Sizin reklam burada

Kamal Bayramov zədəsini sağaldıb

Müəllif: football Tarix: 8-05-2020, 11:58 510 Baxış

“Məşqlər bərpa olunsa, 10 günə mən də komandaya qoşula biləcəm”
Azərbaycan çempionatının taleyi koronavirus pandemiyası səbəbindən qeyri-müəyyənliyini qoruyur. Karantin müddətinin uzadılmasının ardından cari mövsümün davam edəcəyinə dair ümidlər xeyli azalıb. Futbolçular hər fürsətdə oynamaq, mübarizəni meydanda davam etdirmək istədiklərini bildirsələr də, hadisələrin axarı bunun əksini göstərir. Halbuki vəziyyətin daha kritrik olduğu bir çox Avropa ölkələrində bəzi klublar artıq məşqləri bərpa edib. Ancaq təəssüf ki, bizim komandaların hazırlığa başlamasına icazə verilmir. Bu qədər fasilədən sonra premyer-liqanın necə davam edəcəyi, oyunçuların qarşılaşmalara nə cür köklənəcəyi də ayrı bir müzakirə mövzusudu.
Məsələ ilə bağlı növbəti həmsöhbətmiz “Səbail”in qapıçısı Kamal Bayramovdu. Bir müdətdi zədədən əziyyət çəkən qolkiperlə hazırkı durumu və ümumi vəziyyət barədə söhbət etdik.
- Fevralda ayğından əməliyyat olundun. Hazırda vəziyyət necədi?
- Təxminən 3 aydı zədəliydim. Uzun müddət müalicə olundum. İndi isə demək olar, tam hazıram. Cəmi 10 günlük proses qalıb. Bundan sonra tam yekunlaşacaq və artıq məşqlərə başlaya biləcəm. İndi də həkim nəzarətində müəyyən fərdi təmrinləri yerinə yetirirəm. Fiziki formamı bərpa etmişəm. Gələn həftədən qaçmağa da icazə veriləcək. Həkimlər mənə demişdi ki, 4 aydan sonra hazır olacaqsan. Məşqlər bərpa olunsa, 10 günə mən də komandaya qoşula biləcəm.
- Premyer-liqada təxminən iki aydı fasilədi. Səncə, mövsüm start götürərsə, bu məqam klublara necə təsir edəcək?
- İstər-istərməz hamıya mənfi təsir edəcək. Bərpa olunsa belə, heç kim əvvəlki premyer-liqanı görməyəcək. Çünki fiziki, psixoloji durum oyunçulara təsir edəcək. Ancaq nəzərə alaq ki, bütün dünyada eyni vəziyyətdi. Biz də gözləməyə məcburuq.
- Çempionat görüşlərinə tam hazır olmaq üçün komandalara nə qədər vaxt lazımdı?
- Belə deyək, yay fasiləsində hardasa komandalar bir ay istirahətdə olur. Daha sonra isə 10-15 günlük məşq dönəmi başlayır. Ancaq yenə də mövsümün əvvəlində bütün məşqçilər komandalarının tam formaya düşmədiyini deyirlər. İndi isə iki aydı fasilədi. Onlayn-məşqlər davam etsə də, bu nəsə demək deyil. Oyunçuların formaya düşməsi üçün minimum bir ay vaxt lazımdı. Bu vaxt da verilməyəcək. Cəmi iki-üç həftə zaman verilər. Bu da göstərir ki, komandalar əvvəlki çıxışı sərgiləyə bilməyəcəklər. Üstəlik, zədə riski artacaq, oyunlarda əvvəlki sürət olmayacaq. 90 dəqiqə dözümlülük azalacaq. Temp çox aşağı düşəcək.
- Karantin dönəmi uzadılıb. Çempionatın ləğvinə münasibətin necə olar?
- Mövsümün bərpası daha yaxşı olar. Hamı öz gücünü meydanda göstərər. Ancaq dövlət belə bir qərar versə, buna hörmətlə yanaşacağıq. Ümumilikdə isə bizdə durum o qədər də faciəvi deyil. Məncə, oynamaq olar. Bizdən də pis durumda olan ölkələr var. Onlarda məşqlər bərpa olunur, mövsümün başlaması haqda danışılır. Bizdə də davam edə bilər. Ancaq gərək yenə də deyilənlərə əməl edək. Maska taxmaq, spirtdən istifadə etmək və s. Bir çox insan bunlara laqeyd yanaşır. Ona görə də iki-üç gündü fəsadlarını görürük.
- Oyunların azarkeşsiz keçirilməsi ehtimalı da var...
- Bizdə azarkeşlər çox olmur. Məncə, fərq etməz, azarkeşli də, azarkeşsiz də oyunlar davam edə bilər.
- Hazırda “Səbail” 7-ci pillədədi. Yəqin ki hədəf sonuncu olmamaqdı...
- Açığı, çempionata pis başlamamışdıq. İlk dövrəni normal keçirdik. İkinci bir az yaxşı olmadı. İşlərin axarı yaxşıya doğru idi. Bizdən öndə olan komandalarla xal fərqi çox deyil. İki qələbə səni irəli apara bilər. Hətta bir turda “Zirə”yə qalib gəlsəydik, 4-cü pillədə olardıq. Düzdü, bizim heyətimiz gəncdi. Zədəlilərimiz və komandanı tərk edənlər oldu. Oyunçu baxımından Aftandil Hacıyevin seçim imkanı o qədər də geniş deyil. Digər klublarda 11-12 legioner var. Bu baxımdan rəqiblər bizi üstələyirlər. Ancaq yenə də bizdəki futbolçuları da aşağılamaq olmaz. Təcrübəli isimlər var, komandamıza güvənirik. Sadəcə, bir az psixoloji problemlər yaşadıq, maliyyə çətinliyimiz oldu. Mövsüm başlayandan bir neçə futbolçu komandanı tərk etdi. Ancaq sonra nisbətən toparlandıq.
- “Səbail”lə müqavilənin müddəti mövsüm sonuna qədərdi. Ayrılmaq ehtimalın var komandadan?
- Bu barədə heç kimlə söhbət olmayıb. Mən hazırda zədəmi sağaldıram. Sabah necə olacağını bilmirəm. Mənə mövsümün əvvəlində də, yanvarda da digər premyer-liqa klublarından təkliflər var idi. Ancaq bu şəkildə ayrılmaq, komandanı yarıyolda qoymaq mənim xarakterimə uyğun deyil. Belə futbolçular var, klubu yarıyolda qoyurlar. Amma məndə belə bir şey yoxdu. Mövsümün sonu nəsə olsa, bunu müzakirə edə bilərik. Hələlik heç mövsümlə bağlı heç nə bilinmir.
HƏSƏN
SON XƏBƏRLƏR