Vaqif Həsənov: “Qarabağ” mənfur ermənilərə qarşı döyüşən bir ordudu”
Xeyriyyə aksiyalarında fəallığı ilə seçilən “Qarabağ”ın şənbə günü növbəti kampaniya çərçivəsində Ağdama yollanmasından xəbərdarsız. Ölkədəki mövcud vəziyyəti, koronavirusun yaratdığı məcburi karantin rejimi, yəni bir çox insanların işsiz qaldığını nəzərə alan bir neçə “Qarabağ”lı Ağdama səfər edərək, “Biz birlikdə güclüyük” aksiyasına qoşulmuşdu.
Klubun direktoru Əmrah Çəlikəl, baş məşqçi Qurban Qurbanov, futbolçulardan Rəşad Sadıqov, Maksim Medvedev, Qara Qarayev, Şahruddin Məhəmmədəliyev və Mahir Əmrəlinin yer aldığı heyət ötən həftənin şənbə günü Ağdamda rayon icra hakimiyyətinin başçısı Vaqif Həsənov tərəfindən qarşılanıb. İcra başçısı “Qarabağ”lılarla söhbətində həmişə komandanın yanında olduğunu və qazanılan uğurlarla fəxr etdiyini dilə gətirib: “Çox sevinirəm ki, “Qarabağ” Ağdam rayonunun komandasıdı. Mənfur düşmənlərimizin ölkəmiz üzərinə hücuma keçdiyi bir vaxtda Qarabağ adını Ağdam rayonunun daşıması bizim üçün çox önəmli məsələdi. “Qarabağ” komandasının azarkeşiyəm. Hesab edirəm ki, “Qarabağ” futbol komandası mənfur ermənilərə qarşı döyüşən bir ordudu. Çünki “Qarabağ”ın dünya miqyasında Azərbaycanın tanınmasında, Qarabağ həqiqətlərinin dünyada insanlara çatdırılmasında əvəzsiz xidmətləri var. Bütün bunlara görə “Qarabağ” rəhbərliyinə, klubun xərclərinin qarşılanması üçün əlindən gələni edən Tahir Gözələ, Abdulbari Gözələ xüsusi minnətdarlığımı bildirirəm. Çünki onlar bu gün “Qarabağ”a çox ciddi dəstək verirlər, dövlətimizin tapşırıqlarını yerinə yetirirlər. Cənab Prezidentimizin “hər bir insan “Qarabağ” futbol klubuna kömək etməlidi” devizinə layiqli dəstəklərini verirlər. “Qarabağ” da bu gün ölkəmizi və Qarabağımızı çox gözəl təmsil edir. Hesab edirəm ki, cənab Prezidentimizin rəhbərliyi altında tezliklə Azərbaycanın bayrağı Ağdamımızda, Şuşamızda dalğalanacaq. O zaman da “Qarabağ” klubu öz sözünü deyəcək, dünya səviyyəli yarışlarda ən layiqli yerlərdən birini tutacaq. Həmin gün uzaqda deyil”.
HƏBİB