq futbol qurumu ilə birgə qaydalarda dəyişiklik etmək hüququ onlara məxsusdu. Əvəzetmələrin 5-ə çatdırılması məsələsi müvəqqətidi. Koronavirus pandemiyası ilə bağlı əksər ölkələrdə çempionatlar dayandırılıb. Bir aydan çoxdu fəal həyatsız hamı ev dustağına çevrilib. Komandalar nəinki kollektiv şəkildə, futbolçular belə stadionlarda, zallarda fərdi məşq etmək imkanından məhrum olublar. Hazırda heç bir futbolçu çempionatın davamına hazır deyil və olması da mümkünsüzdü. Bəzi ölkələr, ümumiyyətlə, çempionatı bərpa etməyəcəkləri ilə bağlı qərar qəbul ediblər. Digərləri azarkeşsiz, müəyyən tələblərin yerinə yetirilməsi şərti ilə mübarizəni sona çatdırmaq planlarını cızırlar. Bu tək federasiyalardan asılı da deyil. Müvafiq dövlət qurumları, səhiyyə təşkilatları ilə razılaşdırılmış, birgə addımlar olmalıdı.
Oyunların keçirilməsi hazır olmayan futbolçuların sağlamlığı üçün böyük fəsadlar törədə bilər. Oyunçuların 90 dəqiqə meydanda olması təbii narahatlıq doğurur. Durumlarına kömək məqsədi ilə futbolçu əvəzetmələrinin say dəyişikliyi müəyyən mənada müsbət effekt verər, sağlamlığa, təhlükəsizliklərinə yardım etmiş olar. Yeganə təsir edə biləcək cəhət oyun ərzində bununla bağlı fasilələrin yaranmasıdı. Belədə əlavə dəyişikliklər fasilə zamanı ola bilər. Təkcə əlavə əvəzetmələrdən istifadə deyil, matçlar zamanı ünsiyyətin minimuma endirilməsi də gündəmdədi. Bununla bağlı da təşkilatçılar tərəfindən müzakirələr aparılır. Hakimlər əvəzetmələr kimi, başqa məqamlara da nəzarət etməli olacaqlar.
Azərbaycanda isə hələ çempionatın davam etdirilməsi ilə bağlı konkret qərar yoxdu. Nə vaxt bərpa olunacağı, ümumiyyətlə, olunub-olunmayacağı bilinmir”.
Əvəzetmələrin sayının artırılmasının müsbət və mənfi məqamları ilə bağlı “Zirə”nin baş məşqçisi Zaur Həşimovun da mövqeyini öyrəndik. Gənc mütəxəssisin fikrincə, bu qərar qəbul olunsa, bütün komandalara eyni təsir etməyəcək: “Heyəti geniş olan komandalar üçün müsbət qərar olacaq. Heyətində çox futbolçu olan komandalar üzvlərini mümkün zədələrdən qorumaq üçün bu dəyişikliklərdən istifadə edəcək. Qərarın mənfi cəhətinə gəlincə, məsələn, biz 3 əvəzetmə olanda belə, futbolçu dəyişikliyində əziyyət çəkmişik. Heyət geniş deyil, zədəlilərimiz, cəzalı olduğuna görə oyunları buraxan futbolçularımız olur. Futbolçu baxımından əziyyət çəkən komandalar üçün bu çətin olacaq. Həmin komanda 3 dəyişikliyi belə edə bilmirsə, amma rəqib 5 əvəzetmədən istifadə edirsə, onda oyunda rəqibin üstünlüyü olacaq”.
AYGÜL