Sizin reklam burada

Yığma üzvü Macarıstanı tərk etməyəcək

Baxış Sayı:356


“Bakıya nə vaxt uça biləcəyim bəlli deyil”
“Mövsümün bərpa olunmadan başa çatdırılmasının elan edilməsi yaxşı olmadı. Çünki hədəflərimiz var idi ki, onlara bu üzdən çata bilmədik” – bu sözlər voleybol millimizin üzvü Ayşən Abduləzimovaya məxsusdu. Doğum günü ilə bağlı çıxış etdiyi Macarıstan “Vaşaş”ının rəsmi saytına açıqlama verən voleybolçu sözlərinə belə davam edib: “Heç olmasa, Macarıstan kubokunda qalib gəldik. İndi evdə qaçır, məşq edirəm. Amma bu, topla oyunun və gündə iki dəfə məşqlərin yerini vermir. Ancaq biz durumu da qəbul etməliyik. Çünki bu, bütün dünyada belədi. İki reys ləğv olundu. Bakıya nə vaxt uça biləcəyim də bəlli deyil. Bu üzdən yayla bağlı hansısa planım yoxdu. Ailəmlə daha çox vaxt keçirmək istəyirəm. Burda üzərimə düşən təzyiq fərqlidi. Mən bu komandada yığmamı və ölkəmizi təmsil edirəm. Bu üzdən də klubumda çox yaxşı oynamalıyam. Çünki məsuliyyətim böyükdü. Çempionlar Liqasında mübarizə mənim üçün böyük təcrübə oldu. Ümid edirəm ki, payızda yenidən qayıdacağıq. “Koneqliano” ilə qarşılaşma daim hamının yaddaşında qalacaq. Yaxşı mövsüm keçirdim, oyunlarda və məşqlərdə bütün gücümü qoydum. Ümid edirəm ki, rəhbərlik və azarkeşlər də məndən razı qalıb. Kubokun finalında aldığım və bir neçə oyunu buraxdığım cüzi zədənin müalicəsi koronavirus üzündən yarımçıq qaldı. Evə qayıtmağı gözləyirəm ki, bunu yekunlaşdırım”.
Son iki mövsümü keçirdiyi “Vaşaş”la daha birillik anlaşan təcrübəli blokçu məmnunluğunu ifadə edib: “Son iki mövsümdə Macarıstan liqasının səviyyəsi çox yüksəlib. Oyunçular uzun müddətdi burdadı və zaman keçdikcə daha yaxşı oynayırlar. Hər iki mövsümdə yaxşı komandamız olub. Ümid edirəm ki, yeni çempionatda da vəziyyət dəyişməyəcək. Burda olmaqdan xoşum gəlir və “Vaşaş” ailəsinin nə olduğunu bilirəm. İlk andan personal və azarkeşlərin mehriban davranışına şahid oldum. Onlar möhtəşəmdilər. Komanda yoldaşlarımla çox yaxşı münasibətim var. Azarkeşlərin tezliklə bizi görəcəyinə ümid edirəm. Onların bizi necə dəstəklədiyini hələ də eşidirəm. Səbirsizliklə yeni oyunları gözləyirəm”.
“Vaşaş”ın baş məşqçisi Yakub Qluşak da Ayşənin növbəti mövsüm klubda qalmasından razılığını bildirib: “Son iki il göstərdi ki, komanda üçün nə qədər vacib oyunçudu. Ona daim güvənə bilərik. Biz gələcəklə bağlı çox danışdıq. Hiss etdim ki, uğurlara və inkişafa iddialıdı. Sevinirəm ki, onunla daha bir mövsüm işləyə biləcəyik”.

Oxşar xəbərlər
SON XƏBƏRLƏR