Sizin reklam burada

Nə mutlu son: legionerlərsiz çempionat!

Müəllif: football Tarix: 8-05-2020, 11:50 276 Baxış
Aprelin 27-də yaydığı məlumat Nazirlər Kabineti yanında Operativ Qərargahın mayın ilk günündə açıqladığı qərar üzündən sual altına düşəndən sonra Peşəkar Futbol Liqası dərin sükuta qərq olub. İndi hər kəsi düşündürən əsas sual bu qurumun mayın 25-nə qədər UEFA-ya ölkədaxili yarışların perspektivi ilə bağlı hansı variantları təqdim edəcəyidi. Əslində Azərbaycan kimi ölkələrdə futbolla bağlı yaranan problemlərdən çıxış yollarını axtarmaq prosesi özü də spesifik xarakter daşıyır. Lap Ramin Musayev və onun rəhbərliyi altında çalışanlar hansısa variantlar tapsalar da belə, hökumətin razılığı olmadan bunları reallaşdırmaq mümkünsüzdü. Və indi, bu gün – dövlət rəhbərliyi heç gözlənilməyən, daha ciddi xarakter daşıyan problemlərin həlli ilə məşğul olduğu vaxtda futbolun gələcəyinin bütövlükdə ölkənin həyatında Allah bilir neçənci dərəcəli əhəmiyyət daşıması da hər kəsə bəlli həqiqətdi.
Belə qeyri-müəyyənlik davam edincə müqavilə müddəti mayın sonunda bitəcək bəzi futbolçuların, xüsusən də legionerlərin ən azı deyinməyə başlayacağı da şübhə doğurmur. Əmir Ağayev İsrail mətbuatına narazılığını çatdırıb, bir azdan işsiz-gücsüz, bəlkə hətta pulsuz qalacaq başqa legionerlərin də solo yox, xor üslubunda çıxış edəcəyi istisna olunmur. PFL rəsmiləri hadisələrin yedəyində getməməli, karantin müddətinin götürülmə günü ilə bağlı ayrı-ayrı varianlara uyğun ehtimallarını açıqlamaqdan çəkinməməlidi. Bir daha vurğulayıram ki, ehtimallarını, daha qərarlarını və ya məlumatlarını yox. Onsuz da bu elə prosesdi ki, mövsümü vaxtından əvvəl bitirmək qərarı verilsə belə, söz sahibi PFL yox, AFFA İcraiyyə Komitəsi olacaq. Bu başqa məsələ ki, cəmi 37 oyunu qalan, bir aya ehtiyac duyan ölkənin futbol yarışlarını bitirməklə bağlı mümkün qərarı əsassız təsir bağışlamaqla yanaşı, azarkeşləri də xəyal qırıqlığına uğradardı.
Azərbaycan futbolu ilə bağlı maraqlı, hamıya bəlli olan gerçəklərdən biri də odu ki, legionerlər və yerli futbolçular üçün pula münasibət eyni dərəcədə həssas məsələ deyil. Yerli futbolçuları “sən öl-mən ölüm”lə lap bir neçə ay oynamağa məcbur etmək mümkündüsə, əcnəbi iki-üç dəfədən sonra, yumşaq desəm, dirsəyini göstərəcək. İnşallah, mövsüm davam edərsə, həlledici oyunlar iyula qalarsa, şəxsən mən ölkə klublarının turnir vəzifələrinin həllində istisnasız yerli futbolçuların əməyinə bel bağlamasını təsəvvür edə bilirəm. Gəlin razılaşaq ki, xoşbəxt olmasa da, orijinal sonluq olardı. Uzun fasilədən sonra məhz hansı komandanın yerli oyunçularının daha güclü olduğunu, belə heyətlə avrokuboklarda mərhələ adlamağın mümkün olub-olmadığını görərdik.
Təbii, yerli futbolçular arasında da istisnalar var. “Neftçi” kimi böyük klubun kapitan sarğısını daşıdığına görə son vaxtlar çox təəssüfləndiyim Emin Mahmudov kimi. Kapitan sarğısını daşıyan adamın lider özəllikləri, komanda yoldaşlarını arxasınca aparmaq, hər kəsin fərdi marağını kollektivin ümumi marağına tabe etdirmək bacarığı olmalıdı. Konkret nümunəyə baxaq və müqayisə edək. Rəşad Sadıqovun bircə sözü ilə yerli və əcnəbi – “Qarabağ”ın bütün futbolçuları 50 min manat pul yığıb, Koronavirusla Mübarizəyə Dəstək Fonduna ianə etdi. Belə məsələlərdə həssas davranmağa məcbur olan “Neftçi” kapitanı isə ötən həftə “Futbol+” əməkdaşının aprel ayının maaşından mümkün kəsilmə ilə bağlı sualını az qala süngü ilə qarşıladı. Azərbaycanlı, ciddi futbolçu keçmişinə malik birisi belə danışandan sonra Dabo, Jozef-Monroz və ya Mustivara maaşını azaltmağı təklif etsən, yerindəcə səni bıçaqlayar!
Sözümün canı nədi? Kapitan adının hökmü, o sarğının məsuluyyəti o qədər böyükdü ki, hər adam bunun altından çıxa bilmir. Emin Mahmudov ölkənin ən titullu klubunun kapitan sarğısını daşısa da, çox təəssüf ki, buna uyğun xarizmaya malik deyil. Mənim gözümə belə göründü, yaddaşıma da belə yazıldı. Əksini iddia edənlərlə də mübahisəyə hazıram.
SON XƏBƏRLƏR